Azərbaycanda turizm şirkətləri ilə müştərilər arasında müqavilə bağlanacaq

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Turizm sektoru müasir dünyada sürətli inkişaf mərhələsi keçən biznes sahələrindən birinə çevrilib. 2011-ci ilin Azərbaycanda “Turizm ili“ elan olunması bu sektorun Azərbaycanda da inkişafına əlavə imkanlar yaradıb. Hətta bu il ölkəmizin təkcə turizm sahəsindən 1 milyard dollar həcmində gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Bununla belə, ölkəmizin turizm sektorundakı ənənəvi problemlərinin əksəriyyəti hələ də həll edilməmiş qalır. Məsələn, Azərbaycanın turizm zonalarında istirahət xərclərinin xarici ölkələrlə müqayisədə yüksək olması, xidmətin keyfiyyəti və ən əsası turist cəlb etmək üçün lazımi işlərin görülməməsi yerli turistlərlə yanaşı xaricilərin də diqqətindən kənarda qalmır. Həmçinin, Azərbaycan reallığında ayrı-ayrı turizm şirkətlərinin öhdəlik və məsuliyyətindən yayınma halları müşahidə olunur ki, bu da turistlərin istirahət hüquqlarının pozulması ilə nəticələnir. Turizm şirkətləri ilə müştərilər arasında vəzifə və məsuliyyəti müəyyənləşdirən hansısa huquqi sənədin olmaması isə tərəflərin mövcud problemləri məhkəmə müstəvisində həll etməsini çətinləşdirir.

Şərti şumda kəsək ki...

Yaxın gələcəkdə Azərbaycanda turizm şirkətləri ilə vətəndaş arasında qarşılıqlı vəzifə və məsuliyyətlərin qanunla tənzimlənəcəyi gözlənilir. Bu məsələ “Turizm haqqında“ yeni qanun layihəsində öz əksini tapıb. Necə deyərlər, turizm şirkəti öz müştərisi ilə bəri başdan şərti şumda kəsəcək ki, sonradan hansısa problemlər ortaya çıxanda əlavə çətinliklərlə üzləşməsin. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov deyir ki, fəaliyyətin belə formada təşkili ekskursiya rəhbərləri, xidmətləri, turizm bələdçiləri və təlimatçılarına da aid ediləcək: “Əslində bu, hələlik layihədir. Əgər parlament layihəyə müsbət yanaşarsa, onda daha ətraflı məlumat veriləcək“.

Nazirlik rəsmisi bildirib ki, layihədə turistlərə tibbi xidmətin göstərilməsi ilə bağlı xüsusi müddəa var. Üstəlik layihə xarici turistlərin öz ölkələrində tətbiq olunan tibbi sığortadan Azərbaycanda, Azərbaycan turistlərinin isə xarici ölkələrdə istifadə imkanlarını da nəzərdə tutur: “Turistlərə tibbi xidmət zəruri hallarda göstəriləcək. Bu, onun öz ölkəsində etdirdiyi tibbi sığortası hesabına olacaq“.
İntiqam Hümbətov deyir ki, ümumilikdə vətəndaşla turizm şirkəti arasında belə bir müqavilənin olması zəruridir. Onun sözlərinə görə, nazirliyə dəfələrlə bu istiqamətdə çoxsaylı şikayətlər daxil olur: “Ancaq biz nə turizm şirkətlərindən belə şikayətlərin gəlməsini arzulamırıq. Mən özüm də yayda istirahətə yollanarkən yerli turizm şirkətlərindən biri ilə müqavilə bağladım və çox rahatlıqla dincəldim“.
Vətəndaşların yerli turizm müəssisələrində göstərilən xidmətlərdən narazı olmasına gəlincə, İntiqam Hümbətovun dediyinə görə, Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə həssaslıqla yanaşır. Belə ki, yay mövsümündə ölkədə fəaliyyət göstərən turizm obyektlərində monitorinqlər keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də şəxsən iştirak etdiyi monitorinq zamanı obyektlərdəki vəziyyət öyrənilib.
Maraqlıdır ki, monitorinqlər nəticəsində ötənillə müqayisədə qiymətlərin aşağı düşdüyü və turistlərə göstərilən xidmət səviyyəsinin yüksəldiyi müəyyən olunub. Amma yoxlamalarda bir sıra çatışmazlıqlar da aşkar edilib ki, bununla bağlı müəssisə rəhbərlərinə xüsusu tapşırıqlar verilib.

