Ermənilərin kütləvi şəkildə İslamı qəbul etdiyi bilindi -GÜNÜN TƏZADLARI 

19:38 28.06.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın cənubu, xüsusilə Stavropol diyarında Ermənistan vətəndaşlarının müsəlman kimi qeydiyyatdan keçdiyi bəlli oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Nəşrin məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məsələ ilə aktiv şəkildə məşğul olur. Amma buna qarşı hansı tədbirləri görəcəyi məlum deyil.


Bərdə Mərkəzi Xəstəxanasında həkimlər döyüldü

Bərdə rayonunda tibb işçiləri döyüldü. Hafta.az yazır ki, "Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, insident Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib. Ortayaşlı kişi sərxoş halda xəstəxanaya gəlib və ona lazımi tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum çəkib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. Özünü idarə edə bilməyən və şəxsiyyəti məlum olmayan şəxs xəstəxanada olan tibbi və inventar avadanlıqlarını dağıdaraq yararsız vəziyyətə salıb. Növbətçi həkimlər onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyiblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları əraziyə gələrək həmin şəxsi saxlayıb. 
Faktı Bərdə polisi araşdırır.


Məhbus əkiz qardaşını yerinə keçirib türmədən qaçdı

Türkiyədə yalnız filmlərdə və ya seriallarda rast gəlinən hadisə baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, qəribə qardaş ölkənin mətbuatında gündəmin əsas mövzularından birinə çevrilib. Belə ki, Mersin vilayətindəki həbsxanada qəsdən adam öldürmək cinayətindən yatan Murad A. adlı məhkum Hüseyn A. adlı əkiz qardaşı ilə görüşə gedib. Murad qardaşının ona çox bənzəməsindən istifadə edib və onun yerinə keçib. Mersin şəhərinin Akdeniz rayonunun Çilek məhəlləsindəki E tip qapalı həbsxanada cəzasını çəkən məhkum Murad qaçıb aradan çıxa bilib. Qardaşı Hüseynin həmin adam olmadığını gec fərq edən həbsxana rəhbərliyi dərhal axtarış tədbirlərinə başlayıb. Şəhərdəki Günəş məhəlləsində bir qohumunun evində gizləndiyi təsbit edilən qaçaq məhkum onu yaxalamaq üçün evə gələn icra məmurlarını gördüyü zaman evdən qaçıb. Ən sonda Murad polisin keçirdiyi əməliyyat nəticəsində ələ keçib. Məhkumun qardaşı da sonradan həbs olunub.


Zirə kəndində diri cücələr zibilliyə atıldı

Sosial şəbəkələrdə körpə cücələrin kütləvi şəkildə yumurta qarışıq zibilliyə atıldığını əks etdirən videogörüntülər yayıldı. Hafta.az yazır ki, bu haqda “Report” xəbər yayıb. Görüntülərin Zirə kəndində çəkildiyi iddia edilir. Belə ki, bir neçə gənc zibilliyin ətrafından keçərəkən cücə səslərinə ayaq saxlayıb. Mənzərədən şoka düşən gənclər diri cücələrin atıldığını görüb, bir neçəsini xilas ediblər. Cücələrin “Zirə” quşçuluq təsərrüfatının işçiləri tərəfindən atıldığı güman edilir. Lakin həmin təsərrüfatın hazırda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumat yoxdur. “Report”un əməkdaşı məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verən olmayıb.


Bərdədə kişini həyətində ilan sancdı

İyunun 27-i axşam saatlarında Bərdə rayonunun Xəsilli kəndində yerli sakini ilan sancdı. Hafta.az xəbər verir ki, "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, 1985-ci il təvəllüdlü Abdullayev Anar Camal oğlunu yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən sağ əlindən ilan sancıb. A.Abdullayev yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən bildirilib ki, A.Abdullayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Hazırda vəziyyəti kafi olaraq qalır.