Nəqliyyatı İntellektual İdarəetmə Sistemi dekabrda işə düşəcək

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ziya Məmmədov: “ABŞ-dan beyin mərkəzi almağımız üçün NATO-dan xüsusi icazə verilib“

Paytaxtın yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması, yeni yol-ötürücülərinin, körpü, tunel və piyada keçidlərinin inşası əhalinin sosial həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdəndir. Son illər yol-nəqliyyat sisteminin idarə olunmasında informasiya kommunikasiya texnologiyalarının tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib. Yeni texnologiyaların tətbiqi nəqliyyat vasitələrindən istifadə edən əhalinin təhlükəsizliyinin təminatında, paytaxt yollarında hərəkətə nəzarətin təşkilində, tıxac problemlərinin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də 2008-ci ildə Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin (NİİS) tətbiqi ilə bağlı Koreyanın “SK C&C Co. Ltd“ şirkəti ilə razılıq əldə olunub. Paytaxtda Bakıda Nəqliyyat Əməliyyatlarını İntellektual İdarə Edilməsi Sistemi (NƏİİES) layihəsi hazırlanıb və icrasına başlanılıb. 2009-cu ilin aprelindən başlayaraq layihə çərçivəsində Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) tikintisi həyata keçirilir. Artıq nəzərdə tutulan işlərin böyük əksəriyyəti reallaşıb. Bununla bağlı jurnalistlərə açıqlama verən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov dedi ki, Azərbaycan paytaxtında NİİS bu ilin dekabr ayında işə düşəcək. Onun sözlərinə görə, sistem hələlik Bakı şəhərini, sonrakı mərhələlərdə isə Abşeron rayonunu və ölkənin digər ərazisini, o cümlədən magistral yolları və rayon-şəhər mərkəzlərini əhatə edəcək: “Bu sistemin sonrakı mərhələlərdə genişləndirilməsi üçün əlavə vəsaitə ehtiyac olmayacaq. Çünki sistemin indiki texniki imkanları bütün ölkəni əhatə etməyə imkan verir. Sistemin ən yüksək texnologiyalar əsasında hazırlanmış beyin mərkəzi ABŞ-dan alınıb. Bunu almaq üçün hətta NATO-dan xüsusi icazə alınıb. Azərbaycan tərəfi təminat verib ki, bu sistem başqa ölkələrə ötürülməyəcək. Layihə çərçivəsində şəhərin təhlükəsizliyi sahəsində də ciddi işlər görüləcək.
Artıq bir aydan sonra şəhərdə hərəkət edən istənilən şəxsi sistemin operatorlarını görə biləcəklər. Bu isə cinayətkarlığın azalmasına müsbət təsir edəcək“

Nəqliyyat Nazirliyinin yeni binası tikiləcək

Nazir qeyd edib ki, NİİM-in 5 mərtəbəli inzibati binasında server və 18 şəbəkə avadanlıqları quraşdırılıb. Mərkəzdə ümumi sahəsi 120 kvadratmetr olan böyük monitor, 6 fasiləsiz elektrik qida mənbəyi yaradılıb. İkinci mərtəbədə intellektual idarəetmə, server və iclas otaqları yerləşir. Binada ayrıca konfrans zalları, perspektiv layihələr və digər inzibati kabinələr yerləşir: “İntellektual idarəetmə zalında quraşdırılan 600 rəqəmsal görüntünü özündə əks etdirən böyük monitor dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan ən böyük monitordur. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, 2 min avtobusun idarə edilməsi haqqında məlumat, 192 kamera görüntüsünün eyni vaxtda göstərilməsi həyata keçirilir. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub. Bakı NİİS vasitəsilə Nəqliyyat Nazirliyinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin yaradılmasına və genişləndirilməsinə də imkan yaradır. Cinayətkarlığın qarşısının alınmasında NİİM Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. DİN-nin 600 kamerasındakı görüntülər də mərkəzin monitorinqinə birləşdirilir. Dayanacaqlarda qoyulan Koreya istehsalı olan Avtobus İnformasiya Terminalı avtomaşınların hərəkət qrafiki, dayanacağa çatma müddəti barədə məlumat almaq üçündür. Burada dayanacaqda dayanan bütün marşrutların hərəkət qrafiki də göstərilir. İşıqforların idarə edilməsi avadanlığı da yollarda hərəkətin tənzimlənməsinə xidmət edir. Gələcəkdə nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını xeyli artıracaq. Burada da Koreya istehsalı olan avadanlıq tətbiq olunacaq. NİİM-in yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi də nəzərdə tutulub“.

“Avtobusların salonlarında kameraların quraşdırılması nəzərdə tutulur“

Z.Məmmədov vurğulayıb ki, ölkə üzrə NİİS 3 mərhələdən ibarət olacaq və bu sistemin hazırda birinci mərhələsi Bakı şəhərinin əsas küçə və prospektlərini əhatə edir. Bu proses 2-ci mərhələdə 2200 kvadrat kilometr sahədə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün ərazisində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcək. Birinci mərhələdə Bakıda NİİS avadanlığının quraşdırılması artıq yekunlaşıb: “NİİS üçün paytaxt ərazisində 450 km uzunluğunda müstəqil elektrik xətləri, 320 km uzunluğunda isə fiber optic rabitə xətləri çəkilib. Nəqliyyatın axını haqqında informasiyanın toplanması və tıxacların azaldılması məqsədilə siqnal sistemlərini idarə edilməsi məqsədilə paytaxt ərazisində 150 nəzarət sisteminin yaradılması həyata keçirilir. Avtomobilləri Video Aşkarlayıcı Sistem vasitəsilə yollardakı vəziyyətin real təhlil edilərək Mərkəzi Monitorda əks olunması üçün 326 sistem qurulur. NİİS-in əsas xüsusiyyətlərində biri də müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidə olunması, nəqliyyat vasitələrinin yolda sıradan çıxması, qəzanın baş verməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün 60 müşahidə kameraları yerləşdirilib. Yollarda vəziyyətin qrafik şəkildə sürücülərə ötürülməsi üçün isə 48 elektron məlumat tablosu qurulub. Paytaxtda tıxac probleminin əsas səbəblərindən biri kimi göstərilən avtomobillərin qanunsuz yerlərdə saxlanılmasının aradan qaldırılması məqsədilə Bakıda 44 yerdə nəzarət sistemi quraşdırılacaq. Bakı NİİS-də avtobusların eyni vaxtda izlənməsi və avtomaşının hansı məkanda olmasını müəyyən edən avadanlığın quraşdırılması da həyata keçirilir ki, ilkin mərhələdə 2 min avtobusun bu sistemlə təchizatı nəzərdə tutulub. Gələcəkdə ictimai nəqliyyatda cinayətkarlıq və digər kriminal halların qarşısının alınması üçün avtobus salonunda da kameraların quraşdırılması nəzərdə tutulur. Koreyalı mütəxəssislər informasiya texnologiyaları, proqram təminatı, server sistemi və digər məsələlərdə Bakı şəhərində yaradılacaq NƏİİES-nin ən müasir standartlar səviyyəsində olduğunu bildirirlər“.
Təbriz Vəfalı