Deputat oğlu 10 min manatdan çox cərimələndi - GÜNÜN TƏZADLARI

19:38 19.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyi deputat Madər Musayevin oğlu Famil Musayevə qarşı 10 min 30 manatlıq iddia qaldırdı.  Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, Famil Musayev təbii qazdan qanunsuz istifadədə günahlandırılır. İyulun 16-da 1 saylı Bakı-İnzibati İqtisad Məhkəməsində “Azəriqaz”ın deputat oğluna qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “Azəriqaz”ın iddiasında bildirilir ki, Famil Musayevə təbii qazdan qanunsuz istifadəyə görə 10 min manat borc hesablanıb. Cavabdehdən tələb olunan məbləğin 10 min manatı həmin məbləğdir. Bundan başqa, “Azəriqaz” məhkəməyə müraciətdən ötrü ödədiyi 30 manatlıq rüsumu da Famil Musayevin ödəməsini istəyir. Bu da iddia tələbində yer alıb. Məhkəmə iclasının vaxtı barədə “Azəriqaz”la Famil Musayevə bildiriş göndərilsə də, heç biri məhkəməyə gəlməyib. Üstəlik, məhkəməyə onların iştirakı olmadan işə baxılması barədə ərizə də göndərilməyib. Nəticədə, hakim Səbinə Nuriyeva iddianın baxılmamış saxlanması barədə qərardad çıxarıb.

 

Tovuzda müəllim arı sancması nəticəsində öldü

Tovuzda arı sancması nəticəsində orta məktəb müəllimi dünyasını dəyişdi. Hafta.az xəbər verir ki, bu haqda APA məlumat yayıb. Tovuz rayonunun Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb.  56 yaşlı müəllim xəstəxanaya aparılarkən yolda keçinib.

 

Türk əsgərlərindən qaçan terrorçuları kəndlilər linç etdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında terror qruplaşmalarına qarşı apardığı uğurla davam etdirilən əməliyyatlar zamanı əsgərlərə yerli xalq tərəfindən də dəstək göstərildiyi bəlli oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Şimali İraqın Sinbindar kəndində türk döyüş təyyarələrindən qaçaraq bir məktəbə sığınan “PKK” və “PYD” üzvü olan 3 terrorçu yerli əhali tərəfindən tutularaq döyülərək linç edilib və kənd ərazisindən qovulub.

 

Bakı bulvarında yenə ilanlar peyda oldu

Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar üzə çıxdı. Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, ilanların bulvar ərazisində görünməsilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu barədə “Facebook” səhifələrində video-görüntü paylaşılıb.

Videoda bir nəfər bulvarda əlində gürzə tutub. O, ilanı bulvar ərazisində görüb və onu tutub. Qeyd edək ki, ötən il yay aylarında da bulvar ərazisində ilanlarla bağlı məlumatlar yayılmışdı.

 

28 May küçəsində yaşlı kişi anidən yıxılaraq öldü

Bakıda yaşlı kişi küçədə yıxılaraq vəfat etdi. Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, hadisə paytaxtın 28 May küçəsində qeydə alınıb. Olay şahidlərinin məlumatına görə, hələlik kimliyi məlum olmayan şəxs səkinin qırağı ilə getdiyi zaman anidən halı pisləşib və yıxılıb. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Hadisə yerinə təcili yardım briqadası və polis əməkdaşları gəlib.

 

5 yaşlı qızın qulağından sırğanı qoparıb qaçdı

Xırdalan şəhərində naməlum şəxs beş yaşlı qızın qulağından sırğanı dartaraq çıxardı. Hafta.az-ın yazdığına görə, bu haqdq APA xəbər yayıb. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, 2014-cü il təvəllüdlü Məlikova Amaliya Fətid qızı binanın həyətində oynayan zaman naməlum şəxs onun qulağındakı qızıl sırğaları dartaraq götürüb ərazidən uzaqlaşıb. A.Məlikova hər iki qulağından xəsarət alıb. Abşeron RPİ hadisəni törədən şəxsin axtarışına başlayıb.