Dünyanı müharibələrə sürükləyən yeni litium strategiyası - ARAŞDIRMA

16:36 18.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çox maraqlıdır, Suriyada, İraqda, Əfqanıstanda, Liviyada və sair gedən vətəndaş müharibəsinə çözüm arandığı, daha neçə müharibənin astanasında dayanan ölkələrin başı üstünü almış təhlükələrin dəf edilməkdə olduğu bir zamanda, Latın Amerikası ölkələrində baş verən qiyamlar maraqlı faktları ortaya atır. Fikir verirsinizsə, onillər ərzində sakitcə öz yolu ilə inkişaf edən bu ölkələrdə nə oldusa, bir-birinin ardıyla xalq qəzəbləndi, küçə-meydan bir günün içində izdihamla dolub-daşdı və gecə-gündüz insanlar iqtidarlardan istefa tələbində israr etdilər. Ekvadorda başlayan böhran hökumətin tamamilə paytaxtdan başqa şəhərə köçməsi, Çilidə ordunun mühasirəsində fəaliyyətə məcbur eləsə də, son günlərdə yaranan eyni mahiyyətli hadisələr Boliviya prezidentini hərbi çevrilişlə devirdi və hətta ölkədən qaçmaq məcburiyyətində qoydu. B0u seriya bitməyəcək deyəsən, növbədə uzun illərdir borc bataqlığından çıxa bilməyən Argentina var – elə Braziliyanın da gələcəyi işıqlı görünmür və sair. Səbəb nədir? Axı Boliviya xaric, bu ölkələrin hamısı ABŞ-ın Venesuelaya qarşı siyasətini dəstəkləmişdi...

Neftlə zəngin ölkələrin strateji üstünlüyü, məncə, mövqeyini itirməkdədir. Dünyada yanacaq növü olaraq neftdən istifadə get-gedə azalmaqdadır və artıq ABŞ-da, eləcə də Avropada, Yaponiya və Çində benzinlə çalışan avtomobilləri elektrik mühərrikli nəqliyyat vasitələri avəz etməkdədir. İndiyədək avtomobillərin hərəkəti üçün neft əsas vasitə olduğu kimi, elektrikli nəqliyyat vasitələrinə can verən məhsul da litiumdur. Çox maraqlıdır ki, bir bəhanə əsasında hakimiyyətləri devrilən Latın Amerikası ölkələrinin hər biri litium ehtiyatları baxımından dünyanın ən zənginləridir. Yəni litiumun Yer kürəsində aşkarlanmış ehtiyatlarının böyük qismi məhz bu ölkələrin payına düşür. Xüsusilə də xalq qiyamlarının davam etdiyi Boliviya və Çilidə...

Məlumata görə, dünyada mövcud olan litium ehtiyatlarının 70 faizi məhz Boliviya ərazisindədir. Onun ancaq kəşf olunmuş ehtiyatlarının 9 milyon ton olduğu deyilsə də, ehtimal edilən həcmi bundan dəfələrlə çoxdur. Bu da qiyama aparan səbəbdir.

Deməli, bu vaxtadək Boliviyanın litium mədənlərinə Almaniyanın ACISA şirkəti nəzarət edib. Almanlar litiumu xammal olaraq pulunu verib Almaniyaya daşıyıb. Emal olunmuş formada dəfələrlə baha qiymətə başqa ölkələrə, o cümlədən, Tesla avtomobil şirkətinə satılırmış. Boliviyanın solçu lider Evo Morales bütün bu haqsızlığa son qoymaq üçün adıçəkilən alman şirkətinin litium mədənləri üzərində mövcud olan nəzarət hüququnu ləğv edir. Bu, ABŞ və Avropada böyük təlaş yaradır. Morales bununla hücumlarını dayandırmır, litium mədənlərini işlətmək üçün Çin şirkətləri ilə razılığa gəlir. Çinlilər söz verirlər ki, Boliviyada ən qısa zamanda litium emal edəcək müasir zavodlar tikiləcək və ölkə xəzinəsinə bu məhsuldan gələn gəlirin həcmini bir neçə dəfə artıracaq. Üstəlik, Boliviyada xeyli əlavə iş yeri də yaradılacaq.

Bu yerdə qeyd edək ki, Morales 2006-cı ildə hakimiyyətə gələn gündən indiyədək “Glencore”, “Jındal Çelik”, “Anglo-Argentinian Pan American Energy” və “South American Silver” (indiki adı “TriMetals Mining”) kimi şirkətlərin fəaliyyətini ya dayandırıb, ya da ki, məhdudlaşdırıb. Məhz Moralesin ciddi tələbləri nəticəsində adıçəkilən şirkətlər Boliviya xəzinəsinə ümumilikdə 1,9 milyard dollar həcmində əlavə vergi ödəməyə məcbur olub. Moralesin 13 illik hakimiyyəti dövründə yürüdülən bu cür milli siyasətin nəticəsi olaraq ümumdaxili məhsul istehsalı və valyuta ehtiyatları xeyli artıb.

