“Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması müsbət əhəmiyyətə malikdir” - EKSPERT   

16:53 24.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq maliyyə institutlarının Azərbaycanda nümayəndəliyinin olması müsbət haldır. Məsələ ondadır ki, Dünya İqtisadi Forumu kimi beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir. Bu, müəyyən qədər xarici investisiyaya əlavə çıxış imkanları yaradır”. Bunu hafta.az-a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, adətən, bu kimi institutlar mütəmadi olaraq real sektorun qiymətləndirilməsi, iqtisadi vəziyyətin dəyərləndirilməsi, həmçinin, mövcud strateji inkişaf proqramları ilə bağlı həm araşdırmalar, tədqiqatlar aparırlar, həm də tövsiyələr hazırlayırlar: “Ona görə də bu təşkilatın akkreditasiya olunmuş nümayəndəliyinin Azərbaycanda yerləşməsi müsbət haldır. Bunun sayəsində Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı müvafiq tədqiqatlar aparıla və həmin tədqiqatlar əsasında keyfiyyətli tövsiyələr hazırlana bilər. Hesab edirəm ki, bu və digər baxımdan Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması müsbət əhəmiyyətə malikdir”.

Xatırladaq ki, Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzi yaradılacaq. Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin bununla bağlı imzaladıqları niyyət protokolu ilə ölkəmizlə Forum arasında əlaqələrin yeni səhifəsinin başlanğıcı qoyulub.

Qeyd edək ki, çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Prezident İlham Əliyev niyyət protokolunun imzalanmasını Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandırıb.

Protokolun əhəmiyyətini vurğulayan Borge Brende isə bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

Oxunma sayı 55