“Davos forumu Azərbaycanın dünyaya tanıdılması baxımından əhəmiyyətlidir” - Ekspert

18:12 21.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Hər il bu vaxt ənənəvi olaraq keçirilən Davos Forumu dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəlməsi, o cümlədən, müxtəlif beynəlxalq maliyyə, iqtisadi qurumlarının, həmçinin, iri şirkət nümayəndələrinin bir məkana toplaşmağı baxımından çox əhəmiyyətlidir. Bu, dünya iqtisadiyyatının real mənzərəsinə baxış keçirtmək və qiymətləndirmək, bir sıra prosesləri dəyərləndirmək, bazarlarda mövcud durumu dilə gətirmək, müvafiq təhlillər aparmaq, yaxın və orta perspektiv üçün proqnozlar verməyə imkan açır”. Bunu hafta.az-a açiqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert vurğulayıb ki, hər bir ölkənin iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir: “Heç bir ölkə təcrid edilmiş vəziyyətdə inkişaf edə bilməz. Odur ki, ölkələrdə həyata keçirilən iqtisadi və maliyyə siyasəti nəzarətdə saxlanılmalı, təhlil olunmalıdır. Bu, xüsusən də, böyük ölkələrə aiddir. Dünyanın iqtisadi cəhətdən aparıcı ölkələri həm daxillərində, həm də öz aralarında qeyri-düzgün siyasət yürütsələr, bu, mütləq qlobal böhrana və bütün ölkələr üçün mənfi təsirlərə gətirib çıxara bilər. Odur ki, təkrar edirəm ki, belə görüşlər və tədbirlər olduqca vacibdir. Burada irili-xırdalı, böyük səlahiyyətli və məhdud imkanlı, zəif təsirli bütün tərəflər bir araya gəlir. Bu mənada, deyərdim ki, Davos toplantısının analoqu yoxdur. Təbii ki, Azərbaycanın hər il bu forumda iştirakı ölkəmiz üçün müsbət dvidentlər qazandırır. Düzdür, Azərbaycan kiçik ölkədir, dünya iqtisadiyyatında çox cüzi paya sahibdir. Ancaq olduqca mühüm bir regionda yerləşir, böyük siyasi və iqtisadi nüfuza sahibdir. Dövlət başçımızın yürütdüyü siyasət nəticəsində ölkəmiz öz əhəmiyyətini demək olar ki, bütün aparacı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü şəkildə sübut edib. Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır, mərkəzdir. Belə ki, bu sferada zəngin infrastruktura sahibdir. Neft ölkəsidir, eyni zamanda, qeyri-enerji sektorunun inkişaf etdirilməsi və buradan yüksək məbləğdə qazanc əldə etmək üçün böyük potensiala malikdir. Odur ki, ölkəmizə böyük investisiya marağı vardır. Prezident İlham Əliyevin bu forumda iştirakı həmin maraqların düzgün qiymətləndirilməsinə, seçilməsinə və istiqamətləndirilməsinə imkan verir. Eyni zamanda, dövlət başçısı beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin, iri və məşhur şirkət və bank nümayəndələri, siyasi elita təmsilçiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda görülən işlər, mövcud iqtisadi durumu nəzərə çatdırır, əməkdaşlıq imkanları, istiqamətləri və perspektivləri müzakirə və müəyyən edilir. Digər tərəfdən, builki forumun bir əhəmiyyəti də ondan ibarətdir ki, Avrasiya regionu ölkələrinin iqtisadi, siyasi və s. problemləri ilə bağlı mövcud vəziyyət nəzərdən keçiriləcək. Sözsüz ki, Avrasiya dedikdə Azərbaycansız bugünkü regionu təsəvvur etmək mümkün deyil. Çünki Azərbaycan regionda coğrafi baxımdan mühüm ərazidə yerləşməklə yanaşı, həm də beynəlxalq əhəmiyyətli layihələrin müəllifi və icraçısıdır. Bu baxımdan iri şirkətlər Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Hesab edirəm ki, Azərbaycan da builki foruma yeni təkliflərlə gedib. Ona görə də bu forum həm Azərbaycanın dünya ölkələrinə bir daha tanıdılması, həm də yeni əməkdaşlıqların yaranması baxımından əhəmiyyətli olacaq”.

Oxunma sayı 72
Gündəm rubrikasından digər xəbərlər