DYP piyadalara müraciət etdi

12:51 08.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir.

Bunu hafta.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

Vaqif Əsədov Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa, cərimə olunurlar: "Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Sosial rubrikasından digər xəbərlər