“Daha deputat olmaq istəmirəm” – Ağacan Əbiyev

13:40 08.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Budəfəki müsahibim 20 il millət vəkili olmuş SSRİ idman ustası Ağacan Əbiyevdir. Onunla söhbətimiz siyasi qərarlarından idman sahəsindəki gözləntilərinə qədər uzandı. Deyir ki, bu dəfə namizədliyini irəli sürməyəcək. Deputat olmaq istəmədiyini söyləyir. Özünəməxsus səbəbləri də var.

Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev hafta.az-a müsahibəsində onu da bildirdi ki, 80 yaşından sonra da deputat olmaq istəyən həmkarlarının qərarına hörmətlə yanaşır.

-Ağacan müəllim, bu dəfə də namizədliyinizi irəli sürəcəksinizmi?

-Xeyr, irəli sürməyəcəyəm. Bu haqda qərarımı bir-iki ay bundan əvvəl vermişəm.

-Bəs bundan sonra hansı işlə məşğul olacaqsınız?

-Bundan sonrakı fəaliyyətimi Boks Federasiyasında və Milli Olimpiya Komitəsində davam etdirəcəyəm. Olimpiya Komitəsində baş katibəm. 20 ildir bu vəzifədəyəm. Eyni zamanda, Boks Federasiyasının birinci vitse-prezidentiyəm.

-Milli Məclisə namizədliyinizi özünüz vermədiniz, yoxsa YAP-dan buna gərək duyulmadı?

-Yox, özüm. Mən nə qədər qoca olsam da, uzaqgörən oğlanlardanam (gülür). Mən artıq iki ay əvvəldən bildirdim ki, növbəti seçkilərdə Milli Məclisə namizəd olmayacağam. Çünki gənclər, cavanlar var. Çox enerjilidirlər. Birincisi, mən 20 ildir Milli Məclisdəyəm. İkincisi, yaşım 80-i keçib. Adamda da gərək həya-abır olsun. Demişdim ki, seçkiyə getməyəcəyəm. Bu da təbiidir. Yol gənclərindir. Mən anadan olanda alnıma ömrümün sonuna kimi deputat olmaq yazılmayıb. Mən Milli Məclisə olimpiya və idman hərəkatının nümayəndəsi kimi seçilmişdim. Maşallah, gül kimi kadrlarımız var. Onlar da bu sahədə işləməlidir.

-Ağacan müəllim, sizdən fərqli olaraq 80 yaşdan yuxarı həmkarlarınız var ki, onlar bu dəfə də parlamentdə oturmaq üçün namizədliklərini irəli sürüblər. Onlar haqqında nə deyə bilərsiniz?

-Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Hər kəs öz qərarını verir. 13 yaşında idmana başladım. 20 yaşında SSRİ idman ustası adını qazandım. Bilirsiniz, hər şeyin zamanı var. 30 yaşına qədər bokslaşmışam. Axırıncı dəfə 1967 –ci ildə sonuncu dəfə rinqə çıxdım. Bunları elə-belə demirəm. Sözümün canı var. İdmançılar fiziki cəhətdən sağlam olurlar. Fiziki və ruhi sağlamlığım imkan verdi ki, 80 yaşına qədər deputat olum. İndi elə adamlar var ki, idmançı olmasalar da çox sağlam və gümrah görünürlər. Eyni zamanda, fiziki göstəricilərin yaxşı olması idmanla bağlı deyil. İnsandan asılıdır. Elə adam var ki, 50 yaşındadır. Deyirsən ki, yaşlaşıb. Qocalıb. Eləsi də var ki, 80 yaşında cavan oğlandır. Həm də bizim kodeksimizdə 80 yaşından sonra deputat olmamaq anlayışı yoxdur. Qanunda da belə bir müddəa görməmişəm. Yoxdur. 18 yaşından yuxarı hər kəs deputat ola bilər. 18-dən yuxarı hər yaşda deputat olmaq mümkündür. Əgər belə bir qayda yoxdursa, deməli, burada  qeyri-qanuni heç nə yoxdur. Deputatlığa namizədliyini irəli sürən həmkarlarım da özlərinə əmindirlər. Onlar bilirlər ki, vəzifələrinin öhdəsindən gəlməyi bacaracaqlar. İnsan qocalanda ona –qocasan, get- demək onu öldürmək kimi bir şeydir. Elə deməkdənsə, öldürün canı qurtarsın. Olmaz. Bu cür yanaşma yanlışdır. Hesab edirəm ki, təcrübəsi çox olanlar təcrübəsi az olan insanlara dəstək olmalıdır.

-Bu il Tokioda növbəti Yay Olimpiya oyunları keçiriləcək. Gözləntiləriniz nədir?

- Hələ ki, gözləyirik. Çünki lisenziya yarışları başlamayıb. Bir aya kimi başlayacaq. Lisensiyaları əldə edəndən sonra bu barədə danışmaq olar. Hələlik lisenziyaların kimlərin alacağını, idmançılarımızın rəqiblərinin kimlərin olacağını bilmirik. Bunlar bəlli olandan sonra bu barədə nəsə danışmaq mümkündür. Hələ heç nə məlum deyil. Komanda yarışlarında uğurlu iştirak etməliyik. Əsas hədəfimiz budur. 4-5 və 6-7 lisenziya qazansaq, boksçularımızın səviyyəsinin nə yerdə olacağını görəcəyik. Kimin hansı medal qazanacağını yalnız bundan sonra müəyyənləşdirmək olar. Bunun üçün bir ay gözləmək lazımdır. Kimin qızıl, gümüş və bürüncə iddialı olduğu qənaətinə bundan sonra gələ biləcəyik.

-Ağacan müəllim, çoxdan gözlənən həsrət bitəcəkmi? Boks üzrə olimpiya qızılı əldə edə biləcəyikmi Tokioda? Azərbaycan müstəqillik qazanandan boksda qızılımız yoxdur. Bu olmpiadada boks üzrə olimpiya tariximizin ilk qızıl sevincini yaşaya biləcəyikmi?

- Məgər müstəqillikdən əvvəlki dövrdə olimpiya qızılımız olub ki? Olmayıb axı. Ondan əvvəl bizim boksçular heç olimpiadada iştirak etməyiblər. Çünki SSRİ komandası olimpiya oyunlarında iştirak edərkən mən də həmin idmançıların içində olmaq şərti ilə bizim boksçulardan heç kim həmin yığmaya düşə bilməmişik. Ona görə ki, bizim boksçular SSRİ boks yığmasına düşmək üçün gərək öncə 15 ölkənin komandaları ilə görüşüb çempion olmalı idi. Bizdə də SSRİ çempionu olmadı. İkinci, üçüncü yerlərim var. Biz müstəqillik qazanandan sonra müstəqil komanda kimi olimpiya oyunlarına qatıldıq. Gümüş medalımız oldu. Bürünc medallarımız var. Amma hələ ki, qızıl medal qazana bilməmişik. İdmanda qabaqdan danışmaq düzgün deyil. Bu il qızıl əldə edib-etməyəcəyimizi indidən deyə bilmərəm. Çünki kimlərin və nə qədər lisenziya əldə etməsinə baxacağıq.