Dünyada 37,9 milyon İİV-li insan var - FOTO

11:15 02.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi birgə dəyirmi masa təşkil edib. Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası, BMT agentlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirin məqsədi milyonlarla IIV-li insanlarla həmrəyliyi nümayiş etdirmək və diskriminasiya və xəstəlik damğasına son qoymaq üçün bir fürsət olan Ümumdünya QIÇS-lə Mübarizə Gününü qeyd etməkdir.

Qeyd edək ki, maarifləndirmə kampaniyasının tərkib hissəsi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzi 22-29 noyabrda "Avropa İİV-ə test həftəsi" çərçivəsində Bakıda bir neçə ictimai müəssisədə pulsuz və anonim qaydada İİV infeksiyasına ekspress-test müayinəsi keçirib. Tədbirdə qeyd olunub ki, 1988-ci ildə təsis olunan Ümumdünya QİÇS-lə Mübarizə Gününün məqsədi İİV-ə (İnsan İmmun Çatışmazlığı Virusu) qarşı mübarizə aparmaq, bu xəstəliyə yoluxmuş insanlara dəstək göstərmək və İİV-dən dünyasını dəyişmiş insanların xatirəsini yad etməkdir. Bildirilib ki, ÜST-nin 2018-ci il statistikasına əsasən, dünyada 37,9 milyon İİV-li insan var. 1984-cü ildə aşkar olunan virusdan indiyə qədər 35 milyon insan ölümü qeydə alınıb. Bu, xəstəliyin dünyanın ən böyük bəlalarından biri olduğunu göstərir. Bu il Ümumdünya QİÇS-lə Mübarizə Günündə ÜST, İİV epidemiyasının kökünün kəsilməsində icmaların böyük rolunu vurğulayır və dünyanın diqqətini ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə icmaların fəaliyyətinin genişləndirilməsinə yönəldir.

Sosial rubrikasından digər xəbərlər