Əriyən buzlaqların oyatdığı öldürücü mikrob və viruslar - Araşdırma

10:07 09.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illər bəşər tarixində görünməmiş ölümcül viruslar yayılmağa başladı. Hansı ki, hazırda əziyyətini yaşadığımız koronavirus, hələlik, sonuncusudur. Ebola, SARS, Quş qripi, Donuz qripi, nə bilim nə... Ola bilər heç vaxt rastlanmadığı və əksər hallarda həmin viruslara qarşı peyvəndin hazır olmaması ağıllara bialoji silah amilini gətirir və hətta bu fakt bir az inandırıcı da görünür. Çünki bu silsilədən epidemiyalar və bəlkə də pandemiyalar tarix boyu yaşanıb. Vəba, Çiçək, Qarayara epidemiyalarını tarixdən oxumuşuq və nə qədər insanın, dövrünün necə böyük iqtisadiyyatlarının məhz həmin xəstəliklər nəticəsində məhv olduğunu bilirik. Maraqlıdır, bu cür xəstəliklər necə, hansı səbəbdən yaranır?

Əlbəttə, günümüzün ən böyük bəlası olan xəstəliklərin yayılmasında qlobal istiləşmə faktrorunun rolundan daha çox danışılır. Doğrudan da, min illərlə davam edən soyuqlaşma nəticəsində qlobal temperaturun sadəcə 5 dərəcə düşməsi hər birimizin haqqında oxuyub-öyrəndiyimiz buzlaq dövrünün formalaşmasına səbəb olub. Elə isə, bir neçə yüz ildir davam edən istiləşmə prosesinin sonuda temperatur 5 və ya ən azı 3 dərəcə artarsa nə olacaq? Əlbəttə, iqlim zonalarının dəyişməsi, səhralaşmanın artması və ya meşələrlə quraq çöllərinin yerini dəyişməsi, güclü fırtınaların yaranması, heç vaxt yağış yağmayan yerləri leysanın yuması və ya əksinə, yağmurdan göz açmağın mümkün olmadığı yerlərdə quraqlığın hökm sürməsi, bütün bu təbii hadisələrin içində xəstəliklərin baş alıb getməsi, yüzlərlə bitki və heyvan növünün məhv olması ilə nəticələnəcək. Əlbəttə, indiyədək elmə məlum olmayan yeni mikroorqanizmlər də meydana çıxacaq, həm də böyük səs-küyə səbəb olacaq xəstəlikləri ilə birlikdə...

Qlobal istiləşmədən söz düşərkən ilk ağla gələn buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsidir. Bu həqiqətdir: yalnız Qərbi Antarktikanı (Bütün Antarktikada dünyada mövcud olan buzlaqların 90 faizi, içməli suyun isə 70 faizi cəmlənib – V.T.) örtən buz qatı əriyərsə, dünya okeanında suyun səviyyəsi 10 metrədək yüksələcək və sahilyanı ovalıqların böyük hissəsi su altında qalacaq. Bütün Antarktikada buzun əriməsi isə dünya okeanında suyun səviyyəsini 61 metr yüksəldə bilər. Düzdür, hələlik, Cənub qütbündə havanın temperaturu ortalama mənfi 37 dərəcə olduğu üçün belə bir faciə yaşanmasa da, Hökumətlərarası İqlim Dəyişikliyi Paneli (İPCC) rəsmi şəkildə açıqlama yaydı ki, ötən əsrdə okeanın səviyyəsi 17 sm artıb və yaşadığımız 21-ci əsrdə isə su səviyyəsinin daha 18 – 55 sm yüksəlməsi gözlənilir.