Turizmin təbliğinə 1,6 milyon manat xərclənəcək

Yeri gəlmişkən, son illər dövlət büdcəsindən mədəniyyət və turizm sahəsinə ayırılan vəsaitlərin həcmi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2006-cı ildən bəri bu sektorda büdcədən ayrılan vəsaitlər 2,8 dəfə artıb.
2011-ci ildə bədən tərbiyəsi, gənclər və turizm siyasətinə ümumilikdə 6,8 milyon manat vəsait ayrılıb. Həmçinin bu il Azərbaycanın turizm imkanlarının nüfuzlu beynəlxalq telekanallarda təbliğatı üçün 1,6 milyon manat xərclənəcək.
Gələn ilin dövlət büdcəsi layihəsində isə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 250,2 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu vəsait 2011-ci illə müqayisədə 35,7 milyon manat və yaxud 16, 6 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 81, 8 milyon manat və ya 48, 6 faiz çoxdur.
Turizm sektorunda xərclərin strukturuna gəlincə, bu vəsaitlərin böyük əksəriyyəti mədəniyyət obyektlərinin təmirinə, yeni turizm komplekslərinin tikintisinə yönəldilir. Məsələn, bu il sonu turistlərin istifadəsinə verilməsi planlaşdırılan Şahdağ Qış-Yay Turizm Kompleksinə dövlət tərəfindən 1 milyard dollara yaxın sərmayə qoyulub. Hazırda tikinti işlərinə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

“Sənəd Milli Məclisə daxil olmayıb“

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev hesab edir ki, bu məsələ vətəndaşların öz hüquqlarını daha rahat şəkildə müdafiə etməyə imkan verəcək: “Düzdür, sənəd hələ ki, Milli Məclisə daxil olmayıb. Ancaq ümumilikdə həmin sənəddə belə bir müddəa öz əksini tapıbsa, vətəndaşların istirahət zamanı üzləşdikləri problemlər aradan qalxacaq“.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov isə deyir ki, əslində Azərbaycanda turizm şirkətləri ilə vətəndaşlar arasında yaranan narazılığa son qoymaq üçün hüquqi mexanizm çoxdan hazırlanmalı və qəbul olunmalı idi. Onun sözlərinə görə, ölkəmizdə geniş turizm potensialının mövcudluğuna baxmayaraq, daxili turizmin inkişafında problemlər var. Bunun başlıca səbəbi isə sözügedən sektorda fəaliyyət göstərən sahibkarların məsuliyyətsizliyidir: “Çünki turizm obyektlərinin sahibləri təklif olunan qiymətlər müqabilində həm yerli, həm də xarici turistlərə olduqca aşağı xidmətlər göstərirlər. Bu sahədə rəqabət olmadığından onlar nə qiyməti aşağı salmaqda, nə də xidmət səviyyəsini yaxşılaşdırmaqda maraqlı olmurlar. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərində də analoji vəziyyətdir. Yəni bu sahədə rəqabət mühiti yaradılmalıdır ki, görülən işlərin keyfiyyəti də artırılsın. Eyni zamanda turizm şirkətlərinin öz müştəriləri qarşısında öhdəlik götürməsi çox vacibdir. Əgər belə olarsa, onda bu sahədəki hərcmərcliyə də son qoyula bilər“.
Turizm şirkəti ilə müştəri arasında müqavilənin bağlanılması prosesində hüquqşünasın iştirakına gəlincə, həmsöhbətimiz bunun o qədər də önəmli olmadığı qənaətindədi. Onun sözlərinə görə, bu müqaviləni hər bir vətəndaş sənədlə tanış olduqdan sonra sərbəst şəkildə imzalaya bilər: “Ona görə də bu məsələyə hüquqşünasın müdaxilə etməsinə ehtiyac yoxdur“.

“Turizm şirkətləri müştəriləri aldadır“

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov isə turizm şirkəti ilə müştəri arasında müqavilənin bağlanılması prosesində hüquqşünasın iştirakını vacib sayır. O, hesab edir ki, müştəri müqavilə imzalamazdan əvvəl mütləq hüquqşünasla məsləhətləşməlidir: “Praktika göstərir ki, turizm şirkətləri həmişə müqavilələri öz mənafelərinə uyğun tərtib edirlər. Bu məsələdə müştərinin mənafeləri nəzərə alınmır. Təbii ki, vətəndaş həmin müqaviləni kortəbii şəkildə imzalayarkən ciddi problemlər ortaya çıxır. Düzdür, Azərbaycanda turizm şirkətləri ilə müştərilər arasında müqavilə bağlanılması kütləvi hal almasa da, bununla bağlı bizə çoxsaylı şikayətlər daxil olur. Müştərilər xüsusilə turizm şirkətlərinin vəd olunan xidmətlər müqabilində aşağı səviyyəli xidmət göstərmələrindən şikayətlənirlər. Yəni, bu yolla vətəndaşlar aldadılırlar. Bu baxımdan müştəri turizm şirkəti ilə müqavilə bağlayarkən mütləq vəkillə məsləhətləşməlidir“.
Sevinc
Oxunma sayı 36