İranın parlamentli respublika olması bizə nə verə bilər?

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər bunun baş verəycəyinin az inandırıcı olduğunu bildirirlər

İranda prezident vəzifəsinin ləğvi ilə bağlı geniş diskussiyalara başlanılıb. Diskussiyalara ölkənin rəhbəri və ali dini lideri seyid Əli Xameneyi start verib. “İndi respublikanın siyasi quruluşu prezident respublikasıdır. Prezident xalq tərəfindən birbaşa seçilir. Lakin nə vaxtsa ola bilsin uzaq perspektivdə parlament respublikası quruluşunun icra hakimiyyətinin formalaşdırılması üçün daha yararlı olması barədə rəyə gəlsək, hazırkı mövcud sistemin dəyişdirilməsi üçün problem yoxdur“, - deyə iranlı lider bazar günü Kirmanşah şəhərində bəyan edib. Dünən əksər mərkəzi qəzetlər bu mövzunu başlığa çıxarıblar. “Parlament quruluşu - heç bir problem yoxdur“ - “Rəsalət“ adlı qəzet ön səhifəsində yazıb. Maraqlıdır bu baş verərsə, İranın siyasi sistemində hansı dəyişikliklər ola bilər? Azərbaycan və bölgə ilə bağlı apardığı siyasət dəyişə bidlərmi? Bu sualların cavabını tapmaq üçün politoloqlara müraciət etdik.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, İran nə prezident, nə də parlament üsul-idarəli dövlətdir. Onun sözlərinə görə, İran yeganə dövlətdir ki, onun qurumlarının üzərində dini lider deyilən üst qurum var: “Yəni prezidentin səlahiyyətləri parlamentin xeyrinə dəyişsə belə bu İrandakı hazırkı sistemin dəyişməsi mənasına gəlməyəcək. Çünki bütün təyinatlar, xarici və daxili siyasət əvvəlkitək dini liderin nəzarətində olacaq“.
Politoloq Cümşüd Nuriyev isə bildirdi ki, hazırda İran parlamentinin özündə də problem var: “Çünki İran parlamentinin 100 üzvü parlament rəhbərliyinə müraciət etmişdi ki, Əhmədinecada impicment elan edilsin. Amma bu həyata keçmədiyinə görə hazırda İran parlamentində istefalar başlayıb. Bu istefalarla İran parlamentinə təsir göstəriləcəyi o qədər də inandırıcı deyil“. İranın demokratik dövlət olduğunu deyən C.Nuriyev diqqətə çatdırdı ki, orada din kifayət qədər siyasiləşdirildiyinə görə, parlamentli respublika olma ehtimalı azdır: “Bu bəlkə də İran rəhbərliyinin xalqa sırımaq istədiyi növbəti yalançı ideyalardan biridir. Amma bunun qəbul olunacağı o qədər də inandırıcı görünmür. Onda belə çıxır ki, İran elə indidən islam qaydalarından əl çəkməlidir. Çünki şəriətlə idarəolunan bir dövlətin bu addımı atacağını gözləmirəm. Əslində islam parlamentə uyğun bir modeldir. Amma şəriəti kifayət qədər fundamertalizm rəngləri ilə boyayan İran buna getməz. Onda İran İslam Respulikası yox, İran Respublikası olar. Bu da o deməkdir ki, dini idarəetmə sisteminə son qoyulmalıdır. Əhmədinecad prezident kimi İrana bir şey vermədiynə görə, ondan qurtulmaq üçün bu addım atıla bilər. 1970-ci ildən bəri İran prezidentlərinin əksəriyyəti bu dövlətin başına bəlalar gətirməklə məşğuldur. İranı bir dövlət kimi dünyaya təqdim etməyi bacarmayıblar. Bəlkə də ona görə çalışarlar ki, İran dövlətinin taleyini bir nəfərə yox, parlamentə həvalə etsinlər. Əgər bu baş verərsə, mən bunu böyük bir inqilab kimi qəbul edərəm“.
Nicat
Oxunma sayı 137