“Dəb ömrünün ən rahat illərini yaşayır” - Müsahibə

18:01 13.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moda olduqca geniş anlayışdır. Onun bütün dövrlərdə insanların həyatına böyük təsiri olub.

Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Bəs görəsən, 2020-ci ilin dəbi necə olacaq?

Hafta.az-ın budəfəki müsahibi modelyer Aynur Xəlilovadır.

-Aynur xanım, sizcə, dəb nə deməkdir?

-Dəb bütün xanımları maraqlandıran bir mövzudur. Həyatımızın mərkəzi dəbdən ibarətdir. Bu, məgər hər şeydirmi? Əlbəttə ki, deyil. Dəbi izləmək lazımdırmı? Çox az da olsa, dəbi izləmək vacibdir. Dəbi Azərbaycandan və bütün dünyadan olan dünyaca məşhur markaların kreativ direktorları idarə edir. Biz onların xəyal dünyasından asılıyıq. Dəbdə olan detalları moda nümayişlərində görüb,  kolleksiyamıza öz fikirlərimizlə, ideyalarımızla birlikdə əlavə edirik. Nəticədə isə ortaya dəbli geyimlər çıxır.

-İl başlayandan insanları maraqlandıran məsələlərdən biri də dəbdir. Bəs 2020-ci ilin dəbi və trendləri necə olacaq?

-2020-ci ildə parçaların fəsil anlayışı qalmayıb. Demək olar ki, bütün mövsümləri qarışdırırıq. Qışda qısaqollu geyinməzdik, amma indi çəkmələrlə geyinmək olar. Tüllər, cakartlar, trapelər dəbdədir. Çox dekoltə modda deyil. Daha şifon ilə olan sivil geyimlər dəbdədir. 2020-ci ilin gündəlik geyimlərində isə yun şalvarlar, dama-dama printlər, heyvan dəriləri istifadə oluna bilər. “Over size” olan geyimlər çox dəb halına gəlib. Siz, hətta kişi paltarını belə cins şalvar ilə kombin edib geyinə bilərsiniz. Biz artıq  kişilərin qardirobundan istifadə edirik. Mən artıq keçmişəm. Hazırladığım geyimlərdə dekoltə olacaqsa da, mənim dəst-xəttim bir yerdə olmalıdır. Çox açıq-saçıq geyimlərin tərəfdarı deyiləm. Xanımların sadə geyinmələrini istəyərdim. İstər geyimdə, istərsə də vijazda qorxmadan görüntü əldə etsinlər. Təsəvvür edin, ziyafət geyimləri sifariş edirlər və məndən çoxdetallı, qaşlı, zərli paltarlar istəyirlər. Bu mənim həm öz tərzimə, həm də iş tərzimə ziddir. Müştərilərimi 4 il ərzində çox dəyişmişəm. Ona görə də xanımlara tövsiyəm odur ki, bütün trendlərdə sadə geyinsinlər. Şəxsən mənim diqqətimi sadə geyimli bir xanım çəkə bilər.

-Əvvəlki geyimlərlə müqayisədə indiki tərz geyimlər nə ilə fərqlənir?  

-Bilirsiniz, dəb indi elə bir hala gəlib ki, çox özbaşına olub. Əvvəllər kəskin qaydaları var idi ki, hər kəs buna riayət etməli idi. Məsələn, kəmərlə ayaqqabı, eləcə də çanta eyni rəngdə olmalıdır. İndi belə bir şey yoxdur. Tez-tez gündəlik həyatımızda hündürdabanlı ayaqqabılarıdan istifadə edirdik. İndi klassiki idman stili olan geyimlə qarışdırmışıq. Yəni dəb artıq insanlara sərf edəcək hala gəlib. Belə desək, dəb ömrünün ən rahat illərini yaşayır. Qışda sandal geyinmirdik, amma indi uzunqollu geyimlərlə biz sandalı kombinə edirik. Eləcə də qışda ağ rəng geyinməzdik, amma indi gündəlik qış paltolarımızı da kombinə edə bilərik. Keçmişlə müqayisədə indi eyni tonda geyinirik. Büsbütün ağ, qırmızı rənglə geyinməklə dəbli görünmək olar.

