COVİD-19 ilə 5G texnologiyasının bağlılığı: simsiz rabitə virus yayırmı?- ARAŞDIRMA

12:21 29.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir neçə həftədir ki, Covid-19 virusunun yayılmasında 5G –nin rolu olduğunu deyirlər. Sosial şəbəkələrdə bununla bağlı hətta səs yazıları da yayılır.

5G texnologiyası nədir, onun iş prinsipi nəyə xidmət edir?

5G- 5-ci nəsil kabelsiz mobil texnologiya deməkdir. 5G texnologiyası tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə, 5G saniyədə 20 qiqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 qiqahers və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə  istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir. Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər.  Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəyini açıqlayıb. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.

5G texnologiyası Covid-19 yayırmı, bu iddialar necə başladı?

Bu xəbərlər Azərbaycana xarici KİV-dən sızdı. “BBC  News” də dərc olunan material işıq sürəti ilə yayıldı. Yerli mediada yer alan bu xəbərlər insanları narahat etməyə başlayıb. 5G haqqında söz-söhbətin qaynağı əsasən Perudan başlayır. Belə ki,  Perunun Huancavelica bölgəsindəki kəndlilər, 5G texnologiyasını quran 8 texniki işçiyə hücum edirlər və onları tuturlar. Daha doğrusu öz aləmlərində həps edirlər. Səbəb isə anlamadıqları 5G-nin Covid-19-u yaydığını düşünürlər. Bu şüphəyə ən çox səbəb isə simsiz olmasıdır. Və bununla da  5G-ni koronavirusla əlaqələndirən saxta iddialar internetdə geniş şəkildə paylaşıldı. Elm adamları 5G ilə koronavirus pandemiyası arasındakı bir əlaqənin bioloji cəhətdən mümkün olmadığını söyləyirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində bu haqda məlumat paylaşılıb. Bildirilir ki, radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

"COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz", - deyə məlumatda vurğulanıb.

5G texnologiyasının 3G, 4G -dən fərqi nədir və bu texnologiyanın tətbiqi təhlükəlidirmi?

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz hafta.az-a mövzu ilə bağlı danışarkən dedi ki, 5G texnologiyası məsələsi haqqında müzakirələr var idi, koronavirus pandemiyası başlayandan sonra məsələ daha da aktivləşdi:

“5G ilə bağlı xarici ölkələrdə də müzakirələr aparılırdı. Bununla bağlı institutlar araşdırmalar edirdi. Onlar hesabat apardılar ki, canlı aləm üçün, əsasən də insan üçün heç bir təhlükəsi yoxdur. Bunun yenidən publik müzakirəsinə ehtiyyac yoxdur. İnsanların immun sistemini dağıdacaq kimi anlayışlar, mülahizələr də səhvdir. 5G ilə bağlı böyük dövlətlərin böyük biznes maraqlarından irəli gələn iddialar, ortaya atılan fikirlərdir. Bu, həm də təhlükəsizlik məsələsidir. 5G-də iki amil gizlənib: təhlükəsizlik və biznes. Əvvəlki mobil texnologiyalardan, yəni 2G, 3G, 4G-dən fərqli olaraq, 5G elə bir texnologiyadır ki, burada yalnız fotonun, videonun daha sürətli ötürülməsi kimi məsələlərdən söhbət getmir. Burada söhbət ondan gedir ki, 5G texnologiyası harada qurulacaqsa, bu surət o dərəcədə güclü olacaq ki, bizim ətrafımızda olan hər bir şeyi əlaqələndirmək olacaq. Yəni, siz qaz sobasını, soyuducunu, paltaryuyan maşını elə internet vasitəsilə işlədəcəksiniz. Bu, ikinci bir real həyat deməkdir. Bir düymə ilə hər şeyi idarə etmək mümkün olacaq. Bu, artıq yeni bir dünyadır. Yəni bu real dünyada artıq təkcə insanlar yox, əşyalar da olacaq. Dövlətlər arasında da onun mübarizəsi gedir ki, 5G avadanlığı hansı ölkədə qurulacaq, burada kim söz sahibi olacaq, standartlar nə olacaq, hansı texnologiyalar bunun üzərində olacaq? Çünki 5G kimin texnologiyasının üzərində olacaqsa, söz sahibi də o olacaq. Məsələn, “Huavey” şirkəti ilə bağlı Amerikanın sanksiyalarının kökündə dayanan məsələ də məhz bu idi. “Huavey” şirkəti 5G ilə əlaqəli avadanlıqlar buraxırdı. Yəni Azərbaycan, Türkiyə, İran, Turan, Rusiya 5G texnologiyasına keçəcəyi halda “Huavey”in avadanlıqlarından istifadə etsin”.

Oxunma sayı 1865