“Davos Forumu Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır” – Vüqar Bayramov

15:12 22.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Ölkə rəhbərinin Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Vüqar Bayramov bildirib ki, Azərbaycan hər zaman Davos İqtisadi Forumuna əhəmiyyət verib. Bu, prezident İlham Əliyevin nümayəndə heyəti ilə forumda iştirakı ilə nümayiş olunub: “Davos yeganə iqtisadi forumdur ki, dünyanın çoxlu sayda dövlət, hökumət və aparıcı şirkətlərinin rəhbərlərini bir araya yığır. Bu baxımdan dünya liderləri, böyük şirkətlərin rəhbərləri, ekspertlər və aparıcı media qurumları forumun kifayət qədər ciddi tribunaya çevrilməsinə səbəb olub. Azərbaycan da bu tribunadan istifadə etməyə çalışır”.

Vüqar Bayramov qeyd edib ki, prezident İlham Əliyevin Davosda şirkət rəhbərləri görüşlər keçirməsi əlaqələr baxımından mühüm əməliyyətə malikdir: “Bundan öncəki forumlarda Azərbaycan prezidenti bir neçə şirkətin rəhbərini ölkəmizə dəvət etmişdi. Müəyyən müddətdən sonra bu şirkətlər Azərbaycanda fəaliyyətə başladılar. Bu baxımdan Davos əhəmiyyətli forumdur. Builki Davos İqtisadi Forumu isə daha əhəmiyyətlidir. Çünki, post-neft dövrüdür. Azərbaycanın xarici investisiyalara ehtiyacı var. Ona görə də Azərbaycan xarici sərmayələrin ölkəyə dəvət edilməsi üçün bu tribunadan yararlanır.Azərbaycan prezidenti Davosda ikitərəfli və çoxtərəfli görüşlər keçirir. Eyni zamanda forumun internet səhifəsində prezident İlham Əliyevin məqaləsi yayımlanıb. Bu, çox əhəmiyyətli məsələdir. Nəticə etibarı ilə Davos Forumu Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Azərbaycanın forumda ən yüksək səviyyədə təmsil olunması göstərir ki, ölkəmiz bu imkandan yetərincə yararlanmağa çalışır və müsbət nəticələrə nail olmaq niyyətindədir”.

Oxunma sayı 132