Qlobal istiləşmə artdıqca, dörd fəslin yaşandığı subtropik və mülayim qurşaqlarda, hansı ki, Azərbaycan da məhz subtropik (az ölçüdə - Quba-Xaçmaz iqtisadi bölgəsi) qurşaqda yerləşir və fəsillərin dördünü də görür, əkin mövsümü daha da uzanacaq və yağışların həcmi artacaq, ildırım düşməsi 12 faiz çoxalacaq. Amma dörd fəsil keçməyən Tropik və arktik qurşaqlarda yağıntının miqdarı daha da azalacaq və tropik qurşaqda səhraların, arktik qurşaqda isə bitkisiz soyuq çöllərin ərazisi sürətlə genişlənəcək. Məhz bu prizmadan yanaşsaq qlobal istiləşməyə, Azərbaycan və bütövlükdə türk dünyası üçün əlverişli təbii şərait yaradacaq. Bunun isbatı kimi, məsələn, bu il yay fəsli, xüsusilə də avqust ayı Azərbaycanda əvvəlki illərlə müqayisədə xeyli sərin və yağmurlu keçib. Hansı ki, avqust ayında, məsələn, Düzənlik Şirvan regionunda yağış çox nadir hallarda yağardı və ya heç yağmazdı.

Başqa bir misal çəkək: Şimal qütbündə buzlaq sahəsinin azalması (2040-cı ilədək Şimal qütbünün tamamilə əriyəcəyi ehtimal olunur – V.T.) Şimali Amerikada – Koloradoda qar yağmasını azaldacaq və ümumiyyətlə, sözügedən materikin ən isti yeri olan bu bölgədə, qış fəslində keçən soyuq hava axınlarının qarşısını alacaq. Bu da öz növbəsində xizəkçilikdən tutmuş kənd təsərrüfatınadək hər sahəyə mənfi təsirini göstərəcək.

Albert Universitetinin apardığı araşdırmaya əsasən, son illər ərzində Kanadanın şimalı - tundra ərazilərinin bir qismi arktik düzənlikdən iynəyarpaqlı meşələrə çevrilib. Bu isə anomal dəyişiklikdir və çox böyük təbii fəlakətin olacağından xəbər verir. Bunun ilk xəbərçisi isə, Karnegi İnstitutunun araşdırmasına görə, qlobal aqrar sektorda hər il arpa, buğda və qarğıdalı yığımının 40 milyon ton azalmasıdır.

Məlumat üçün bildirək ki, iqlimin cəmi 1 dərəcə istiləşməsi dünya miqyasında kənd təsərrüfatı məhsullarının həcminin 3-5 faiz azalmasına səbəb olur. Məsələn, Avstraliyada 2017-ci ildə aparılan araşdırmaya əsasən, qlobal istiləşmə nəticəsində ölkə ərazisinin böyük hissəsini tutan səhralar xeyli genişlənib, həm də paralel olaraq kənd təsərrüfatı sektorunda məhsuldarlıq 25 faiz azalıb.

Hələ iqlim dəyişikliyini indi-indi hiss etməyə başlasaq da, məsələn, 2013-cü ildə keçən ifrat istilər zamanı əsasən mülayim havaların hakim olduğu Avropada 70 min insan istidən həlak olmuşdu. Hansı ki, onun da 20 faizi və ya 15 min nəfəri təkcə Fransanın payına düşmüşdü.

Alimlər sübut edir ki, çox az hallarda yağış yağan regionlarda hazırda leysanın mütəmadi hal alması nəticəsində, torpaq suxurları yuyularaq şirin su hövzələrinə axır. Həmin suxurların tərkibində isə şirin suya qarışmadan suxurlarda yatan yeni bakteriya və viruslar mövcuddur. Şirin su kütləsinə qarışan həmin mikroorqanizmlər sonrakı mərhələdə insanların və heyvanların orqanizminə daxil olur. Bununla da, heç də ənənəvi olmayan xəstəliklər artmağa başlayır. 

Məsələn, Kocaeli Universiteti Tibb fakültəsinin professoru Erbil Dursunun “Nature”də yayımlanan məqaləsində deyilir ki, araşdırmaçılar 1400-dən artıq bitki və heyvan üzərində 147 araşdırma aparıb və qlobal isinmə ilə hazırda rast gəlinən bioloji dəyişiklik arasında bağ aşkarlayıblar. Məlum olub ki, məhz qlobal istiləşmənin təsiri ilə heyvanlar daha tez bala dünyaya gətirir və ya bir bölgədən digərinə köç edirlər. Əvvəllər cənubda bitən bitki növlərinə bu gün daha şimal regionların təbiətində rast gəlinir. O cümlədən, azərbaycanlı alimlər də Abşeron yarımadasında, heç vaxt bu yerlərdə görülməyən cənub bitkilərinin təbii arealda yayıldığını aşkar ediblər.

