Dəfn pulunu kim ödəməli? - DOST-dan açıqlama

14:39 15.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Şəxs vəfat edərkən yaxınlarına dəfn pulu ödənilir. Lakin bu məsələdə vətəndaşlar bəzən anlaşılmaz vəziyyətlərlə üzləşirlər. Elə "Həftə içi" qəzetinə müraciət edən Sona Ələkbərova da deyir ki, yoldaşı vəfat edib, dəfn pulu ilə bağlı problem yaşayır:

"Yoldaşım 61 yaşında vəfat etdi. Biz dəfn pulu ilə bağlı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etdik. Oradan bildirildi ki, dəfn pulunu son məvacibinin üç misli qədər işlədiyi müəssisə ödəməlidir. Yoldaşım pensiya yaşına çatmamışdı. Amma çalışdığı müəsissə DSMF-ə pul ödəyib". 

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) mətbuat xidmətinin rəhbəri Şahin Əliyev hafta.az-a açıqlamasında bildirdi ki, dəfn üçün birdəfəlik müavinət qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs, sığortaolunan və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə ödənilir:

“- Dövlət qulluqçularına ömürlük müavinət;

- yaşa görə müavinət;

- əlilliyə görə müavinət;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;

- ailə başçısını itirməyə görə müavinət.

2019-cu il aprelin 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən müavinət 300 manat məbləğində müəyyənləşdirilib. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Sığortaolunan şəxs vəfat etdikdə, müraciət həmiş şəxsin işlədiyi müəssisə tərəfindən elektron qaydada həyata keçirilir”.

Qurumun sözcüsü əlavə etdi ki, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə isə vəfat edən şəxsin ailə üzvü və ya onu dəfn etməyi öhdəsinə götürən şəxs müvafiq olaraq DOST mərkəzləri, DOST mərkəzləri olmayan rayonlarda isə DSMF-nin müvafiq rayon (şəhər) şöbəsinə müraciət etməlidir:

“Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir - 600 manat. Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir”.

Ş. Əliyev qeyd etdi ki, bunun üçün bir sıra sənədlər tələb olunur:

“Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı); - ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti. - Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı”.

Əmək Hüquqları Liqasının sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədovun sözlərinə görə, işləyən şəxs vəfat etdikdə, dəfn pulu onun işlədiyi qurum tərəfindən ödənilir:

"Sığorta hadisəsi baş veribsə, yəni deyildi kimi, əgər vətəndaş vəfat edibsə o zaman şirkət ödəyir. Ondan sonra isə aidiyyatı orqana bu haqda məlumat verir. Hazırda bu işi DOST yerinə yetirir. Şirkətin ödədiyi pulu DOST agentliyi əvəzləyir. Həmin vəsaiti şirkətə yenidən qaytarır".

Oxunma sayı 1593