Donald Tuskun bəyanatı işğalçı Ermənistan üçün mesaj olmalıdır - Rəy 

17:29 11.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun  Azərbaycana səfəri tərəflər arasında münasibətlərin yeni mərhələsinin başlamasının göstəricisidir. Səfər zamanı Prezident İlham Əliyev və Donald Tusk arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub”. Hafta.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.

Millət vəkili  qeyd edib ki, Donald Tusk Azərbaycanı unikal ölkə adlandırıb. Cənab Tusk deyib ki, Azərbaycan  özündə ənənə və müasirliyi birləşdirir. Avropa İttifaqı və Azərbaycanın hər il bir-birinə yaxınlaşdığıni deyən Donald Tusk bildirdi ki, münasibətlərimiz intensivləşib və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. 

“Prezident İlham Əliyev isə qeyd edib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var. Dövlətimizin başçısı söyləyib ki,  Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir.  Azərbaycanın mühüm tranzit ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, gələcəkdə bizim tranzit ölkə kimi rolumuz artacaq. “Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır”-deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan edib.  Donald Tusk isə bildirdi ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və münaqişə beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır”-deyə, S.Fətəliyeva vurğulayıb. O qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidentinin bu bəyanatı işğalçı Ermənistan üçün mesaj olmalıdır ki, beynəlxalq birlik haqlı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ona görə də, münaqişənin həllini uzatmaq Ermənistana yaxşı heç nə vəd etmir. 

“Xatırladım ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur”-deyə, S. Fətəliyeva vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər