“Ermənistan ard-arda və bilərəkdən müharibə cinayətləri törədir”    

10:05 26.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təxminən bir aydır davam edən müharibə nəticəsində şanlı Azərbaycan ordusu torpaqlarımızı erməni işğalından azad etməkdədir. Azərbaycan bayrağı hər gün yeni bir azad edilmiş Azərbaycan şəhərində və ya qəsəbəsində dalğalanır. Silah-sursatını qoyub qaçan ermənilər acıqlarını mülki əhaliyə qarşı raket hücumları etməklə, günahsız insanları qətlə yetirməklə çıxmağa səy göstərirlər. Yalnız bununla da kifayətlənmirlər, Azərbaycana qardaş dəstəyi verən Türkiyənin ünvanına da şər və böhtanlar yağdırırlar.

Təbii ki, mülki əhaliyə qarşı hücumlar beynəlxalq qanunlara əsasən cinayət sayılır. Bəs mütəxəssislər bu barədə nələr deyirlər? Gəlin bir neçə tanınmış türk uzmanın fikirləri ilə tanış olaq:

Giresun Universitetinin professoru Yalçın Sarıkaya bu fikirdədir ki, Nikol Paşinyan erməni xalqını Azərbaycana qarşı döyüşməyə çağırmaqla, "mülki insanlardan canlı qalxan” yaratmaq istəyir. Bu isə Cenevrə Sazişinə görə, müharibə cinayəti sayılır.

“Paşinyan iqtidarının və Qarabağdakı separatçıların bir çox lideri açıq-aşkar müharibə cinayətləri işləyiblər. Təsəvvür edin, 15 yaşdan kiçik uşaqlar orduya çağrılır, yaxud da onlar müharibə bölgələrində açıq döyüşə təhrik olunur” deyən professor əlavə edərək deyir ki, məhz azyaşlı uşaqları müharibədən qorumaq üçün 1949-cu ildə imzalanmış “Cenevrə Sazişi” kimi tanınan dörd beynəlxalq müddəa mövcuddur. “Azərbaycan, BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qərarları daxil, bir çox beynəlxalq sənədlərdə təsdiqlənmiş işğala qarşı, öz ərazisində tamamən qanuni müdafiə çərçivəsində əməliyyat aparmaqdadır. Ermənistan isə 1992-ci ildən Azərbaycan torpaqlarında, Cenevrə Sazişində çox aydın şəkildə təsbit olunmuş “hüquqa zidd sürgün, köçürmə, hüquqa zidd saxlama”, “hərbi ehtiyac olmadan, qanundankənar və özbaşına şəkildə mülkiyyətin kütləvi formada yox edilməsi və ya mənimsənilməsi”, “bədənə və ya sağlığına qəsdən zərərvermə və ya ciddi yaralanmaya səbəb olma” cinayətləri işləməkdədir”, - deyir professor Y.Sarıkaya.

Ermənistandan Gəncə və digər şəhərlərimizə atılan raketlərə işarə edən professor bildirir ki, Cenevrə Sazişindəki "toqquşmalarda həqiqətən yer almayan mülki obyektlərə və ya dinc əhaliyə qarşı qəsdən hücum edilməsi", "müdafiəsiz və ya hərbi hədəf sayılmayan şəhər, kənd və digər yaşayış yerinin bombalanması və ya bu yerlərə hər hansı məqsədlə hücum edilməsi" maddələri mövcuddur. Paşinyan və iqtidarı isə məhz həmin maddələri pozaraq Azərbaycanın şəhərlərinə raket hücumu edib.

Başkənt Universitetinin professoru Yelda Ongun da bu qənaətdədir ki, Azərbaycanın Dağlıq Qarabağda və işğal edilmiş ətraf bölgələrdə apardığı əməliyyatlar tam qanunidir və beynəlxalq qərarlara uyğundur. “Azərbaycan diplomatik normaları və beynəlxalq hüququ qoruyaraq öz hərbi potensialını gücləndirib. Buna qarşı Ermənistan ordusunun Azərbaycanın mülki yaşayış yerlərini vurması həm cəbhədəki uğursuzluqlarının, həm də işğal siyasətinin üstünü örtməyə xidmət edir. Amma İrəvan bilməlidir ki, bununla açıq-aşkar müharibə cinayəti işləyirlər” deyən professor Onguna görə, Rusiya, ABŞ və Fransanın dəstəyinə möhtac qalmış Ermənistanın, Türkiyənin Osmanlı dövlətini yenidən canlandırmaq istədiyinə dair sərsəm açıqlamalar verməsi də Qərb ölkələrini qıcıqlandırmağa, özünə əlavə dəstək tapmasına hesablanıb.