Lakin söhbət sadəcə təbii şəraitdən getmir, yuxarıda da vurğuladığımız kimi, istiləşmənin oyandırdığı mikroorqanizmlər – virus və bakteriyaların da hücumuna hazır olmalıyıq. Çünki ekosistemin bir çox ünsürü həssasdır, zərifdir və bu üzdən də ani təsirə düşür.

Yüz il əvvəl Aleksandr Fleminq penisilini kəşf edib və o gündən bu yana antibiotikdən istifadə edirik. Məlumdur ki, bəzi bakteriyalar bu antibiotikə qarşı dirəniş göstərərək mutasiyaya uğrayıb. Nəticədə hər dəfə başqa peyvəndlər inkişaf etdirilib. Amma bir məsələ də var ki, antibiotiklər yalnız bakteriyalara təsir edir, viruslara yox. Bu baxımdan, indiki iqlim dəyişikliyi nəticəsində ortaya çıxacaq yeni növ bakteriya və viruslara qarşı nə dərəcədə hazırıq?

Dünya alimləri birmənalı şəkildə əmindirlər ki, buzlaqların və hətta qütblərdə donmuş torpağın əriməsi nəticəsində saysız-hesabsız mikroorqanizm oyanacaq. Buna misal olaraq, 2016-cı ilin avqustunda Sibirin şimalında - Yamal yarımadasında qarayara törədicisinin orqanizmə keçməsi nəticəsində 12 yaşlı uşaq ölmüşdü, 20 nəfəri də yoluxdurmuşdu. Alimlər araşdırdılar ki, qarayara uşağa necə keçib və sonda tapdılar. Məlum olub ki, 75 il öncə məhz qarayaradan ölmüş maralın cəsədi, buzun əriməsi nəticəsində ortaya çıxıb, torpağa, suya qarışıb və uşaq da o sudan içib.

Məlumat üçün deyək ki, həmin müddətdə bölgənin 2 min nəfər əhalisi qarayaraya yoluxmuşdu.

Xatırladaq ki, 20-ci əsrin ilk yarısında 1 milyondan çox maral qarayaradan tələf olub və Rusiyanın şimalında bu qədər heyvanın cəsədini 7 min toplu və dayaz qazılmış məzarda basdırıblar...

Bu yerdə qeyd edək ki, sənaye daha çox şimal yarımkürəsində inkişaf etdiyi üçün, Şimal qütbündə buzlaqlar Antarktikadakından üçqat sürətlə əriyir.

Hesab olunur ki, elmə məlum olan vəba və çiçək xəstəlikləinin törədiciləri də məhz Sibirdə torpaq altında oyanacağı günü gözləyir. Necə ki, amerikalı alimlər Alyaskadakı donmuş torpaq suxurlarında 1918-ci ildə dünyanı viran qoyan “İspan qripi” virusunun qalıntılarını tapmışdılar.

Bir misal da göstərək: 1890-cı ildə Sibirdə çiçək xəstəliyi tüğyan edən zaman, Kolıma çayının sahilində yerləşən bir qəsəbənin sakinlərindən 40 faizi həlak olub və onlar adi məzarlarda dəfn olunublar. Bu gün isə həm torpağın daha dərin qatda donuşluqdan azad olması, həm də çayın tez-tez daşaraq torpağın erosiyasını gücləndirməsi nəticəsində, məzalardakı qalıntılarda “yatmış” epidemiyanın yenidən oyanma ehtimalı böyükdür.

Hə, bu yerdə yada salaq ki, 1990-cı illərdə Sibirin cənubunda aparılan qazıntılar zamanı, Daş dövrünə məxsus insan sümükləri aşkarlanıb. Alimlər həmin insanların hələ də pozulmamış DNT qalıqlarına istinadən, məhz çiçək epidemiyasından öldüklərini üzə çıxarıb. DNT pozulmayıbsa, deməli yayılma və yoluxma ehtimalı da geçəkdir.

