Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

İsmət Yılmaz: “Türkiyə hər zaman Azərbaycana hərbi dəstək göstərəcək“

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti oktyab ayından Azərbaycanda səfərdədir. Onu səfərdə Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar, ASELSAN, ROKETSAN və Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) baş direktorları müşayiət edirlər.
Nümayəndə heyəti dünən səhər Fəxri Xiyabanda Heydər Əliyevin, Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Nazir Türk Şəhidliyində xatirə dəftərinə ürək sözlərini yazıb. İ. Yılmaz jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: “Bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrimiz yüksək səviyyədir. Türkiyə hər zaman Azərbaycana hərbi dəstək göstərib, bundan sonra da göstərəcək“.
Nazir Azərbaycan və Türkiyə arasında imzalanmış “Strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında“ sazişin və hər iki ölkənin hökumətlərində yaradılacaq Yüksək Əməkdaşlıq Şurasının əlaqələrin daha da güclənməsinə təkan verəcəyini qeyd edib. “Səfər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq və perspektiv layihələr də müzakirə olunacaq“, - deyə İ. Yılmaz bildirib.
Oktyabrın 15-dək davam edəcək səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşlər planlaşdırılır. İ. Yılmazın başçılıq etdiyi heyət Müdafiə Sənayesi Nazirliyinin hərbi müəssisələrinə də baş çəkərək Azərbaycanın hərbi-sənaye potensialı ilə də tanış olacaq. Qeyd edək ki, səfər Azərbaycan müdafiə nazirinin dəvəti ə sasında gerçəkləşir.
Dünən həmçinin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 13-də Azərbaycana rəsmi səfərə gələn Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü keçirilib. Geniştərkibli görüşdə nazir Səfər Əbiyev İsmət Yılmazı milli müdafiə naziri təyin edilməsi münasibəti ilə təbrik edib və ona bu işində uğurlar arzulayıb. Nazirlər iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasını, işğalçı Ermənistanın tez bir zamanda torpaqlarımızdan geri çəkilməsinin vaxtı çatdığını xüsusi qeyd ediblər.
Nazir Əbiyev bildirib ki, problemin sülh şəraitində həlli üçün danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur və Ermənistan öz təcavüzkarlığını davam etdirir. Onun fikrincə, belə bir vəziyyətdə Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işlərinin aparılmasından başqa yol qalmır. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç da iştirak edib. Türkiyəli nazirin Azərbaycan Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Əli Zülfüqaroğlu