Əli Kərimlinin beyni yuyulmuş “dindar” sevgisi, yoxsa Qərbin sifarişi?

16:01 09.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin xaricdəki mənşəyi məlum olmayan qüvvələrdən maliyyə yardımı aldığı, eləcə də bunun müqabilində onların çirkli sifarişlərini yerinə yetirməsi ilə bağlı xəbərlər yayılır. Doğrudur, Əli Kərimlinin tərəfdarları və özü bunu inkar edir. Lakin hadisələrin mahiyyəti bu iddiaların doğruluğuna şübhə yeri qoymur. 

Məsələyə öz mövqeyimi açıqlamadan bir məsələyə toxunmaq istəyirəm. Nardaran hadisələri zamanı 2 polisin qanına əlləri batmış, dövlətin konstitusyon quruluşunu devirməyə cəhd göstərən bir qrup dindar yəqin ki, yadınızdadır. Xaricdə dini təlimlər keçmiş, beyinləri yuyulmuş həmin adamlardan danışıram. Azərbaycan dövləti onların zərərsizləşdirilməsinə nail oldu. Məhkəmə qarşısına çıxarıldılar. Tale Bağırzadə və onun “tələbələri” Azərbaycan dövlətinin ali qanunları qarşısında mühakimə kürsüsünə çıxarıldılar.

İndi Avropadakı bəzi təşkilatlar bu adamları “siyasi məhbus” adlandırmağa çalışır. Buna cidd-cəhdlər edir. (Halbuki, İraqda, Suriyada eyni əqidə nümayəndələri Qərblilərə düşmən gözü ilə baxdığı, onlara savaş açdığı üçün Avropa dövlətləri həmin dindarları terrorçu adlandırmaqdan belə çəkinmir). Onların buraxılmasını tələb edir. Avropadakı bəzi qeyri-hökumət təşkilatlarının çağırışları, Azərbaycana qarşı sanksiya hədələri bununla da bitmir.

Dərhal Əli Kərimli və onun tərəfdarları da əl-ayağa düşür. Tale Bağırzadə və onun “dini sektasının” üzvlərinin azadlığa buraxılmasını tələb edir. Mitinq keçirir. Aksiyalarda bunu dilə gətirir. Maraqlıdır, Azərbaycan dövlətinin, ölkə məhkəməsinin qərarı Əli Kərimli üçün önəm kəsb etmir. Onu xaricdəki mənşəyi qeyri-müəyyən  qüvvələrin “azadlıq” tələb etdiyi adamlar maraqlıdır. Daha dəqiq desək, həmin adamlar yox, Qərbin verdiyi buyruqlar.

AXCP sədri doğrudanmı Qərbdən pul almır? Pul almırsa, sifariş yerinə yetirmirsə, Azərbaycan polisinə güllə atmış, dövlətin hüquqi idarəetmə formasını dəyişməyə cəhd göstərən adamların həbsinə niyə siyasi don geyindirib onları “siyasi məhbus” adlandırır? Deməli, sifariş kənardandır. Pul Əli Kərimli cənablarına hansı formada çatdırılır, necə ötürülür, onun da şahidi yəqin ki, təkcə tanrı deyil.

Əli Kərimlinin satqın olması və pul müqabilində siyasi alverə getməsi haqqında iddialar bu günün işi deyil. Zaman – zaman, hətta, 90-cı illərin ortalarından ona bununla bağlı ağır ittihamlar irəli sürülüb. Özü də keçmiş əqidədaşları tərəfindən. Həqiqətin əsl üzünü isə zaman göstərir. Bu zamanın içində olmaq kifayət etmir, prosesi aktiv şəkildə izləmək də önəmli nüanslardandır.

Siyasət rubrikasından digər xəbərlər