Dövlət genişmiqyaslı dəstək proqramlarının icrasına hazırlaşır - Təhlil

18:20 31.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ilə bağlı nəzərdə tutulan dövlət dəstəyi hansı istiqamətləri əhatə edəcək?

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması üçün əhatəli dövlət dəstəyi proqramları hazırlanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

Nazir vurğulayıb ki, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır.

M.Cabbarov bildirib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. İqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa bir müddətdə əsasən yekunlaşdırmaq mümkün olub.

Məlumat üçün bildirək ki, pandemiyadan əziyyət çəkən sahələrə dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manat təşkil edir. Ümumilikdə, bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb.

Dəstək paketinin detallarına gəlincə, şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək. Belə ki, karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.

Bundan başqa,300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Qeyd edək ki, birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.

Yeri gəlmişkən, aparılan qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və s. sahələrdir. Bu sektorlarda olan şirkətlərdə muzdlu işçi kimi çalışan hər bir vətəndaş bu proqramla əhatə olunacaq. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada güzəştlərin tətbiqində 70 faizlik dəstək tətbiq ediləcək.

Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50 faizinin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir.

Orta aylıq əmək haqqı maksimal hədd kimi götürülüb. Burada yanaşma ondan ibarətdir ki, əgər hər hansı işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa, onun belə bir dəstəyə ehtiyacı daha aşağı əmək haqqı alana nisbətən fərqlidir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə cəmlənib. Bunlar, məsələn maliyyə, bank, sığorta, rabitə sektorlarıdır.

Bundan əlavə, dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq. Yəni, ikinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq.

Bundan başqa, ölkə Prezidentinin birbaşa tövsiyəsinə əsasən, dəstək proqramlarının hazırlanması zamanı, ayrılmış 1 milyard manatlıq vəsaitin çərçivəsi ilə məhdudlaşılmayıb və proqramlar daha geniş əhatəlidir. Belə ki, bank sektoru ilə bağlı 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. Proqramın mahiyyəti ondan ibarətdir ki, sahibkarların və müəssisələrin bank kreditləri var və bu kredit portfelinin keyfiyyətinin qorunub saxlanılması vacibdir. Hazırda bu portfelin elementləri bank sektoru ilə - Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Sahibkarlar Konfederasiyası və digər qurumlarla müzakirə edilir. Burada əsas hədəf biznes kreditləri olacaq. Bu proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən, mənfi təsirlərə məruz qalan sektorları əhatə edən, 9-10 mart tarixindən əvvəl götürülmüş, vaxtlı-vaxtında indiyədək ödənilən kreditlərə və qeyd edilən meyarlara cavab verən kreditlər portfelinə baxaraq, onların faizlərinin ödənilməsində mövcud yükün 10 faizinin (əksər biznes kreditləri 11-15 faiz çərçivəsindədir) Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsinə dəstək verəcək. Beləliklə, bu 1 milyard manat kredit portfeli sahibkarala dəstək proqramı kimi formalaşacaq.

Növbəti böyük proqram yeni verilən kreditlərə şamil edilir. Real sektorun kreditləşməsi hökumətin prioritetidir. Bu baxımdan, bundan sonra da bank sektorunda canlanmanı təmin etmək üçün real sektorun banklar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur. Beləliklə, banklar tərəfindən yeni verilən kreditlərinin 60 faizinə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15 faizi keçməməlidir və müddəti isə 3 ilə qədər olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı (15 faizin 7.5 faizi) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.

Təkliflər sırasında habelə əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da var. Belə ki, karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq.

 İşçi qrup tərəfindən hazırlanan daha bir proqram sərnişindaşıma fəaliyyət sahəsinə dəstək proqramıdır. Bu sahədə fəaliyyət göstərən subyektlərə (AZAL, avtobus, metro, dəmiryolu) məqsədli dəstək veriləcək.

Nəhayət mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir. Qarşıdakı dövrdə bu proqramlar dövlət qurumları və özəl sektorun nümayəndələri ilə birlikdə bir daha nəzərdən keçiriləcək.

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, Azərbaycan hökuməti son illər ərzində apardığı uğurlu islahatlarla ümumdünya iqtisadi böhranının yaratdığı fəsadları tam aradan qaldırmağa nail olub:

“Hazırda yeni inkişaf templərini hədəfləyən iqtisadiyyatımız 2020-ci ildə daha sürətli inkişaf müstəvisinə çıxıb. Belə ki, bu ilin ilk iki ayı ərzində ümumi iqtisadiyyatın 2,8 faiz, qeyri-neft sektorunun 6,7 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 21,7 faiz artması, inflyasiya səviyyəsinin 2,8 faizdən çox olmaması qarşıya qoyulan hədəflərin miqyasından xəbər verir. Təbii ki, iqtisadiyyatda baş verən irəliləyişlərin nəticəsidir ki, cari ilin yanvar ayı ərzində ölkəmizdə kredit qoyluşlarının ümumi həcmi 20,4 faiz, əhalinin orta aylıq nominal əmək haqqı isə 27,8 faiz artıb. Yəni, COVID-19 pandemiyasının yayılması və neftin qiymətinin aşağı düşməsi fonunda da Azərbaycan iqtisadiyyatı və onun maliyyə sistemi dayanıqlılıq nümayiş etdirir. Azərbaycan 2015-ci ildə neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşdüyü bir vəziyyətdə sürətli iqtisadi islahatlara başladı. Azərbaycan hökuməti bu gün də beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır. Lakin vətəndaşlarımız unutmamalıdırlar ki, bəşəriyyəti ciddi sınaq qarşısında qoymuş bu problemin ən yaxşı həlli xalq - iqtidar birliyinin yüksək səviyyədə olduğu halda mümkündür. Bu gün hakimiyyət hər bir vətəndaşının yanındadır və bu durumdan daha yaxşı nəticələrlə çıxmaq üçün bütün alətlərdən maksimum istifadə edilir.

Hökumət sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətindəki fəaliyyətini də intensiv şəkildə davam etdirir. Hazırkı vəziyyətdə dövlət iş adamlarına müəyyən güzəştlər etməyi düşünürsə, deməli iş adamları da bunun qarşılığını, koronavirusun yaratdığı çətin vəziyyət üçün dövlətin müəyyən etdiyi strategiyanın tələblərinə əməl etməklə verməlidirlər. Mövcud durumda sahibkarların sosial məsuliyyəti olduqca vacibdir".

Ekspert virğulayıb ki, dövlətin sahibkarların qarşılaşdıqları məsələlərin həllinə kökləndiyi bir vaxtda, sahibkarların işçiləri ixtisar etməsi və ya onları ödənişsiz məzunuyyətə göndərməsi yolverilməzdir: "Sahibkarlarımız unutmasınlar ki, son illər ərzində dövlət onların fəaliyyət meydanının şəfflaşdırılması və bu meydanda sahibkarın fəaliyyətinə əngəl ola biləcək bütün maneələrin aradan qaldırılması yolunda ölçüyə gəlməyəcək qədər çox işlər görüb.Koronavirus pandemiyasının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti dövlət büdcəsindən bir milyard manat vəsait ayırıb. Eyni zamanda müəssisələrimiz və vətəndaşlarımız yüksək həmrəylik nümayiş etdirərək, ümumbəşəri bəla ilə mübarizə üçün xüsusi olaraq yaradılmış fonda vəsait köçürürlər. Bu vəsaitlərin bir təyinatı da koronavirusun yaratdığı problemlər nəticəsində ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi fəaliyyət sahələrində itkilərinin minimallaşdırılmasını təmin etməkdir". 

 

Oxunma sayı 157