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını məsələyə qarışdırmağa çalışdı, istədi ki, təşkilat ordu göndərib onları xilas etsin, amma bu olmadı. PKK terrorçularını Dağlıq Qarabağa gətirib, Yunan Kiprindən hərbi komandan səviyyəsində dəstək alıb, ordu generalı Apostolos Pervolorakis erməni döyüşçüləri və PKK/YPG terrorçularına hərbi təlim keçir. Bununla da Türkiyəni təxribata çəkmək, bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Amma bütün bunlardan əli üzülən Paşinyan sonda məcbur olub Ermənistan vətəndaşlarını müharibədə döyüşməyə çağırıb. Paşinyanın erməni xalqını müharibəyə çağırması, özünü məzlum, Azərbaycanı təcavüzkar kimi göstərib dünya ictimaiyyətini tərəfinə çəkmək istəməsindən başqa bir şey deyil. Ermənistanın haqsızlığı, işğalçı olması BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarında təsbit edilib. Buna rəğmən illərdir Türkiyə, Azərbaycan və Gürcüstana qarşı mövqeyi ilə regional layihələrdən kənarda qalıb, enerji tranziti olma şansını tamamilə itirən Ermənistan, indiki hərəkətləri ilə bir daha bölgədə sülh və sabitliyin qarşısında ən böyük maneə olduğunu göstərdi”, - deyir professor Ongun.

TOBB Universitetinin doktoru İsmayıl Safi də qeyd edir ki, Azərbaycan başda BMT olmaqla, bütün beynəlxalq hüquq və normalara əsaslanaraq öz torpaqlarını işğaldan azad etməkdədir, Ermənistan isə açıq şəkildə işğalçıdır. “Paşinyan quldurluq yoluyla işğal etdiyi Dağlıq Qarabağ və ətraf bölgələrlə kifayətlənməyərək əlavə ərazilər işğal etmək istədi. Ermənistan raketlərlə Azərbaycanın şəhər və qəsəbələrinə hücum edərək mülki əhalini qətlə yetirdi və bununla da şübhəsiz ki, cinayət törədib. Ermənistan iqtidarı çox güman ki, ballistik raktlərlə mülki obyektlərə zərbə endirərək, müharibənin miqyasını genişləndirmək və Qərbi bu prosesə cəlb etmək istəyib. Türkiyə və Azərbaycan tərəfi mülki hədəflərə istiqamətlənən bütün hücum faktlarını sənədləşdirərək beynəlxalq məhkəməyə müraciət etməlidir. Ermənilər başda Rusiya olmaqla, dünyanın çox sayda əsas media quruluşlarına ciddi təzyiq göstərirlər. Məhz onların təzyiqi və sifarişi əsasında məlumatlar yayılır ki, guya Türkiyə Suriyadan cihatçı döyüşçüləri Qarabağda ermənilərlə döyüşmək üçün Azərbaycana gətirir” deyən İ.Safinin sözlərinə görə, hansı ki, Ermənistana dəstək vermək məqsədilə Suriyadan Dağlıq Qarabağa gələn PKK-erməni muzdlu döyüşçülərin görüntülərini Ermənistan parlamentinin deputatlarından birı paylaşıb. Hətta Paşinyan özü də müsahibələrdən birində demişdi ki, xarici ölkələrdən Qarabağa döyüşməyə gələn ermənilər terrorçu deyil, öz milli borclarını yerinə yetirirlər. Bu və digər dəlilləri beynəlxalq məhkəmələrə və təşkilatlara təqdim edilməli, hər şey olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

“Beyəlxalq müstəvidə Rusiyaya başağrısı gətirə biləcək bir məsələ də, rus ballistik raketləri ilə Azərbaycanın mülki əhalisinin vurulması ola bilər” deyən İ.Safiyə görə, Türkiyə, Rusiya istehsalı olan raketlərin terror təşkilatlarının əlinə keçməsindən çox narahatdır. Çox güman ki, Türkiyə bu həssas məsələni həm Rusiya rəhbərləri ilə, həm də beynəlxalq müstəvidə keçirilən görüşlərdə müzakirə edəcək.