- Hansı model ayaqqabılar üstünlük təşkil edəcək?

- Ayaqqabıların formaları, qəlibləri bəllidir. Məsələn stilettolar, hündürdaban platformalar, çox nazik bant olan ayaqqabılar dəbdədir. Onların rəngləri hansı geyimə uyğun gələrsə, trend hala gələ bilər. Hər geyimə istənilən ayaqqabını uyğunlaşdırmaq olmaz. Mən bir qadının zövqlü olub-olmadığını ayaqqabısından bilirəm. Geyimi markalı ola bilər, ancaq onu dəxlisiz ayaqqabıyla geyinərsə, mən onu zövqsüz adlandıraram. Çox balacaboy xanımlar iri platformadan istifadə etsin, amma onu göstərməsin, mini-ətəklərlə geyinməsin. Məsələn, deyək ki, rəngli bir paltardır, amma üzərində qara ton yoxdur. Onunla bərabər, qara stiletto geyinibsə, bu asana qaçmaq deməkdir. Yəni düşünmək istəməyib. O rəngli paltarı elə bir tonla geyinməlidir ki, baxanda “vauu” deyib təəccüblənsinlər. Bir ayaqqabı paltarı rəzil də edər, vəzir də. Mən indi dəbdə olan sandalları tədbirlərə geyinirəm. Botları isə qısa ətəklər ilə çılpaq ayağa geyinmək olar. Bu botları da ayaqboyu uzun olan xanımlar geyinə bilərlər. Ümumiyyətlə, hər kəsin öz tərzi olmalıdır. Əgər “bu geyim mənlik deyil, bunu heç vaxt geyinmərəm” deyirsinizsə, demək sizin öz stiliniz var. Məsələn, mən oğlumun ad günündə sadə, açıq-çəhrayı rəngdə olan libas geyinmişdim. Təsəvvür edin, hamı məni topa topdu.  Dedilər: “Moda evi olan, niyə sadə geyinir?”. Maraqlıdır, Moda evi olan  ayaqlı vitrin kimi gəzmək deməkdir?. Əksinə, dizayner getdikcə sadələşir. O qədər zərin, tülün içində işləyirik ki, gözümüz doyur. Mən xaricdə hansısa tədbirdə iştirak etsəm, o zaman zərli, qaşlı geyinərəm.

- Cəmiyyətdə gənclərin 70%-i dəblə geyinir. Bunlardan bir çoxu özünü məşhurlara, ulduzlara bənzətmək istəyirlər. Sizcə, belə bir vəziyyətin, olması normaldırmı?

- Bu fikir ilə razı deyiləm. Bizim indiki gənclər məşhurlarımızdan daha dəbli geyinir. Mən onların enerjisini dəstəkləyirəm. Moda evinə elə tələbə gəlir ki, baxırsan stillə geyinib. Amma müğənni də bomj günündə gəlir.

- Sizi məşhurlar arasında tez-tez görürük. Onlarla işləmək çətin deyilki?

- Azərbaycanda adi dizayner üçün işləmək çətin olardı. Amma mənim üçün çətin deyil. Çünki özünəməxsus qaydalarım var. Elə müğənni var ki, adi dizaynerə qayda qoyur, amma bizdə elə bir şey yoxdur. Mən müştəriyə milli markaları sayıram. Bütün qeydiyyatlardan keçmişəm və “by aynur xəlilova” embleminə sahibəm. Məşhurun öz zövqünə görə stilimi dəyişə bilmərəm. Əgər kök qadın nə qədər deyirsə, bu paltarı belə kəs, pis görünür, yenə də bunu etmirəm. Əgər mən ümumi moda evində işləsəm onda edə bilərəm. Heç kəs bu geyimi kim hazırlayıb bilmir. Mənim isə konkret adım var. Bizdə elədir ki, dizaynerlər mənə uyğunlaşmalıdır. Müştəriyə ideyamı da, zövqümü də satıram. Nə qədər məşhur olsan belə, yenə də öz üslubum var. Ona görə də onlar mənə uyğunlaşır. Müğənnini məşhur edən öncə onun səsi, sonra stilidir. Təbii ki, bu da özünə, geyiminə, stilinə hörmət edən tanınmışlardan söhbət gedir.  İndi onların sayı da azalıb. İndi insanların diqqətini geyim çəkir. Stili gözəl olarsa, nəzərə çarpacaq.

