Düşmən təxribatının təbiətimizə vurduğu ziyan

11:14 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayının 27-si səhər saatlarından başlayaraq ermənilər cəbhəyanı kəndləri atəşə tutur. Ordumuz əks hücum həmləsi ilə düşmən tərəfə layiqli cavabı verir və hazırda bölgədə şiddətli döyüşlər davam edir. Düşmən isə hər zaman olduğu kimi, mülki şəxsləri və yaşayış yerlərini hədəfə alır. Məhz bu səbəbdən də həm cəbhəyanı ərazilərdə yaşayan əhaliyə, həm də ərazinin flora və faunasına ciddi ziyan dəyir.

Hafta.az cəbhəyanı ərazilərin ekologiyası və kənd təsərrüfatına düşmən təxribatının verdiyi ziyanı araşdırmaq üçün mütəxəssislərə müraciət etdi.

Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, hazırda dünyada bir çox nöqtədə müharibələr gedir. Kimyəvi zərərverici maddələrdən istifadə edib torpaqlar şumlanılır, bitkilərin tərkibinə yeni bioloji maddələr əlavə edilir, bunlar hamısı təbiətə böyük ziyan vurur:

“Lakin hazırkı vəziyyətdə bizim üçün vacib olan ilk növbədə torpaqlarımızın işğaldan azad edilməsidir. Digər ekoloji vəziyyətlər ilə isə daha sonra məşğul olmaq olar. Çox güman ki, işğaldan azad edilən torpaqlarda çoxlu sayda mərmilər olacaq, burada insanların sağlamlığını nəzərə alınaraq,  təmizləmə işləri aparılacaq. Daha sonra isə bizim üzərimizə düşən vəzifə ondan ibarətdir ki, burada yaşıllıqları, çayları bərpa edib, bölgəni ekoloji təmiz əraziyə çevirək”.

Ekoloq söyləyir ki, hazırda müharibənin olması, bölgədə çayların qurumasına və bitki örtüyünün məhvinə səbəb ola bilməz. Ümumiyyətlə, yaranmış bütün ekoloji problemlər zamanla həll edilə bilinəcək dərəcədədir.

“Mərmi düşür və partlayır, burada bir ağaca ziyan dəyirsə, bu, bütün ağacların məhv olması demək deyil. Təbiətin məhv olması üçün isə ozon təbəqəsi zədələnməlidir. Bu zaman tək bir ölkə deyil, bütün dünya ziyan görür. Düşünürəm ki buna heç bir dövlət imkan verməyəcək. Müharibənin verdiyi ən böyük zərbə insanların sayının azalması olacaq. Yerdə qalan bütün ekoloji problemlər zamanla həll edilə bilər”.

Ekoloq Ənvər Əliyev də həmkarı ilə eyni fikirdədir. O söyləyir ki, müharibələr  tarixin ən qorxunc, ən amansız hadisələridir. Bu hər şeydən əvvəl insanlığa vurulan böyük zərbədir. İnsanın yaşaması üçün vacib olan mühiti məhv edir:

“Müharibə zamanı təbiət elementlərinə, landşaft ünsürlərinə, həm yerüstü, həm yeraltı həm də atmosfer təbəqəsinə xeyli ziyan dəyir. Əlbəttə ki, hazırda əsas məqsəd tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Mən özüm burada uzun müddət tədqiqatçı olmuşam, torpaqlarımız azad olunduqdan sonra da, biz bölgədə lazım olan bütün tədqiqatları aparıb, vətənin yaralarını sarıyacağıq. Bu gün vandal düşüncəli bir millətin torpaqlarımıza vurduğu ziyanları, törətdiyi amansızlıqları 1-2 ilə həll etmək mümkün deyil”.

