“Elə tunellər qazılıb ki, içində buldozer sərbəst hərəkət edə bilər” – Təhlükəsizlik uzmanı

11:54 14.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ordusu Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başlatdığı “Barış pınarı” əməliyyatı tam sürət və qalibiyyətlə davam edir. Rasulayn şəhəri döyüşsüz-filansız YPG terrorçularından alınandan sonra Tel Abyad kimi strateji və bölgənin ən iri şəhəri də türk ordusunun zəfəri sayəsində alındı. Bu 5 gün ərzində 480 terrorçu öldürüldü, nə qədəri yaralı ələ keçirildi, nə qədəri də könüllü təslim oldu. Yaxşı, doğrudanmı bölgədə hər şey Türkiyənin istədiyi kimi gedir? Alınan bölgələrdə rahatca yaşamaq mümkündürmü? Bu kimi suallara Türkiyədən məşhur hərbi təhlükəsizlik uzmanı Abdullah Ağar cavab verir:

- Oktyabrın 9-da başlayan əməliyyatlar ilkin olaraq əsasən iki istiqamətdə - Tel Abyad və Rasulayn bölgələrində aparıldı. Rasulayn hilal strategiyasına uyğun şəkildə mühasirəyə alındı. Oradakı YPK terrorçuları baxdılar ki, mühasirə tamamlanarsa, onsuz da çarəsiz vəziyyətləri daha da pisləşəcək və hamısını ölüm gözləyir. Üstəlik, Türkiyə ordusu onların Rasulayndakı ən iri silah cəbbəxanasını vurdu və dəhşətli partlayışların səsi kilometrlərcə uzaqlarda duyuldu. Odur ki, onlar xüsusilə hava zərbələrinə tab gətirmədi, böyük itkilər verərək şəhərdən çəkildilər.

- Sevinirik ki, Türkiyə sərhədinin o tayındakı Rasulayn terrorçulardan təmizlənib. Maraqlıdır, artıq bu şəhərdə tam rahat gəzib-dolaşmaq mümkündürmü?

- Birmənalı şəkildə yox. Çünki burada terrorçuların tələsi ilə üzləşmək mümkündür. Bunun üçün əlimizdə sübut da var. Bxın, Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatına başlamadan öncə bölgədəki Çobanbəy və Rai şəhərləri İŞİD terror təşkilatı döyüşçülərinin əlində idi. Azad Suriya Ordusu ora hücum elədi və şəhərləri çox qısa vaxt ərzində azad etdi. Niyə, ona görə ki, ərazidəki İŞİD terrorçularının böyük hissəsi yeraltı tunellərdə gizlənərək döyüşlərdən yayına bilmişdilər. Həmin gecə Azad Suriya Ordusunun döyüşçüləri qalibiyyətlərinə sevinərək yatıb istirahət edərkən terrorçulıar tunellərdən çıxıb hücuma keçdilər və bölgəyə nəzarəti geri qaytardılar. Azad Suriya Ordusu həmin bölgəyə bir də “Fərat qalxanı” əməliyyatı ilə qayıda bildi.

- Demək istəyirsiniz Rasulaynda və ya Tel Abyadda YPG silahlıları da eyni taktikanı seçə bilərlər?

- Əlbəttə seçə bilərlər, ehtimal çox böyükdür. Çünki bölgədə ağlasığmaz dərəcədə böyük və hardan başlayıb harda itdiyi bilinməyən yeraltı tunellər var. Hesab edirəm ki, tək Rasulaynda deyil, müharibə gedən bütün bölgələrdə hərbçilər diqqətli olmalı, tunellərin mümkün mövcudluğunu tam dəqiqliklə öyrənməlidirlər. Bölgədə elə tunellər var ki, yerin 7-8 metr dərinlikdə qazılıb. Belə dərində olmaq onlara istənilən bombardmandan qorunmaq üçün lazımdır. Bunlar həm də çox geniş tunellərdir. Hətta elələri var ki, içində buldozer sərbəst hərəkət edə bilər. Məhmətçik bir an da olsun arxayınlaşmamalıdır.