- Özünüzə məxsus stiliniz, üslubunuz varmı?

- Əlbəttə ki, var. Məsələn: bir geyimi sportlaşdıran detallar əlavə etməyi çox sevirəm. Əlavə kəmərlərdən də istifadə edirəm. Əgər hansı bir tədbirdə məşhurun geyimində a-dan z-yə dəyişim varsa, o stilin Aynura aid olduğu bilinir. Bu çox önəmlidir. Əgər dəsti xəttin yoxdursa, bu artıq biznesə çevrilir. Yəni sən modelyer-dizayner yox, biznes ledisən. Sadəcə sifariş ilə paltar tikib, təhvil verirsən.

- Dəblə geyinmək, yoxsa özünə yaraşını geyinmək lazımdır?

- Dəbi izləyin, amma ona uymayın. Hər zaman yatırımınızı geyimə xərcləyin. Bundan 2.3 il əvvəl pijamaya oxşayan gündəlik geyimlər birdən-birə sıçrayışla dəbdə oldu. Bütün şəhər pijama geyindi. Amma bunun ömrü 2 ay çəkdi və həmin o pul da batdı. Ancaq o məvacibi kapsul qardirobunu təşkil edən geyimlərə versəydilər daha yaxşı olardı. Məsələn, siz pulu ağ dəri gödəcəyə xərcləsəydiniz, illərlə geyinə bilərdiniz. Özünüzə yaraşanı dəb halına gətirin.

- İndiki gənclərin moda dəbi sizi qane edirmi?

- Çox bəyənirəm. Şəhərdə, molda, küçədə diqqətlə izləyirəm doğurdanda dəbli geyinirlər. Azərbaycan gənclərinin 80%-i çox dəblidir. Hətta xaricə gedəndə düşünürəm ki, indiki gənclər daha çox dəblə ayaqlaşmağa çalışırlar. Xaricdə necə gəldi geyinirlər. Çox geyim almaq, kombinə etmək deyil.

- Necə düşünürsünüz, Azərbaycanda modelyer sahəsi nə dərəcədə inkişaf edib? Dünya moda sahəsi ilə ayaqlaşa bilirmi?

- Biz heç birindən geri qalmırıq. Hər zaman müsbətimizi görürəm. Bizim dizaynerlərimiz istedadlıdırlar. Azərbaycanda öz sözünü demiş dizaynerlərdən danışıram. Elə dizaynerlər var, hazırladığım modeli tikib, özünə şöhrət qazandırırlar. Məsələn, mən heç vaxt yerli dizaynerlərin tikdiyini tikmirəm. Əgər müştəri hansısa bir dizaynı istəyirsə, onda ona dərzi xidmət göstərir. Yenisini hazırlayıb, yaraşdırıram, amma etiketimi vurmuram. Səbəb -  ideya mənə məxsus deyil.

- Təəccüb etdiyiniz müştəriləriniz olubmu?

- Bəli, maraqlı müştərilərim olub, hətta bu yaxınlarda onlardan ikisi məni heyrətə salıb. Bir müştərimiz nişan geyimi istəyir. Pişiyinə gedib hansısa heyvan kityorunda geyim sifariş edib və gəlib deyir ki, mən haki rəng geyinəcəyəm. Yəni pişiyin paltarına uyğun nişan paltarı sifariş edir. Bir də başqa bir nişan geyimi sifariş edən xanımın restoranın pərdələrinə uyğun geyim istəməsi məni çox təəccübləndirmişdi.

- Xanımların geyimi ilə bağlı doğru bildiyi yalnışlar hansıdır?

- Belə bir söz var ki, ağ parçanı arıq qadınlar geyinə bilər. Ağ parçaya düzgün parça tərkibi seçilərsə, çoxkilolu xanım arıq görünə bilər. Mən modeli və ən ideal saç düzümü təklif edirəm, müştəri də razı qalır. Qüsur hardadısa diqqəti ordan kənara  çəkmək lazımdır. 

Şahnun