“Daxildəki bəzi radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər” – Qənirə Paşayeva

11:25 21.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“İcazəsiz keçirilən küçə yürüşü, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışlar edilməsi kimi bəzi radikal müxalif qüvvələrin təxribat addımlarının Prezident İlham Əliyevin Soçidə Valday beynəlxalq diskussiya klubunda, Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı verdiyi sərt bəyanatlardan, Türk Şurasının möhtəşəm zirvə toplantısında verdiyi önəmli məsajlarından, cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf etməsi əslində təsadüf kimi görünmür”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Müxalifətin icazəsiz keçirməyə cəhd göstərdiyi mitinqlərə toxunan millət vəkili qeyd edib ki, Azərbaycanın inkişafında maraqlı olmayan, ölkəmiz əlehinə fəaliyyət göstərən bəzi xarici dairələr daha da fəallaşıb: “Daxildəki bəzi radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Siyasi düşüncələrimizdən asılı olmayaraq bu gün hamımız dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Düşməninin dəyirmanına su tökən addımlardan hər bir azərbaycanlı uzaq olmalıdır. Mitinq, piket və yürüşü icazə verilən yerlərdə keçirə bilərdilər. Şəhər mərkəzində, əhalinin sıx olduğu yerlərdə qanunsuz küçə yürüşünə cəhdin arxasında dayanan marağı anlamaq çətin deyil. Təəssüf... Amma insanlarımızın əksəriyyəti bu gün cənab Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək ölkəmizin inkişafı üçün ona dəstəyini yüksək səslə ifadə edir və heç bir xarici qüvvə və onların daxildəki tərəfdarları bu kimi addımlarla heç bir şeyə nail ola bilməzlər. Allah Azərbaycanımızı qorusun hər zaman!”.

Qeyd edək ki, Milli Şura və AXCP tərəfdarları oktyabrın 19-da icazəsiz aksiya keçirməyə cəhd göstərib. Sərbəst toplaşmaq haqqında qanunun tələblərini pozan bir sıra aksiya iştirakçısı saxlanılıb. İzahatları alındıqdan sonra onların bir çoxu sərbəst buraxılıb.

Siyasət rubrikasından digər xəbərlər