- Bir ara yayılan məlumatlarda həmin tunellərin doldurulduğu deyilirdi. Hətta Amerika telekanalları belə görüntülər də yaymışdılar…

- Düz deyirsiniz, ABŞ Tel Abyadda YPG-PKK birliyi tərəfindən qazılan həmin tunelləri ləğv eləmişdi və bu prosesin görüntülərini telekanallara da göndərmişdi. Bəli, bunlar doğrudan da görüntü idi. Bölgədə yaşayan dostlarımdan aldığım məlumata əsasən deyirəm ki, sadəcə tünellərin üstü örtülüb, içi isə fəaliyyət üçün tam işlək vəziyyətdədir. Sözümün canı odur ki, o tünelleri boşuna qazmayıblar.

- Ola bilərmi ki, Türkiyə əməliyyatı yarımçıq dayanmdırsın?

- “Barış pınarı” olduqca uğurlu və sürətli əməliyyatdır. Türk qüvvələri ciddi strateji plan üzrə həm havadan, həm də qurudan eyni zamanda irəliləyir. Hesab edirəm ki, Türkiyə bu əməliyyatlarla sonunadək getməlidir. Məsələ Tel Abyad və Rasulaynın alınması ilə bitməyib, irəlidə Ayn-əl Ərəb, Serekaniyyə, Qamışlı terrorçulardan təmizlənəcəyi günü gözləyir və Türkiyə bu planları icra etməlidir. Əgər Türkiyə terror təşkilatı PKK-nın qondarma kanton yaratma arzularını puç eləməzsə, proseslər gələcəkdə mütləq ona zərər verər. Fikir verin: bu günədək terror təşkilatı Nusaybinə 300-dən çox raket atıb. PKK 30 il öncə kürd körpəni bələkdə güllələmişdi. Bu gün də eyni şeyi edir. Yəni onlar yarandıqları ilk vaxtdan eyni prinsip üzrə davranırlar. Bu səbəbdən də biz kürdləri PKK-nın əlindən qurtarmalıyıq. Çünki PKK ən böyük zərəri kürdlərin özlərinə verir və onları mütəmadi şəkildə qorxu, vahimə içində yaşamağa məcbur edir.

- Avropanın Finlandiya, Norveç, Niderland, Fransa və sair kimi bəzi ölkələri bu əməliyyatlara mane olmaq məqəsdilə Türkiyəyə silah satışını dayandırıblar. Amma bildiyim qədər Türkiyə öz milli silahları ilə istədiyi əməliyyatı aparmaq imkanındadır. Bu müstəvidə nələr deyərdiniz?

- Bu gün Türkiyə müdafiə sənayesinin uğurları nəticəsində ordu 70 faiz milli silah-sursatla təchiz olunub. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında olduğu kimi, “Barış pınarı”nda da milli silahlar öz sözünü deməkdədir. Bu xüsusda Silahlı İnsansız Hava Vasitələrini – SİHA-ları ayrıca qeyd etmək istərdim. Təsəvvür edin, döyüş əməliyyatında bir SİHA 250-300 nəfərlik taborun qüvvəsinə bərabər həcmdə düşmənə zərbə vura bilir. Üstəlik nə can itkisi olur, nə də əsgərlər psixoloji və mənəvi zədə alır.

- Sizcə əməliyyatlar Ankaranın gözlədiyi sürətdə gedir?

- Beş gün ərzində çox sayda kənd, bir neçə şəhər terrorçulardan təmizlənib, bu çox sürətli hücumdur. Nəzərə alaq ki, hələlik əsas qüvvə mühasirələrə sərf olunur. Əsgərlərimiz qətiyyən qəzəb və qeyri-insani hərəkətə yol vermirlər. Əraziləri ustalıqla təmizləyə-təmizləyə irəliləyirlər.