Başqa bir sübut: NASA araşdırmaçıları 2005-ci ildə Alaskada 32 min ildir donmuş olan bir bakteriyanı canlandırıblar. Mamontlar dövründə yaşamış bu bakteriyalar buzlaqlar əriyən kimi canlanıblar. 2007-ci ildə isə, Antarktikada 8 milyon ildir buzun içində donmuş bakteriyalar canlanıb. Eyni zamanda, 100 min il əvvəl donmuş başqa bir bakteriyanın da buzun əriməsi nəticəsində oyandığı məlum olub.

Qeyd edək ki, elmə məlum olan tetanoz bakteriyası, iflicə, hətta ölümə səbəb verən botulizm bakteriyası və bəzi göbələklər də uzun dövr ərzində buzun içində salamat qala bilir.

Viruslar da bakteriyalar kimi uzun dövr ərzində salamat qalır. Araşdırmaçılar 2014-cü ildə, Sibirdə qazdıqları 30 metr dərinlikdə bir quyunun dibindəki torpaqda 30 min il əvvəl donub qalmış və ölməmiş iki virus növünü (Pithovirus sibericum və Mollivirus sibericum) yenidən canlandıra biliblər. Özü də viruslar canlanan andan insanlara yoluxa bilirlər. Məsələn, yuxarıda adlarını qeyd etdiyimiz bu iki virus təkhüceyrəli amöbləri təsir altına alırlar və insanlara yoluxan digər virusları da oyada bilirlər.  

Bir faktı da qeyd edək ki, qlobal istiləşməni sürətləndirən antropogen (insan fəaliyyəti) amil olduğu kimi, virusların ayılmasına da ikinci cəbhədən yenə insanlar səbəb olur. Belə ki, Şimal qütb ərazilərində torpaqlar buzdan qurtulduqca, həmin ərazilərdə mədənlər, neft və qaz quyuları qazılır və yerin daha dərin qatlarında gizlənəntəhlükəli xəstəlik törədicilərini səthə çıxarırlar.  Odur ki, dünya alimləri Arktik bölgədə yaşayan ilk insanlara aid virusların, hətta nəsli çoxdan kəsilmiş Neandertal və Denisovan kimi insanların daşıdıqları xəstəliklərin yenidən bəşəriyyətə qayıdacağından narahatdırlar.

Yeri gəlmişkən, Rusiya alimləri, Sibirdə 30-40 min il əvvələ aid Neandertal qalıqları aşkar etmişdilər.

Bakteriya və virusların gizləndiyi buz layları yalnız Sibirdə və qütb buzlaqlarında deyil, məsələn, Tropik qurşaqda yerləşən Meksikadakı mədənlərdə də mövcuddur. 2017-ci ilin fevralında NASA araşdırmaçıları Meksikadakı bir mədəndə buz layı içində 50 min əvvələ aid mikroblar tapıblar. Həmin illərdə Meksikanın paytaxtı Mexiko şəhəri yaxınlığındakı Lechuguilla mağarasının 300 metr dərinliyində 4 milyon ildir gün üzü görməyən bakteriyalar (Paenibacillus) aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu bakteriyalar insanları xəstələndirmir, amma 18 təbii antibiotikə qarşı dözümlüdürlər. Eyni cür dözümlü, 30 min illik digər bakteriya növləri isə Berinq dənizi regionundakı buzlaqlarda da tapılıb. 

Bütün bunlar bəşəriyyətimiz üçün təhlükəlidirmi? Əlbəttə, çünki hər zaman isti qurşaqlarda yayılan xəstəliklərin eynən qütb bölgələrində də yayılma risqi artır. Nəzərə almalıyıq ki, immum sistemimiz üçün nabələd olan bu mikroorqanizmlərin xarakterindən xəbərsizik və onların yaradacağı təhlükələrə qarşı peyvənd də yoxdur. Odur ki, ya qlobal istiləşməyə yol açan antropogen təsirləri azaltmalıyıq, ya da heç olmaya öz əlimizlə ortaya çıxardığımız ölüm daşıyıcılarını vaxtında aşkarlayaraq, ehtiyyat tədbirləri amalıyıq…

Oxunma sayı 8437
Gündəm rubrikasından digər xəbərlər