Dövlətimiz koronovirusla mübarizədə bütün imkanlarını səfərbər edir - Rəy

13:29 07.07.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan dövləti bütün gücünü ölkə vətəndaşlarının sağlamlığının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına yönəldib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atılır. Ümumilikdə, COVID-19-la mübarizə strategiyası bir neçə istiqaməti özündə təcəssüm etdirir".

Bu fikirləri hafta.az-a açıqlamasında Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq bildirib ki, bu gün birmənalı olaraq bütün dünya qarşısında dayanan ən böyük çağırış COVID-19 və onunla mübarizədir. Böhran vəziyyətinə baxmayaraq, Planetin hegemon dövlətlərinin və liderlərinin COVID-19 kimi təhlükəli “düşmən”lə mübarizədə fəal olmadığını görürük: "Dünyada 10 milyondan çox insanın yoluxduğu koronavirus bütün dövlətləri, liderləri çıxılmaz vəziyyətə salıb. Yaşananlar göstərdi ki, COVID -19 təkcə dünya səhiyyəsinə və insanların sağlamlığına zərbə vurmadı, həm də siyasi prosesləri və iqtisadi strukturu alt-üst etdi".
Politoloq COVID-19 bəlasının dünya müharibələri ilə müqayisə edilməsinin heç də təsadüfi olmadığını diqqətə çatdıraraq deyib: “Çünki ötən əsrdə baş verən iki dünya müharibəsində olduğu kimi, koronavirusun da nəticələrinin Planetin siyasi-iqtisadi düzənini dəyişəcəyi haqqında proqnozlar verilməkdədir. Fakt göz qabağındadır. Pandemiya bank, maliyyə sektoru ilə bərabər, xidmət, turizm, sənaye, enerji və digər sektorları iflic vəziyyətinə salıb. Hazırda bütün dünya ölkələrinin iqtisadiyyatında geriləmə müşahidə olunmaqdadır və bu geriləmənin təkcə mərkəzi banklar vasitəsilə aradan qaldırılacağına ümid etmək mümkün deyil. Bütün ölkələr vergi ödəyicilərinin milyardlarla dollarlıq vəsaitini böhranın həm səbəbinin, həm də nəticələrinin aradan qaldırılmasına (epidemiyanın qarşısının alınmasına, zərər görmüş insanlara və biznesə dəstək olmağa) sərf etməli olacaqlar”.
Ekspert diqqətə çatdırıb ki, dünyada epidemiyanın qarşısının alınması, sosial sabitliyin bərqərar edilməsi və iqtisadiyyat üçün tələbatın təmin edilməsi prioritet məsələlərdir. Azərbaycan hökuməti bu istiqamətdə mübarizə tədbirlərini davam etdirir, müvafiq tədbirlər görülür. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı qısa müddətdə 20-dən artıq xəstəxana xəstələrin ixtiyarına verildi. Bölgələri də əhatə etməklə ölkədə 2 min çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və onlardan altısı artıq istifadəyə verilib. Bundan başqa, ən müasir standartlara cavab verən laboratoriyalar alınıb və qısa müddətdə onların sayı 26-ya çatdırılıb. Dünyada tibbi ləvazimatla təminatın problemə çevrildiyi indiki məqamda daxili tələbatı ödəmək üçün ölkəmizdə qısa müddətdə tibbi avadanlıqlar, maskalar, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar, dezinfeksiya vasitələri istehsal edən müəssisələr açıldı. Həmçinin xüsusi karantin rejiminə görə orta və kiçik sahibkarlara dövlət tərəfindən maliyyə kompensasiyası, əhalinin ehtiyac kateqoriyasına aid hissəsinə edilən maddi yardımlar indi də davam etdirilir.
“Dövlətimiz koronovirusla mübarizədə bütün imkanlarını səfərbər edir. Ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi bir dövrdə vətəndaşlar da koronavirus pandemiyasının ciddiliyinə xüsusi diqqət yetirməli, özlərinin və ətraflarının sağlamlıqlarını qorumalıdırlar. İnsanlar bilməlidirlər ki, COVID-19 xəstəliyi hələ bir müddət davam edəcək. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək karantin qaydalarına əməl etməsi son dərəcə vacibdir. Görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da az itki ilə çıxacağını deməyə əsas verir. Dövlətimizin başçısının dediyi kimi, biz birlikdə güclüyük!”, - deyə Zaur Məmmədov qeyd edib.

Oxunma sayı 1770