Yedditəpə Universitetinin professoru Məsut Hakkı Caşın da bu qənaətdədir ki, Qarabağda mülki əhalinin hədəf alınması ilə bölgədə vəziyyətin ağırlaşması artıq beynəlxalq cəza hüququnun mövzusuna çevrilib. O, bölgədə işlənən müharibə cinayətlərini dəyərləndirmək üçün Lahey və Cenevre Sazişinin maddələrinə baxmaq ehtiyacının yarandığını əlavə edib. “Atəşkəsə rəğmən Gəncə kimi hərbi mahiyyəti olmayan, tarixi və mədəniyyət beşiyi sayılan bir şəhərin iki dəfə ermənilərin raket hücumuna məruz qalması və mülki insanların həlak olması, Ermənistanın döyüş meydanını deyil, məhz dinc insanları məqsədli şəkildə öldürmək istədiyini göstərir.

“Bir zamanlar Nürnberqdə, Tokio Beynəlxalq Cəza Məhkəməsində, Laheydə nə qədər müharibə cinayətləri törədənlər cəzalandırılıb. Məncə, Qarabağda, Gəncədə müharibə cinayətləri törədənlər də eynilə cəzalarını almalıdırlar. Mülki əhalinin hədəf alınması əmrini verən erməni vəzifəlilər, Pinoçetin məhkəməsində olduğu kimi, fərdi şəkildə mühakimə edilməlidirlər” deyən professor əlavə edib ki, Paşinyan bu gün beynəlxalq cəmiyyəti Türkiyəyə qarşı qaldırmağa çalışmaqla, əslində öz cinayətlərini ört-basdır etmək məqsədi güdür. Axı NATO, Avropa İttifaqı və BMT tərəflərdən atəşkəsə əməl etmələrini istəyir.

"Azərbaycan müharibə hüququna əsasən döyüşləri dar miqyasda aparır və yalnız öz ərazilərini azad etməyə çalışır. Azərbaycan tərəfi mülki əhalinin taleyi üçün çox həssasdır və yaralıları mütləq müalicə edib, sağaldır. Qarşı tərəfdə isə döyüş arealını genişləndirməyə, mülki əhalini hədəf seçən və ard-arda müharibə cinayətləri törədən Ermənistan var. Ən pisi isə odur ki, Ermənistan bu cinayətləri öz torpağında yox, işğal etdiyi Azərbaycan ərazisində törədir. Əminəm ki, dövlətlə yanaşı, həm də ailə üzvünü, övladını itirən ailələr də qatil erməni rəhbərləri cəzalandırmaq üçün beynəlxalq məhkəmələrə müraciət edəcək", - deyir müsahib.

Şimali Kipr Türk Cümhuriyyətindəki Yakın Doğu Universitetinin professor Hüseyn Pazarcı da bildirir ki, Ermənistanın Qarabağdan və işğal etdiyi digər torpaqlardan özxoşuna çıxmaq niyyəti yoxdur. "Paşinyanın erməni xalqını cəbhəyə dəvət etməsi, mülki itkilərin məsuliyyətini Azərbaycanın üzərinə yükləmək məqsədi güdür. İndiki vəziyyət Ermənistanın Qarabağ torpaqlarından çıxmaması üçün əlindən gələni etdiyini göstərsə də, döyüş meydanından gələn xəbərlərin heç də onların xeyrinə olmadığını göstərir. Bu məlumatlar Azərbaycanın çox uğurlu siyasət yürütdüyünü isbat edir. Rusiyanın Dağlıq Qarabağ məsələsində roluna gəlincə, Moskva bu bölgədə, xüsusilə sərhədlərini qoruduğu və ərazisində iki hərbi bazası olan Ermənistan üzərində olduqca böyük təsir və təzyiq imkanlarına sahibdir. Ancaq hiss olunan odur ki, indiki vəziyyətdə Rusiya hesablarını ciddi şəkildə ölçüb-biçir və heç də tamamilə Ermənistan tərəfdə görünmür. Bunun tək səbəbi isə Paşinyanın Amerikapərəst biri olmasıdır. Rusiyanın məqsədi odur ki, prosesləri öz nəzarətinə alsın. Elə Minsk Qrupunun timsalında, 30 ildir münaqişəni həll etməməsi də bundan irəli gəlir" deyir H.Pazarçı.

Oxunma sayı 1986