Bu da bir həqiqətdir ki, Boliviyanın milli “Comibol” və beynəlxalq litium şirkəti olan “Yacimentos de Litio Bolivianos” təkbaşına maddi və texnologiya baxımından zəngin litium mədənlərini istismar etmək qüvvəsinə malik deyillər. Yəni xarici sərmayənin olması şərtdir. Bundan sonra Morales ABŞ və ya Avropaya deyil, Çin şirkətləri “TBEA Grub”a və “China Machinery Engineering”ə üz tutur. Təbii ki, ABŞ özünün toxunulmaz və girilməz hesab etdiyi “Arxa bağçası”na çinlilərin ayaq açmasına dözə bilməzdi. Əvəzini çıxmaq, prosesləri Vaşinqtonun xeyrinə çevirmək üçün isə Latın Amerikasında son onillərdə dəfələrlə uğurla sınaqdan çıxardığı çevriliş planlarını işə saldı – Morales Meksikaya qaçdı...

Ümumiyyətlə, litium nədir? Litiuma tələbat İkinci dünya müharibəsindən sonra sürətlə artıb. Litium yumşaq, gümüşü-ağrəngli metaldır. Son dərəcə reaktiv və yanmağa meyillidir. Yüksək reaktivliyə malik olduğundan, təbiətdə sərbəst şəkildə görünmür və daha çox digər metalların birləşməsində aşkarlanır. Litiuma tələbat, əsasən, nüvə silahının istehsalı genişləndikdən sonra artıb. Ticari müstəvidə litiumu duzlar, minerallar, duzlu su hövzələri və ya duzlu su yataqlarında toplanan sudan süzürlər. Bundan əlavə, metal litium xlor və potasium qarışımından elektroliz yolu ilə istehsal edilir.

Nivə silahından əlavə, mobil telefonlarda, dizüstü elektron cihazlarda, dijital kamera və digər elektron cihazların istehsalında istifadə olunur.

Liyiumun ehtiyatına görə ölkələrin siyahısı aşağıdakı kimidir:

Boliviyada indiyədək hesablanmış ehtiyat –  9 milyon tondur (kəşf olunmuş).

Çilidə də 7,9 milyon ton ehtiyatı olan litiumun illik istehsalı 12,9 min metr-tondur. Əsas yataqlar duz mədənlərində cəmlənib.

Argentinada 9 milyon ton ehtiyat cəmlənib. İllik istehsal isə 2,9 min metr-tona bərabərdir. Əsas ehtiyatlar diz yataqlarında cəmlənib. Ən böyük yataq ölkənin şimalında yerləşən “Salar del Hombre Muerto”dur.

Çində  7,5 milyon ton litium ehtiyatı var. İllik istehsalı isə 5 min metr-tondur. Əsas yataqları Tibetdəki Chang Tang dərəsindədir.

ABŞ-da 6,9 milyon ton ehtiyatı var. Əsas mədənlər Alyaskadadır.

Litium istehsalında birinci ölkə Avstraliyadır. İki milyon ton ehtiyatı olmasına baxmayaraq, ildə 13 min ton istehsalla birinciliyini qoruyur. Bu ölkədə litium sərt qaya daşlarından alınır və ən böyük yataq “Greenbushes”dir. Çin və digər Asiya ölkələrinə ixrac edir.

Dünyanın qalan bütün ölkələrində ümumilikdə 5,5 milyon ton litium ehtiyatı var. Bu da o deməkdir ki, hazırda Yer kürəsində litiumun miqdarı 46,9 milyon tondur.

Braziliyada da böyük yataqları olan litiumun illik istehsalı 400 metr-tondur. Əsas yataqlar Boliviya və Venesuela ilə həmsərhəd ərazilərdə yerləşən “Minas Gerais” və “Ceara”dır.

Bir dəfə diplomatlardan biri söhbət əsnasında deyirdi ki, sitat: yazıq o ölkənin halına ki, ərazisində ehtiyatları çoxdur və geosiyasi mövqeyi böyükdür. Latın Amerikası ölkələri də mineral ehtiyatlarına görə hər zaman ABŞ-ın nəzarətində olacaqlar. Eynən neft və qazla zəngin müsəlman dövlətləri kimi...