Dağlıq Qarabağ məsələsi ilə bağlı ümummilli konsepsiya olmalıdır - Millət vəkili

12:36 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ milli məsələdir. Təəssüf ki, vaxt keçir, problem həll olunmur, bu da əhalidə narazılıq yaradır. Millətin gələcəyi, şərəfi buna bağlıdır. Bu məsələ nə iqtidarın, nə də müxalifətin inhisarındadır. Bu, hamının mövzusudur”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bildirib ki, xüsusən Dağlıq Qarabağda son zamanlar baş verən erməni həyasızlığı hər kəsi düşündürməlidir: “Burada ümummilli konsepsiya olmalıdır. Ona görə də təklif edirəm ki, müvafiq qurumlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işlərlə bizi tanış etsin. Bunun üçün Milli Məclisdə ildə iki dəfə bizimlə görüşlər keçirilməlidir”.

“Bir neçə gündən sonra Ermənistanda 4 günlük aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, 90-ci illərdə 1-ci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirilmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi”.

Bunu isə Milli Məclisin plenar iclasında çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Z. Oruc deyib ki, Ermənistanda aprel döyüşlərindən sonra əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itiriblər. Serj Sarkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən gedib, eləcə də istintaqa çağırılıblar. MDB Kollektiv Təhlükəsizliyinə 2017-də baş katib təyin olunub bir il sonra vəzifəsindən çıxarılan Yuriy Xaçaturov da izahata çağırılanlar sırasındadır: “İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı Aprel müharibəsinə görə cəza tələb edir. Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin 4 günlük müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmagla bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistanın inqilabi hakimiyyəti aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvanın bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi hədəfi vurma məsafəsi 120 km olan müasir reaktiv qurğular, “Kaplan”, “Kasırğa” və sair raket qurğularının təhlükəsi haqda silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirilməsi ilə Azərbaycan prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi istintaqının hər bir sətrini, hər bir hərəkətini öz həyati mənafeləri üçün izləməlidir”.

Oxunma sayı 1290
Siyasət rubrikasından digər xəbərlər