DGK-nin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir

16:52 04.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov İtaliya səfirliyinin dəvəti ilə 3-4 sentyabr 2019-cu il tarixlərində Roma şəhərində işgüzar səfərdədirlər.

Hafta.az-ın məlumatına görə, tibb sahəsində Azərbaycan-İtaliya əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı çərçivəsində Tibbi Xidməti İdarəsinin nümayəndə heyəti İtaliyanın ən qədim hospitallarından biri sayılan və uşaq kardiocərrahiyyəsi sahəsində dünya şöhrətini qazanmış Bambino Gesu Hospitalının nümayəndələri ilə görüşlər keçirib.

Görüşdə İtaliya tərəfindən Bambino Gesu Hospitalının tibb direktoru Enoc Maricella, Uşaq Kardiologiyası və Kardiocərrahiyyə Departamentinin rəhbəri professor Fiores İorio Salvatore, Uşaq Kardiocərrahiyyəsinin rəhbəri professor Galletti Lorenzo, Beynəlxalq Əlaqələr Departamentinin direktoru Volpi Paola, İtaliyanın Azərbaycandakı səfriliyinin tibbi konsultantı professor Franko Nakarella və Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycanın İtaliyadakı səfirliyi bu görüşlərin təşkili və keçirilməsinə fəal dəstək verib.

İkitərəfli görüşlər zamanı Bambino Gesu Hospitalı ilə Mərkəzi Gömrük Hospitalı arasında uşaq kardiocərrahiyyəsi və pediatriya sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, həkimlər arasında təcrübə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması və s. imkanlar müzakirə olunub.

Qeyd edək ki, Bambino Gesu Hospitalı 1869-cu ildə İtaliyanın Roma şəhərində fəaliyyətə başlamış və hazırda pediatriya sahəsində İtaliyanın ən nüfuzlu hospitallarından biridir. Yüksək ixtisaslı kardiocərrahların işlədiyi, ən innovativ tibbi avadanlıqlar və cihazlarla təmin edilmiş Bambino Gesu Hospitalında ağır ürək qüsurlu uşaqların unikal əməliyyatları uğurla həyata keçirilir. Bambino Gesu Hospitalına təkcə İtaliyadan deyil, eyni zamanda qonşu Avropa ölkələrindən ürək qüsurlu uşaqların müalicələri ilə bağlı müraciətlər edilir.