Ələt qəsəbəsində sakinlərlə görüş keçirilib

15:54 16.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində əhali ilə keçirdiyi görüşlərin davamı olaraq, daha bir görüş Qaradağ rayonunun Ələt qəsəbəsində baş tutub. Yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçiləri Ayaz İmaməliyev, Nüsrət Sadıqovla yanaşı, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

Hafta.az yazır ki, əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib. Sakinlərin fəallığı, yaradılan səmimi ab-hava şəraitində və ənənəvi “Açıq mikrofon” formatında keçən görüşdə çıxış edən sakinlər Bakı şəhərində, eyni zamanda, Qaradağ rayonunun Ələt qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər. 

Çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Ayaz İmaməliyev bildirib ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. Deyib ki, prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır.

Qaradağ rayonunda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, və s. məsələlərdən danışan A.İmaməliyev bildirib ki,  dövlət başçısı paytaxtətrafı qəsəbələrin daha da inkişaf etdirilməsi ilə bağlı tələb qoyub.

Maraqlı dialoq şəklində keçmiş görüşdə 16 sakin dinlənilib və onların dilə gətirdiyi problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə yeni uşaq bağçası və məktəb tikintisi, qəzalı binalarda yaşayanların yeni evlərə köçürülməsi  və sair olub.