Davos görüşləri – Azərbaycan bu müzakirələrdən nə qazanır? - TƏHLİL

14:48 23.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyəsət nəticəsində Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edir. Bir çox beynəlxalq əhəmiyyətli layihələrin həm müəllifi, həm də icraçısı olan ölkəmiz aparıcı dünya dövlətlərinin, nüfuzlu qurumların diqqət mərkəzindədir.

Hazırda Azərbaycan aparıcı ölkələrlə, nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Dünya İqtisadi Forumu ilə geniş şəkildə əməkdaşlıq edir. Bu isə ölkəmizin dünya ictimaiyyətinə tanıdılması, beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından vacib addım sayılır. Qeyd edək ki, beynəlxalq aləmdə çox nüfuzlu Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün müxtəlif transmilli media qurumları tərəfindən birbaşa nümayiş etdirilir. Forum müddətində transmilli korporasiyaların rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır. Düzdür, iqtisadi xarakter daşımasına baxmayaraq, hər il keçirilən Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Sözsüz ki, bu gün Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən qlobal xarakterli transmilli layihələrin əhəmiyyəti və nəticələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Respublikamız həmçinin ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla davam etdirir, yeni əməkdaşlıq platformaları yaratmaqla regional və beynəlxalq işbirliyinə, təhlükəsizliyə müstəsna töhfələr verir. Bununla yanaşı, ayrı-ayrı beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsi üçün strateji platforma olan Davos İqtisadi Forumunda da iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə hər il iştirakı isə dövlətimizin böyük nüfuz sahibi olmasının göstəricisidir.

Ümumiyyətlə, hər il keçirilən ənənəvi Forumda Azərbaycan ən yüksək səviyyədə və müvəffəqiyyətlə təmsil olunur. Yəni ölkəmizin bu platformada da nüfuzu olduqca yüksəkdir. Məhz Dünya İqtisadi Forumunun 2013-cü il aprelində Bakıda keçirilməsi bunun bariz nümunələrindən biridir. Xatırladaq ki, həmin Forum Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq adı altında baş tutmuşdu, dünyanın diqqət mərkəzində olan, strateji əhəmiyyətli Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi vəziyyətin dünyanın digər regionlarına təsiri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunmuşdu. Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən isə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara verilən yüksək qiymətin ifadəsi idi.

Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev Forumda müxtəlif televiziya kanallarına müsahibəsi və müzakirələrdə çıxışı zamanı həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyir. Eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyətini diqqətə çatdırır. Prezident İlham Əliyevin Davosda transmilli şirkətlərin təsisçiləri və sədrləri ilə bir sıra mühüm görüşlər keçirməsi də Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafı kontekstində böyük əhəmiyyətə malikdir. Şübhəsiz ki, bütün bunlar Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir.

Yeri gəlmişkən, bu il Davos İqtisadi Forumunun rəsmi saytında növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqaləsi yerləşdirilib. “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqalədə ölkə Prezidenti qeyd edib ki, Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir: “Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir. Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu Forumun İllik Toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir. Bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb”.

Dövlət başçısı vurğulayıb ki, 2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub: “Bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb. 2019-cu ildə həmin hesabatda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” üzrə 25-ci, “Yolların keyfiyyəti” üzrə 27-ci yerdə qərarlaşıb. Bəs bu necə oldu? Ölkənin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı xarici və yerli investisiyaların cəlb olunması ilə mümkün olub. Lakin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təkcə kapital hesabına olmayıb, burada əməkdaşlıq da önəmli rol oynayıb. Forum çərçivəsində əməkdaşlıq Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin önəmli aktoruna, beynəlxalq nəqliyyat qovşağına çevirib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşaraq 2017-ci ilin oktyabr ayından istifadəyə verilib. Bu, Asiya ilə Avropanı ən qısa yolla birləşdirən davamlı nəqliyyat dəhlizidir. Bundan başqa, Xəzərdə ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilərək 2018-ci ilin may ayında istifadəyə verilib”.

Ölkə Prezidenti əlavə edib ki, 2014-cü ildən başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatları daha da sürətləndirib: “2016-ci ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qəbul edilib, struktur və kadr islahatları həyata keçirilib, ölkədə biznes mühitinin yaxşılaşması üçün ciddi addımlar atılıb. Nəticədə, Azərbaycan “Doing Business 2020” hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşmaqla, “Kreditin əlçatanlığı” üzrə 1-ci yeri, “Biznesə başlama” üzrə 9-cu yeri, “Müqavilələrin icrası” üzrə isə 28-ci yeri tutub. Əlavə olaraq, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu Razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradacaq. Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək”.