Ələtdə baba və nəvə dənizdə boğuldu- GÜNÜN TƏZADLARI

16:37 17.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda baba və nəvə dənizdə boğularaq öldü. Hafta.az yazır ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Ləman Orucova Xəzər dənizində çimərkən boğulub. Bunu görən 70 yaşlı Əmrağa Orucov nəvəsini xilas etmək istəyib, ancaq özü də boğularaq ölüb. Faktla bağlı araşdırma başlayır.

 

6 yaşlı müsəlman oğlan iki dünya rekordu vurdu

Çeçenistanlı altı yaşındakı Rahim Kuriyev  növbəti dəfə iki dünya rekordu qırdı.  O, 4,618 dəfə "jim"(əllər və ayaqların ucu yerdə olmaqla döşəmədən enib-qalxmaq) vurub.  Hafta.az  Rusiya mediasına istinadla xəbər verir ki,  rekordların qeydə alınması  Rusiyanın Rekordlar Kitabının baş redaktoru Stanislav Konenkonun iştirakı ilə Groznı dövlət telekanalının studiyasında keçirilib.  Çeçenistanın Duba-Yurt kəndindən olan altı yaşlı Rahim Kuriyev 2018-ci ilin payızında 2 saat 25 dəqiqə ərzində ara vermədən 4105 dəfə jim edərək dünya rekordunu qırmışdı. Lakin müsəlman uşağın uğuru "əhəmiyyətsiz qeydlər" səbəbiylə Rusiyanın Rekordlar Kitabı tərəfindən  qəbul edilməmişdi. Sonra oğlan komissiya üçün rekordunu təkrarlayaraq 2 saat 30 dəqiqədə  bir gedişdə döşəmədən  3202 dəfə enib-qalxmışdı. "Bu gün Rəhim Kuriyev daha iki dünya rekordunu qırdı. Birincisi,  iki saatda 4183 dəfə jim vurmaqla dünyada 6 yaşlı oğlanlar arasında ən yüksək  nəticə göstərdi. Və ikinci rekord: 6 yalı oğlanlar arasında bircə gedişə 4618 dəfə jim vurdu”-Konenko belə deyib.

 

Göygöldə yük maşını fəhlənin üstündən keçdi

Göygöldə fəhlə faciəvi şəkildə öldü. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Yeni Qızılca kəndində Ağdaş rayon sakini, "Özgün Yapı Sənayə Ticarət və Anonim" şirkətində sürücü işləyən Qurban İbrahimov "Ford Cargo" markalı avtomobillə onunla eyni şirkətdə fəhlə işləyən Kəlbəcər rayon sakini, Taryel Şirinovun üstündən keçib. Fəhlə aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Müğənni Flora Kərimovanın önündə diz çökdü

Azərbaycanı ilk dəfə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov canlı əfsanə Flora Kərimovanın qarşısında diz çökdü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, E.Hüseynov tədbirlərin birində rastlaşdığı Xalq artistinin əyləşdiyi masaya yaxınlaşaraq onun qarşısında diz çöküb və öz rəğbətini bildirib. F.Kərimova Elnur Hüseynovun sənətilə yanaşı şəxsiyyətinə də yüksək dəyər verdiyini dilə gətirib.

 

Prezident seçkilərindən sonra 4-cü nazir istefa verdi

Fransanın ətraf mühit naziri Fransua de Rüji (Francois de Rugy) istefaya getdi. Hafta.az-ın yaydığı məlumata görə, “Report” xəbər verir ki, o, bu addımı özəl nahar məclislərinə, habelə nazirlik iqamətgahındakı yenidənqurma işlərinə külli miqdarda vəsait sərf olunması barədə yayılan xəbərlər səbəbindən atıb.  F.Rüji artıq istefa ərizəsini baş nazir Eduard Filipə təqdim etdiyini, həmçinin, sözügedən xəbərləri yayan “Mediapart” araşdırma saytını da məhkəməyə verəcəyini də bildirib. Nazir parlamentin müzakirəsinə belə çevrilən dəbdəbəli məclislər keçirdiyini inkar etməyib və bunu “qeyri-rəsmi işçi naharı” kimi səciyyələndirərək iş zərurəti olduğunu iddia edib.

Qeyd edək ki, F.Rüji Emanuel Makron prezident seçildikdən sonra istefaya gedən dördüncü nazirdir.

 

Naxçıvan təyyarəsi quşla toqquşdu və...

İyulun 17-i səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən "Azərbaycan Hava Yolları”na məxsus "Airbus 320” təyyarəsi quş ilə toqquşdu. Hafta.az-ın  yazdığına görə, “Qaynarinfo” xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb.  Bildirilib ki, bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib. Qeyd edilib ki, təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.

Sultan Laçın