Baş prokuror İnterpolun baş katibi ilə görüşüb

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Respublika prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Z. Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Daxili İşlər Nazirliyi ilə İnterpol arasında cinayətkarlıqla mübarizənin müxtəlif sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan baş prokuror, Ronald Noblun Azərbaycana 2003-cü ildəki səfərini xatırladıb, səfər çərçivəsində əldə edilmiş razılığa əsasən hakim və prokurorluq işçilərinin 2010-cu ildə İnterpolun Lion şəhərindəki qərargahında BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirdikləri tədbirlərdə iştirakını əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, satışı, nüvə texnologiyalarının qacaqmalçılığının region ölkələri üçün təhlükəli olması, eyni zamanda, narkotiklərin satışından əldə olunan çirkli pulların separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr yaradılmasına, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənməsinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olması nəzərə alınmaqla, bu ümumbəşəri problemlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin zəruriliyi qonaqların diqqətinə çatdırıb.
Əli Zülfüqaroğlu