Erməni icması bilsin ki, onların qanuni seçilmiş millət vəkili artıq var - Tural Gəncəliyev-MÜSAHİBƏ 

13:02 29.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Məclisinə fevralın 9-da keçirilmiş parlament seçkilərində qələbə qazanan Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib ki, Dağlıq Qarabağın erməni icmasını da təmsil etməyə hazırdır.

Hafta.az-ın məlumatına görə, icma sədri bu barədə Day.Az və Azernews-a müsahibəsində deyib.

"Mən 122 saylı Xankəndi seçki dairəsindən namizədliyimi vermişəm və seçkilərdə qələbə qazanmışam. Əgər mandatım Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunarsa, təkcə azərbaycanlı icmasının yox, eləcə də erməni icmasını da təmsil eləməyə hazıram".

Mart ayında Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən planlaşdırılan "parlament və prezident seçkiləri"ni şərh edən icma sədri bildirib ki, bu seçkilər dünya ictimaiyyəti tərəfindən tanınmayacaq.

"Mart ayında Qarabağda qanunsuz rejim qanunsuz parlament və prezident seçkiləri keçirəcək. Onun heç bir hüquqi əsası yoxdur və dünya tərəfindən tanınmır. Mən də erməni icmasına müraciət edirəm ki, qanunsuz seçkilər keçirməkdənsə, Xankəndini təmsil eləyən qanuni millət vəkilini dəstəkləsinlər. Mən də onların problemləri ilə məşğul olum. Qoy erməni icması bilsin ki, onların qanuni seçilmiş millət vəkili artıq var".

Azərbaycanlı icmanın sədri qeyd edib ki, Xankəndi şəhərindən olan sakinlərin maraqlarını tam gücü ilə qorumağa çalışacaq: "Təəssüflər olsun ki, digər Azərbaycanın bölgələrindən fərqli olaraq bizim doğma şəhərimiz işğal altındadır, və bizim insanlarımız, yəni Xankəndi sakinləri Azərbaycanın müxtəlif şəhər və rayonlarına səpələniblər".

T.Gəncəliyev işğal altında olan şəhərin seçiciləri ilə görüşün çətinliklərindən də danışıb:

"Biz seçicilərimizlə görüşmək, onların problemlərini dinləmək üçün bütün Azərbaycanı gəzməli olurduq. Nə qədər çətin olsa da, bizim üçün şərəfli və məsuliyyətli işdir, məsuliyyətdir. Onların səsinin, problemlərinin, xüsusilə də, erməni işğalı nəticəsində düşdükləri vəziyyətin nəinki parlamentdə, eyni zamanda dünyanın mötəbər təşkilatlarının tribunalarından səsləndirilməsinə də çalışacağıq .

Oxunma sayı 43