Dünya Meteorologiya Təşkilatı ölkələrə çağırış edib

18:18 24.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilmiş məhdudlaşdırıcı tədbirlər atmosferə buraxılan parnik qazları tullantılarının həcminin müvəqqəti azalmasına gətirib çıxarıb, lakin bu, qlobal istiləşməyə qarşı ardıcıl mübarizə tədbirlərindən imtina etmək üçün bəhanəyə çevrilməməlidir. Bunu Dünya Meteorologiya Təşkilatı (DMT) bəyan edib. DMT xəbərdarlıq edib ki, COVID-19 iqlim dəyişmələrinin mənfi sosial-iqtisadi nəticələrini daha da ağırlaşdıracaq.

DMT ekspertləri Dünya Torpaq Günü münasibətilə xatırladıblar ki, iqlim dəyişmələri təzahürləri və onun planetimizə təsiri son 50 ildə daim artaraq pik həddinə çatıb: “Son beş il meteoroloji müşahidələrin bütün tarixi ərzində ən isti illər olub. Alimlərin proqnozlarına görə, Paris İqlim Sazişi icra olunmasa, planetimizin bəzi guşələri yaşamaq üçün yararsız vəziyyətə düşəcək.

Karbon qazının bugünkü səviyyəsi 1970-ci ilin göstəricilərindən, demək olar, 26 faiz yüksəkdir. Özü də orta qlobal temperatur o vaxtdan etibarən 0,86 dərəcə artıb və sənayeləşmə dövründə olduğundan 1,1 dərəcə yüksəkdir. Proqnozlara görə, gələn beşillikdə, çox güman, qlobal orta temperaturun yeni rekordu qeydə alınacaq.

Şübhəsiz ki, pandemiya və onunla bağlı məhdudlaşdırıcı tədbirlər parnik qazları tullantılarının həcminin azalmasına gətirib çıxaracaq, lakin bu göstərici müvəqqəti olacaq və uzunmüddətli öhdəliklərdən imtina etmək üçün bəhanəyə çevrilməməlidir.

DMT-nin Baş katibi Petteri Taalas deyib ki, COVID-19 virusunun səhiyyə və iqtisadiyyat sahələrində dərin beynəlxalq böhrana səbəb olmasına baxmayaraq, iqlim dəyişmələri probleminin həll olunmaması bütöv yüzilliklər ərzində insanın rifahı, ekosoistemlər və iqtisadiyyatlar üçün təhlükəyə çevrilə bilər.

O vurğulayıb ki, iqlim dəyişmələrinə qarşı mübarizədə eynən COVID-19 virusuna qarşı aparılan mübarizədə olduğu kimi qətiyyət və birlik nümayiş etdirmək lazımdır: "Biz bəşəriyyətin sağlamlığı və rifahı naminə təkcə yaxın həftələr və aylarda deyil, həm də gələcək nəsillər üçün fəaliyyət göstərməliyik".

Məlumat üçün bildirək ki, atmosferin çirklənməsi xassəsinə görə fiziki, kimyəvi, bioloji, əraziyə görə isə qlobal, lokal və regional miqyasda olur. Araşdırmalara görə, son 100 ildə atmosferə atılan sənaye tullantıları nəticəsində atmosferdə karbon qazının konsentrasiyası 12-13 faiz, toz 10-12 faiz artıb, yerin işıqlanması isə 7-10 faiz azalıb. Atmosferin çirklənməsi zamanı canlı orqanizmlərə müxtəlif qazlarla zəhərli və zərərli maddələr daxil olur və mənfi fəsadlar əmələ gəlir. Atmosferin təbii halda çirklənməsinin əsas səbəbləri təbii fəlakətlər, havanın dəyişməsi, okeandan hava hövzəsinə daxil olmuş karbon qazı, hidrogen sulfid, xloridlər və s. qazlardır. Hazırda havanın çirklənməsi prosesini artıran amillərdən biri də yanacaqla işləyən nəqliyyat vasitələridir. Məsələn, meqapolis şəhərlərdə atmosfer havası nəqliyyat vasitələrinin hesabına 60 faiz, bəzən də 90faizə qədər çirklənir. Demək olar ki, nəqliyyatın bütün növləri atmosferi çirkləndirir. Avtomobil mühərriklərindən çıxan qazların daxilində karbohidrogenlər, azot oksidi, aldehidlər, kükürd qazı, qurğuşun, brom, fosfor birləşmələri, his, qurum dənəcikləri o cümlədən, digər zəhərli maddələr atılır. Bu təqribən 250-dən artıq zəhərli maddə deməkdir. Atmosferə dünya üzrə hər il karbohidrogen mənşəli yanacağın yandırılması nəticəsində 25 mlrd tondan artıq CO2 və 200 mln ton SO2 atılır. Son 100 il ərzində atmosferdə karbon qazının miqdarı 27 faiz, metan 2 dəfə, kükürdlü birləşmələr isə 26 dəfəyə qədər artıb. Atmosfer çirkləndiricilərinin bəziləri kanserogen mənşəlidir.

