Deputatlara qarşı gözyaşardıcı qaz tətbiq edildi - GÜNÜN TƏZADLARI

18:33 27.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Monteneqro parlamentinin iclasında "Din azadlığı haqqında" qanunun qəbulunun müzakirəsi zamanı gözyaşardıcı qazdan istifadə olundu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “RTCG” telekanalı bildirib. Məlumata görə, gözyaşardıcı qaz hakim koalisiyanın din azadlığı haqqında qanun layihəsinin dəyişilməz formada son dəfə səsverməyə çıxarılmasından sonra tətbiq edilib. Müxalifət lideri Andriya Mandiç parlament spikerini iclası dayandırmağa və deputatlara qanun layihəsinə bütün təklifləri müzakirə etməyə imkan verməyə çağırıb. Spiker İvan Brayoviç iclası növbəti günə keçirməkdən və qanun layihəsinin hər düzəlişinə ayrı-ayrılıqda baxmaqdan imtina edib. Bunun əvəzinə o, səsverməyə səs çoxluluğu ilə qəbul edilməmiş üç düzəlişi çıxarıb. Bundan sonra parlamentin iclasında "texniki səbəblərlə bağlı" fasilə yaranıb, deputatlar iclas zalını tərk ediblər.

 

Tərtərdə polis mayoru bıçaqlandı

Tərtərdə polis zabiti bıçaq zərbələrinə məruz qaldı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Buruc kəndində qeydə alınıb. Kənd sakini Seyhun Nəcəfov sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Bu zaman Seyhun Nəcəfov hadisə yerinə gələn Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, sahə müvəkkili, mayor Elçin Aslanova üstündə gəzdirdiyi bıçaqla 5 zərbə vurub, onlardan 4-ü qarnına dəyib. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. S. Nəcəfov şübhəli şəxs qismində tutulub.

 

Təhsil naziri vəsait çatışmazlığından istefa verdi

İtaliyanın təhsil naziri Lorenzo Fioramonti dekabrın 25-də hökumətdən ölkənin məktəb və universitetlərini inkişaf etdirmək üçün lazım olan milyardlarla avro pul ala bilmədikdən sonra istefa verdiyini söylədi. Hafta.az xəbər verir ki, bu haqda “Amerikanin səsi” radiosu məlumat yayıb. Onun istefası İtaliya hökumətinə zərbədir. Hökümətdəki hakim partiyalar Avrozona islahatından tutmuş miqrant hüquqlarına kimi bir çox məsələlərdə ziddiyyətli fikirlərə sahibdirlər.Bundan əlavə, Fioramentinin istefası mənsub olduğu anti-isteblişment olan 5 Ulduz Hərəkat partiyasında problemlərin olduğunu vurğulayır. Belə ki, partiya lider Luici Di Mayo ilə bağlı geniş yayılmış daxili narazılıqlar fonunda yenidən təşkil olunmağa çalışır. Fioramonti “Reuters”ə açıqlamasında bildirib ki, o, istefası ilə bağlı qəti qərarı dekabrın 23-də baş nazir Cüzeppe Konteyə göndərdiyi məktubda bildirib.

 

Rusiyada azərbaycanlı polisin qəflətən ürəyi dayandı

Rusiyanın Volosovski rayonunda azərbaycanlı polis avtomobilində dünyasını dəyişdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, polislər işıqlarını yandırmayan “Ford Mondeo” markalı avtomobili saxlayıblar. Onlar protokol tərtib etmək üçün 57 yaşlı azərbaycanlı sürücünü xidməti avtomobilə dəvət ediblər. Amma avtomobildə vəziyyəti pisləşən azərbaycanlı təcili yardım gələnə qədər infarkt keçirərək ölüb. Sankt-Peterburq şəhərində müvəqqəti yaşayan həmin şəxsin avtomobilində kardioloji dərmanlar olub. Hadisənin təfərrüatı araşdırılır.

 

Kürdəmirdə Yeni il şənliyi zamanı döşəmə çökdü

Kürdəmir rayonunda azyaşlı uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü. Hafta.az-ın məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kənd folklor evində qeydə alınıb. Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar. Qeyd edək ki, Xırdapay kənd folklor evi 2013-cü ildə təmir olunub. İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.