Mütəxəssis söyləyir ki, gələcəyə daha gözəl Azərbaycan bəxş etmək üçün burada hamılıqla mübarizə aparmalıyıq. Qarabağda yaranmış ekoloji problemlər, hər biri bizim mütəxəssislərimiz tərəfindən həll ediləcək:

“Düşünürəm ki, ərazidəki bütün landşaft komponentləri, təbii sərvətlərimiz ayrı-ayrı mütəxəssislər tərəfindən müasir texnologiya əsasında işlənəcək. Daha sonra meşələrimiz, çaylarımız, bağlarımız, yenidən bərpa olunacaq. Təsadüfi deyil ki, Qarabağ sözündə belə “bağ” hissəsi var. Bura hər zaman  zəngin təbiəti, bağları və iqlimi ilə göz oxşayıb. Burada bizim etnosun əmələ gəldiyi 300 min illik abidələrimiz var. Onların hamısı torpaqlarımız azad edildikdən sonra yenidən bərpa olunacaq. Ola bilsin bu proses uzun olsun, əgər əraziyə kimyəvi olaraq zərərlər verilibsə, “Beynəlxalq Məhkəmə” yolu ilə dəyən ziyanı düşmən tərəfə ödətmək olar. Mən hər zaman arzu etmişəm ki torpaqlarımız işğaldan azad olunsun və buranın iqtisadi inkişafı nəinki Qafqazda, eləcə də bütün dünyada adından söz etdirsin”.

Mütəxəssislərin fikrindən belə qənaətə gəlmək olar ki bölgədə yaranmış bütün ekoloji problemləri, vaxt keçdikcə həll etmək mümkündür. Bəs görəsən kənd təsərrüfatına verilən fəsadları necə, mümkündürmü? Ümumiyyətlə təcavüzkar erməni qüvvələri cəbhəyanı ərazilərdə məhsuldarlığa hansı ziyanları vurur?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə hafta.az-a açıqlamasında yaranmış suallara aydınlıq gətirdi. Onun sözlərinə görə işğalçı tərəfin çirkin əməlləri nəticəsində, cəbhəyanı rayonlarımızda uzun illərdir ki, əhali normal şəkildə əkinçiliklə məşğul ola bilmir. Düşmən kənd təsərrüfatımıza ciddi ziyan vurur:

“Ermənilər ya əkin vaxtı kəndlilərin texnikasını sıradan çıxarır, yada özlərini gülləbaran edir. Bu səbəbdən də əkinçilər aqrotexniki qaydalara tam əməl edə bilmirlər. Biz bunu yığım vaxtı da müşahidə edirik. Bölgədə dəfələrlə kombaynlara atəş açılıb, taxıl zəmiləri yandırılıb. Bu amillər məhsul istehsalına da öz təsirini göstərir, cəbhə bölgəsində yaşayan kəndlilərin gəlirləri azalır, onların maddi durumu pisləşir”.

Mütəxəssis onu da qeyd etdi ki, düşmən eyni zamanda su təsərrüfatımıza da ciddi ziyan vurur. Su hövzələrinə ziyanverici kimyəvi maddələr axıdılır yaxud da partlayıcı qurğular.

“Bildiyimiz kimi ermənilər elə coğrafi məkanda məskunlaşıblar ki, bizim cəbhə bölgəsinin əksər hissəsində, onların ərazisindən gələn çay sularından istifadə edilir. Burada düşmən çaylara zərərli maddələr buraxır, elə bunun nəticəsidir ki, 2011-ci ildə çaydan tapılan oyuncağın partlaması nəticəsində, 13 yaşlı qızcığaz həyatını itirmişdi”.

Qeyd edək ki, 1988-94-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri bu gün də talan edilir.

İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır. Hal hazırda işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalıb, ərazidə törədilən yanğınlar nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib.

 

Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində-Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, əsrlərin yadigarı olan çinar ağacları ermənilər tərəfindən qırılır və məhv edilir.

Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur.

Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat məbləğində ziyan dəymişdir.

Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar.

Banu

Oxunma sayı 4307