Onu da qeyd edək ki, atmosferə buraxılan zərərli qazlar ekoloji anomaliyalara yol açır. Ekoloji anomaliyalardan  biri də istilik effektidir. Bu effekt günəş şüalarının istilik enerjisinin müəyyən hissəsinin Yerin səthində saxlanmasından ibarət olmaqla atmosferdə "az qazlar"ın (azot oksidləri,xlorflüorkarbohidrogenlər) miqdarının artması nəticəsində əmələ gəlir. Sübut olunub ki, istilik effekti əmələ gələn qazların, xüsusilə karbon qazının miqdarının atmosferdə illik artımı (0,5 faiz) dinamik yüksələn xətt üzrə inkişaf etməklə, onun əsas mənbəyi kömürün,neftin və onun məhsullarının təbii qazın, istilik elektrik stansiyalarının sobalarında, avtomobillərin,təyyarələrin və s. nəqliyyat vasitələrinin mühərriklərində daxili yanma prosesinin son məhsuludur. Dünyanın inkişaf etmiş sənaye ölkələrində son 30-35 ildə atmosferə atılan karbon qazının miqdarı çoxluq təşkil edir. Karbon və digər qazların atmosferdə miqdarının artması həm istilik effektini gücləndirir, həm də qlobal temperatur dəyişkənliyi və iqlim anomaliyaları yaradır. Araşdırmalara görə, 2030-2050-ci illərdə planetimizdə temperaturun 1,5-4,5 dərəcə yüksəlməsi ehtimal olunur. Qlobal temperatur və iqlim dəyişkənlikləri insan, flora və faunanın həmin şəraitə uyğunlaşmasını -adaptasiya olunmasını böhran vəziyyətinə çatdıra bilər.

Son zamanlar antropogen və texnogen təsirlər nəticəsində baş verən anomaliyaların xüsusi əhəmiyyət kəsb edən forması isə turşulu-rəngli yağışlardır. Turşulu yağışların əsas səbəbi atmosferə atılan kükürd və azot oksidlərinin miqdarının artmasıdır. Həmin dioksidlər əsasən İES-dən nəqliyyat vasitələrindən,kimya və metallurgiya zavodlarından atmosferə atılaraq yağmurlar nəticəsində müvafiq turşulara çevrilir və turşulu yağışlar şəklində Yer səthinə düşür. Turşulu yağışların əsas hissəsi sulfit anhidridinin, müəyyən hissəsi azot2 oksidin payına düşür. Sənaye mərkəzləri olan şəhərlərdə turşulu yağışlar tez-tez müşahidə olunur.

Digər tərəfdən, atmosferin normal ahənginin pozulması güclü küləklərin, fırtınaların,sunamilərin, daşqınların, leysan yağışlarının,dolunun, tropik siklonların, tayfunların, vulkanların, sel və su basmalarının,qar uçqunlarının, quraqlığın, kosmik fəlakətlərin (meteoritlərin yağması,onlar düşərkən güclü səsküy və işığın əmələ gəlməsi) yaranmasına səbəb olur və ciddi təlatüm doğurur. Ətraf mühit amillərinin (hava,torpaq,su), eləcə də, radioaktiv maddələrlə atmosferin çirklənməsi insanların süni və təbii radioaktiv maddələri istismar etməsi ilə bağlıdır. Radioaktiv maddələr əsasən təbii halda havaya torpaqdan (müxtəlif qazlarla, küləklə, vulkan püskürmələri və suların buxarlanması ilə və s.) daxil olur. Bismut, tallium, eləcə də polonium kimi digər ağır metallar kosmik şüalarla və Yer qabığında şüalar buraxmaqla havanı radon, torium və onların parçalanma məhsulları ilə çirkləndirir. Atom müəssisələrində baş verən qəzalar da atmosferin radioaktiv çirklənməsinə səbəb olur.

Yeri gəlmişkən, atmosferin çirklənməsi dünya ölkələrinin iqtisadiyyatına , insan, heyvan və bitki orqanizminə mənfi təsir edir, təbii prosesləri regional eləcə də, qlobal miqyasda dəyişdirir. Çirkləndiricilərin təsir gücündən torpağın məhsuldarlığı aşağı düşür, metal konstruksiyalar, maşın və mexanizmlər korroziyaya uğrayır, yun,neylon, dəri məmulatları tez sıradan çıxır, binalar və digər obyektlər zədə görür. Sübut  edilib ki, şəhər əhalisi arasında geniş yayılmış tənəffüs yolları xəstəlikləri fosforlu, azotlu maddələrin buxarları və digər birləşmələrin qıcıqlandırıcı təsiri nəticəsində baş verir. Tənəffüs zamanı bərk və maye hissəciklər ağciyər alveollarına toplanır, qanda adsorbsiya olunur və bəzən limfa düyünlərində yığılır.

Bir məqamı da vurğulayaq ki, araşdırmalara görə, hər il planetimizin atmosferinə 100 milyon tonlarla çirkləndirici maddələr qeyri-təbii yolla atılır. Atmosferdəki maddələrin ümumi miqdarının 90 faizi qazlardan 10 faizi bərk hissəciklərdən, toz və aerozoldan ibarətdir. Məlum səbəblərdən atmosferin tərkib hissəsi olan karbon qazının miqdarı ildən-ilə artmaqdadır. Karbon qazının miqdarının atmosferdə artması ilk növbədə iqlimin dəyişməsinə təsir göstərir. Atmosfer havasının toz-tüstü və hislə çirklənməsi də iqlim dəyişməsinə şərait yaradır. Karbon qazı ultrabənövşəyi şuanı infraqırmızı (istilik yaradan) şualardan yaxşı keçirir. Bu o deməkdir ki, Yer ətrafında karbon 4-oksidin miqdarının çoxalması şüşə ilə örtülmüş istixanada olduğu kimi “istixana effekti” yaradır. Hesablamalara görə atmosferdə karbon qazının miqadarı iki dəfə artdıqda Yer kürəsində temperatur 1.4-2.3 dərəcə yüksələ bilər ki, bu da daimi buzlaqların əriməsinə və çoxlu yağıntıların düşməsinə səbəb olar.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 326