“Dövlət öz siyasətini müəyyənləşdirərkən sosial sifarişləri nəzərə alıb” – Kamilə Əliyeva

11:42 20.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarına müraciət edərək onları fəal olmağa, Azərbaycanın inkişafı naminə reallaşdırılan siyasətə dəstək verməyə çağırıb. Dövlət başçısının mövqeyi belədir ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. Millət vəkili bildirib ki, dövlət başçısının ölkəmizi yeni inkişaf mərhələsinə çıxartmağı hədəfləyən çağırışları da həm icra hakimiyyəti qurumlarına, həm də bütün cəmiyyətə ünvanlanıb: “ Bəli, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Qeyd edim ki, son 16 ildə Azərbaycanın yüksək inkişaf dinamikasına nail olmasında cəmiyyətin fəallığının müstəsna rolu olub. Yüksək vətəndaş fəallığı olmadan Azərbaycandakı möhkəm daxili sabitliyi və dinamik inkişafı heç təsəvvür etmək belə mümkün deyil. Biz xatırlaya bilərik: Ən həssas, ən zəruri məqamlarda vətəndaşlar öz mövqelərini açıq, qətiyyətli şəkildə ortaya qoyublar, dövlətə, Prezident İlham Əliyevə dəstək nümayiş etdiriblər. Aparılan siyasətə “hə” deyiblər. Eyni zamanda, dövlət də öz siyasətini müəyyənləşdirərkən daim sosiumun mövqeyini, cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alıb və bu vəhdət də uğurlarımızı təmin edib”.

Millət vəkili bildirib ki, son illərdə könüllülər hərəkatının geniş vüsət alması ölkəmizdə vətəndaş fəallığının artmasına yaxşı nümunədir: “Bu gün könüllülər hərəkatında on minlərlə gənc birləşir. Könüllü gənclər son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində və keçirilməsində böyük fəallıq və idarəçilik keyfiyyətləri nümayiş etdiriblər. Könüllülər həmçinin “ASAN xidmət”, “DOST” mərkəzlərində, aqrar sektorda, hüquq-mühafizə orqanlarında geniş şəkildə təmsil olunurlar”.

Siyasət rubrikasından digər xəbərlər