Daha bir möhtəşəm festival başa çatdı “JARA”

14:49 29.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sea Breeze Resort”da keçirilən "Jara-2019" musiqi festivalı xoş anlarla yadda qalıb. 

Hafta.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında olub.
Festivalda ənənəyə uyğun olaraq iştirakçılar qırmızı xalı üzərindən keçib. Xalı üzərindən keçən iştirakçılar festivalın yüksək səviyyədə təşkilindən və Bakıda olmalarından məmnunluqlarını ifadə ediblər. Onlar festivalı bütün il ərzində səbirsizliklə gözlədiklərini söyləyib, Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə bundan sonra da iştirak edəcəklərini bildiriblər.


Bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edib. Festival çərçivəsində ötən il çəkilən “Odnajdı na Jare” filminin ulduzlar üçün təqdimatı da təşkil edilib. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb. “Jara-2019” festivalının hazırlıq işlərinə həmişəki kimi təxminən bir il vaxt sərf olunub.


Yeri gəlmişkən qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Festivalda Emin Ağalarov, Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lorak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Zülfiyə Xanbabayeva, Aygün Kazımova, Çingiz Mustafayev, A’Studio, NK, MONATIK, Artik & Asti, Mozgi, Qlyuk’oza, Vremya & Steklo qrupları və başqaları çıxış edib.
Dörd gün ərzində əsl musiqi bayramı yaşanıb. İştirakçılar etiraf ediblər ki, çox festivalda iştirak etsələr də “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir. Festival çərçivəsində bir çox ünlü sənətçinin yaradıcılıq gecələri də təşkil olunub.
Festival boyu dünyaca məşhur estrada ulduzlarının ifaları ilə müşayiət olunan xoreoqrafik səhnəciklər, fərqli dekorasiyalar, işıq və lazer şousu təqdim edilib. İfaçılar festival boyu öz repertuarlarında hit mahnıları səsləndiriblər.
“Jara-2019” musiqi festivalının iştirakçısı Rusiyanın Xalq artisti Filipp Kirkorov deyib: “Jara” Beynəlxalq Musiqi Festivalı digər musiqi layihələrindən yüksək təşkilatçılıq səviyyəsi ilə seçilir. Budəfəki “Jara” festivalında əsl şou ilə çıxış edirəm. Bu, izləyicilərin uzun müddət yaddaşında qalacaq. Bundan əlavə, payızda mənim növbəti solo konsertim baş tutacaq.
“Jara” festivalının təşkilatçılarından biri, “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov isə festivalla bağlı fikrilərini belə ifadə edib: “Jara” Beynəlxalq Musiqi Festivalı həm də Azərbaycanda turizmin inkişafına xidmət edir. Düşünürəm ki, bu, çox yaxşıdır. Bakıda beynəlxalq mədəniyyət, idman yarışlarının keçirilməsi şəhərə bütün dünyadan turistləri cəlb edir. Ümid edirəm ki, Bakı turistik bir mərkəzə çevriləcək. Bizim çoxlu planlarımız var. Növbəti il “Jara” festivalının yubileyini qeyd edəcəyik. Tamaşaçıları yeni sürprizlər gözləyir. Bizi, həmçinin musiqi birləşdirir. “Jara” festivalı xalqlarımız arasında körpü rolunu oynayır”.

Belə misalların sayını çox gətirmək olar, əsas odur ki, “Jara” sözün əsl mənasında həm musiqiçilər, həm də dinləyicilər arasında bir istilik, doğmalıq yarada bilib.
Qeyd edək ki, ildən-ilə coğrafiyası genişlənən bu festivalın növbəti ildə Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi nəzərdə tutulur.
Gələn il festivalın 5 yaşı münasibətilə həmin gün beynəlxalq gün elan olunacaq. Burada rusiyalı müğənnilərlə yanaşı, Türkiyə, Amerika və digər ölkələri təmsil edən musiqiçilərin iştirakı ilə təqdimatlar keçiriləcək, konsert təşkil olunacaq.