Toyuq əti də bahalaşdı

15:15 27.10.2011
Yazını böyüt
Yazını kiçilt

Satıcılar bunu yem məhsullarının və mal ətinin qiymətinin qalxması ilə izah edir

Son iki gündə toyuq ətinin topdansatış qiyməti 1,6 manatdan 2,4 manata qalxıb. Bahalaşma pərakəndə satış məntəqələri ilə yanaşı topdansatış mağazalarında da müşahidə olunur.
Paytaxtda ərzaq məhsullarının ən iri topdansatış məntəqələrindən hesab olunan Mirəli Qaşqay küçəsindəki mağazalarda apardığımız müşahidələr göstərir ki, son iki gündə topdansatış qiyməti 1,6 manata olan toyuq əti artıq 2,4 manata çatıb. Kənd toyuqları üçün bu qiymət isə 3,6 manatdan 5 manata yüksəlib. Bir sözlə, toyuq ətinin qiyməti son 2 gündə 50 faiz bahalaşıb.
Müşahidələr göstərir ki, toyuq ətinin qiymətində son bir ayda ən az 30 - 40 qəpik artım müşahidə edilir. Toyuq ətinin topdansatışı ilə məşğul olan ticarətçilər bahalaşmaya əsas kimi yemin qiymətinin artması göstərirlər. Onların sözlərinə görə, qiymətlərə mövsümi amillər də təsir edib. Satıcı Ramil Bayramov bildirdi ki, bahalaşma son bir aydır “Səba“ və “Siyəzən“ toyuqlarında müşahidə olunur: “Ümumiyyətlə əvvəlki dövrlə müqayisədə qiymətdə ən çox 1 manat, ən az isə 40-50 qəpik bahalaşma var. Bunun səbəbini isə yemin qalxması ilə izah edirlər“.
Satıcı Xəyal Səmədov isə mal ətinin bahalaşması toyuq ətinin də qiymətinə ciddi təsir edib. Onun fikrincə, mal ətinin indiki qiyməti toyuq məhsullarından yan keçə bilməz: “Alıcılar bəzən şikayət etsələr də, bizə təklif olunan qiymətə alırıq, yəni bahalaşma bizim günahımız deyil“.
Həmsöhbət olduğumuz alıcılar isə mövcud durumdan narazı olduqlarını bildirdilər. Füruzə Həkimova adlı alıcının sözlərinə görə, toyuq ətinin bahalaşması pərakəndə satış məntəqələrində, xüsusən də şəhərin mərkəzi küçələrində yerləşən marketlərdə daha çox nəzərə çarpır: “Topdansatış mağazalarında bu məhsullar bir qədər ucuz təklif olunur. Amma son bir aydır burada da bahalaşma var. Təzə kəsilmiş toyuqların qiyməti 1-2 ay bundan əvvəl 4 manat 50 qəpik idisə, indi 5 manata satılır“. Özünü təqdim etmək istəməyən başqa bir alıcı qiymətlərin tez-tez qalxmasından şikayətlənir: “Bu işə nəzarət edən yoxdur. Hər dəfə bir məhsulun qiyməti bahalaşır. Nəticədə də tələb təklifi ödəmir. Ən azından qiymətlərə müdaxilə edəndə əhalinin əməkhaqqını da nəzərə almalıdırlar. Qaldı ki, toyuq ətinin qiymətinə, nəzərə alsaq ki, ən çox alınan məhsullardan biridir, o zaman çətin vəziyyət başa düşülər. Belə getsə, qiymət artımı rekord həddə çatacaq“.
Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, bahalaşma süni qiymət artımından başqa bir şey deyil: “Mal və qoyunun qiyməti bir müddət bahalaşsa da, hazırda əvvəlki qiymətlərə, yəni mal əti 9 manat, qoyun əti isə 8 manat 50 qəpiyə təklif olunur. Ümumiyyətlə isə toyuq ətinin qiyməti qalxsa belə onu mal ətinin bahalaşması ilə müqayisə etmək düzgün deyil“.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin isə cavabı belə oldu: “Monitorinqlər mütəmadi keçirilir, lakin hələ ki, belə bir qiymət artımı qeydə alınmayıb“.

Oxunma sayı 87