DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

17:14 14.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılmışdır.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq".

Oxunma sayı 3833
Sosial rubrikasından digər xəbərlər