Ekoloji tarazlığın qorunmasına böyük töhfə

18:53 06.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, dekabrın 6-da Azərbaycanda bir gün ərzində indiyədək görünməmiş sayda - 650 min ağac əkilib. Bu ekoloji aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Qeyd edək ki, ağacəkmə aksiyası respublikanın bütün regionlarını əhatə edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub. Aksiyada nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkilib.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində, ümumilikdə, 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulub. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.

Qeyd edilib ki, Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı ağacları əkilib. Burada əkilən ağaclar ilə "Nəsimi 650" yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da ağac əkiblər.

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədovun fikrincə, dekabrın 6-nı ölkəmizin ekologiya tarixində xüsusi gün adlandırmaq olar: “Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilir. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır”.

Onun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: “Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq".

Əli Əhmədov qeyd edib ki, bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq: "Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır".

Qeyd edək ki, böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edib.

Mütəxəssislər isə bildirirlər ki, 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

Xatırladaq ki, Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır. Bu normalar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb.  Sənədə görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir. Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi isə həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 kvadrat metrdən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb.

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi isə "Yaşıllıqların bərpa edilməsi" məsələsi ilə bağlıdır. Qanunda bildirilir ki, yaşıllıqların bərpasının əsas məqsədi torpaqlarda ağac və kol bitkilərinin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, torpaqlardan əhalinin istirahəti və digər məqsədlər üçün səmərəli istifadə edilməsindən, yaşıllıqlar olmayan ərazilərdə yaşıllıq salınmasından, məhsuldar olmayan torpaqların ağac və kol bitkilərinin əkini üçün yararlı vəziyyətə gətirilməsindən və meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlərin yaradılmasından ibarətdir. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulanlar bərpa işlərinin, onların aparılma üsullarının və bərpa olunacaq ağac və kol cinslərinin müəyyənləşdirilməsi, həmçinin, ağac-kol bitkiləri toxumları və əkin materiallarının tədarükü və əldə olunması üçün tədbirlərin görülməsi, müvafiq ərazidə baş vermiş dəyişikliklər nəzərə alınmaqla, torpaq sahələrinin mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin müraciəti əsasında bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilir. Bərpa tədbirlərinin daha səmərəli həyata keçirilməsi üçün yaşıllıqlara qulluq, qiymətli ağac və kol cinslərinin sort sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə yaşıllıqların cins tərkibini yaxşılaşdırmaq, onların qoruyucu xüsusiyyətlərini artırmaq əsas şərtlərdəndir. Bütün növ yaşıllıqların zədələnməsi və məhv olması hallarında əvəzli yaşıllaşdırma aparılması (yaşıllıqların bərpa edilməsi) məcburidir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin verdiyi fərmanda  da yaşıllaşdırma işi mühüm bir vəzifə kimi önə çəkilib.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 39
Sosial rubrikasından digər xəbərlər