Dövlət Komitəsi Azərbaycan kişilərini ev işləri görməyə çağırdı - Günün təzadları

19:52 08.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Əgər biz hazırkı vəziyyəti gender bərabərliyi nöqteyi nəzərindən təhlil etsək görərik ki, qadınlar daha həssas durumdadırlar".

Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “COVID-19” pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda əksini tapıb.

Qeyd olunub ki,qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni, Azərbaycanda isə 77,6%-ni təşkil edir:

"İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olmaq, qadının ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.). O zaman ailə üzvləri bir-birinə qarşı anlayışla, hörmətlə yanaşmalı, tolerantlıq nümayiş etdirməlidirlər. Əlbəttə ki, bunun üçün bir neçə məsələni nəzərdən keçirmək lazımdır: birincisi, ailədə qadın və kişinin rol və vəzifə bölgüsü olmalıdır ki, qadın da özünü bir şəxsiyyət kimi formalaşdıra bilsin. Kişi yalnız ailəni iqtisadi cəhətdən təmin edən bir şəxs deyil, onun ər və ata kimi sosial vəzifə və öhdəlikləri var. Bu həm də sosial və mənəvi məsuliyyət hissinin bölüşdürülməsidir. Nəzərə alsaq ki, bu müddətdə kişilər müvəqqəti olaraq işləmirlər. Və ya həm qadın, həm də kişi işləmir. Onda ev işlərini görməkdə və uşaqlara dərslərini oxumaqda, ev tapşırıqlarını həll etməkdə, birgə vaxt keçirməkdə plan hazırlansa daha yaxşı olar. Məsələn, qadın mətbəx işlərini yerinə yetirəndə, kişi uşaqların dərsləri ilə məşğul ola və ya uşağı ilə stolüstü oyun oyanya bilər".

"Mühüm məsələlərdən biri də patriarxal mədəniyyət və tərbiyənin və yalnış stereotiplərin təsirindən yaranan “kişi hər zaman haqlıdır”, “onun istəyi əsasdır”, “kişiyə olar, qadına olmaz” və s. bu kimi birtərəfli və səhv yanaşmaların mövcudluğudur ki, bu da gender əsaslı zorakılıq halların baş verməsinə gətirib çıxarır. Ailədə ünsiyyətin düzgün qurulması, bütün üzvlərə bərabər münasibətin göstərilməsi də ailədə sülhün və əmin-amanlığın yaranmasında mühüm şərtlərdəndir. Səbrli olmaqla, bir-birinin fəaliyyətinə qarışmamaqla, boş vaxtı səmərəli keçirməklə insanlar zorakı davranışlardan qaça bilərlər", - deyə məlumatda bildirilib.

 

 

Yaz ayında Qəbələyə 15 sm qar yağdı

Ötən iki gün ərzində Qəbələ rayonunda havanın temperaturu aşağı düşdü, yağışdan sonra qar yağmağa başladı.

Hafta.az yazır ki, APA-nın yerli bürosunun xəbərinə görə, yağıntı əsasən, Qəbələ şəhərinə, Qəmərvan, Laza, Duruca, Tikanlı və Bum kəndlərində müşahidə olunub.

Kəndlərdə havanın temperaturu əvvəlki günlərlə müqayisədə gündüz saatlarında 8-10 dərəcə aşağı düşüb. Aprel ayında qarın yağması sakinlər üçün də gözlənilməz olub. Yağıntının ən çox düşdüyü ərazi rayonun Qəmərvan, Duruca və Laza kəndləridi. Burada qarın hündürlüyü kəndlərin aşağı ərazilərində 5-7, yuxarı hissələrində isə 10-15 santimetrə çatıb. Sakinlərin sözlərinə görə, onlar neçə illərdir ki, aprel ayında qarın yağmasının şahidi olmurlar.

Kənd sakini Bəxtiyar Əliyarovun sözlərinə görə, apreldə Qəbələnin dağlıq ərazilərinə qarın yağması hələ ki, çiçəkləməyən meyvə ağaclarına və əkin sahələrinə ziyan vurmayıb. Əksinə, qar əkin üçün ziyanverici olan həşəratların məhv olmasına faydalıdır. Kənddə əhaliyə təbii qaz və elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. Kənd əhalisi hər zaman belə hava və iqlim şəraitinə hazırdır. Kənd sakini onu da qeyd edib ki, ağsaqqal kişilərin dediyinə görə, keçmişdə bir dəfə may ayında bu ərazilərə qar yağıb.

 

ABŞ-da koronavirusun daha çox qaraları öldürdüyü bilindi

Amerikanın İllinoys ştatının Çikaqo Səhiyyə Şurasının statistikasının şəhərin qaradərili əhalisində koronavirusa yoluxanların sayının kəskin artdığını göstərdiyi bəlli oldu. 

Hafta.az bu haqda İsrail mediasına istinadla xəbər verir.

Qaradərililər Çikaqo əhalisinin ümumi sayının yalnız üçdə birini təşkil etsələr də, yoluxmaların yarısı və “COVID-19”-dən olan ölümlərin 70% -i onların icması üzərinə düşür. Detroyt, Miluoki, Yeni Orlean və Nyu-York şəhərlərində də vəziyyət eynidir.  Bu disbalans bütün İllinoys ştatında müşahidə olunur. Ştat əhalisinin 14% -mi təşkil edən qaralar koronavirus ölümünün 41% -ni ehtiva edir. 

Çikaqo meriyası səhiyyə şöbəsinin müdiri doktor Ellison Arvadi jurnalistlərə açıqlamasında qaradərili həmyerlilərinin ömrünün orta hesabla ağlardan 8,8 il daha qısa olduğunu söyləyib. 

Afroamerikalı bələdiyyə başçısı Lori Laytfut “Çikaqo Sun-Times” qəzetinə verdiyi müsahibədə koronavirusun "qara Çikaqonu məhv edəcəyindən" qorxduğunu bildirib. O. bələdiyyə müfəttişlərini "sosial məsafənin" izlənməsinə nəzarət etmək və şəhərdə- alkoqol mağazaları qarşısında insanların sıx  toplaşdığı yerlərdə qismən komendant saatı qurmaq üçün səfərbərvər etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edilir ki, bu cür statistika ştatdan ştata və  şəhərdən şəhərə dəyişir: Miçiqan ştatında afro-amerikalılar əhalinin 14% -ni təşkil edir, lakin koronavirus yoluxmalarının 33% və ölümlərin 41% -i onların payına düşür. Ağdərili sakinlər arasında bu rəqəmlər uyğun olaraq təxminən 23% və  28% təşkil edir.

Detroytda əhalinin 80% -i zəncidir və  məhz burada ştat üzrə təsdiqlənmiş koronavirus hallarının təxminən 80% -nin cəmləşdiyi bildirilir.

 

Gəncədə karantin rejimini pozan kafe aşkarlandı

Gəncə Şəhər Baş Polis İdarəsinin  Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində xüsusi karantin rejim qaydalarını pozaraq gizli şəkildə fəaliyyət göstərən kafe aşkarladı.

Hafta.az yazır ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 287