Xəyyam Mirzəzadə haqqında film təqdim olundu

15:15 06.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Akademik Rus Dram Teatrında “Maestro. Özü və zaman haqqında“ sənədli filminin təqdimatı keçirilib. Film tanınmış Azərbaycan bəstəkarının - Azərbaycan SSR-in xalq artisti, Azərbaycan SSR-in Lenin komsomolu mükafatı laureatı (1970-ci il), Azərbaycan Dövlət Mükafatı laureatı (1976-cı və 1986-cı illər), simfonik və kamera əsərlərinin müəllifi, dram tamaşaları və kinofilmlər üçün musiqi, lirik mahnılar bəstələmiş “Şöhrət“ ordenli bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin müasir musiqi mədəniyyəti tarixində Xəyyam Mirzəzadənin böyük xidmətlərini qeyd edərək, vətənin yüksək mükafatına - “Şərəf“ ordeninə layiq görülməsi münasibətilə onu təbrik etmiş, sənətkara cansağlığı və uğurlar arzulayıb. Son illər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə mədəniyyət xadimləri haqqında silsilə sənədli filmlər çəkilib. “Maestro. Özü və dövrü haqqında“ filminin ən tələbkar tamaşaçısı filmin qəhrəmanının özüdür. O, ekrandan tamaşaçı ilə özü və yaradıcılığı, müəllimləri, dostları, şagirdləri haqqında təəssüratlarını bölüşür. Xəyyam Mirzəzadə yüksək mükafata görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O deyib: “Mən özümü xoşbəxt hesab edə bilərəm. Son illər əsərlərimin ikicildliyi, 6 diskdən ibarət məcmuə buraxılıb. İndi də “Şərəf“ ordeni aldım. Belə şərəf hər adama nəsib olmur. Mən görkəmli sənətkar Qara Qarayevin şagirdi olmuşam və nəhayət, ölkəmizin və gözəl paytaxtımızın necə çiçəkləndiyini görməyimə xoşbəxtəm. Bütün bunlara görə dövlətə və xalqımıza minnətdar olmalıyıq“. Sonra filmin nümayişi olmuş, yaradıcı kollektivlə görüş keçirilib. Film “Cinealliance“ studiyası ilə birlikdə “Salnamə“ kinostudiyasında çəkilib. Ssenari müəllifi və rejissor Tofiq İsmayılov, operator Ziya Babayev, musiqi redaktoru Rauf Əliyevdir.

Nigar