Şimali Kiprdə bəstələri ən çox satılan sənətçi

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Türk bəstəkar və müğənni Eliz Fellahoğlu ilə “Həftə içi“ndə söhbət

Şimali Kipr Türk Cümhuriyyətində yaşayan və fəaliyyət göstərən xanım sənətçi Eliz Fəllahoğlu kiçik, həm də siyasi mənada dünya birliyi tərəfindən tanınmayan ölkəsinin hüdudlarından kənarda o qədər də məşhur deyil. Amma bu balaca ölkədə onu çox sevirlər. O, hətta bir vaxtlar ölkəsini “Türkovizion“da da təmsil edib. Bütün bunlarla yanaşı Eliz xanımın sənətə yanaşması da tanıdığımız müğənnilərinkindən çox fərqlidir. Onunla qısa söhbətimizi oxucularımızın diqqətinə təqdim edirik.

- Necə oldu sənəti seçdiniz, müğənni oldunuz?
- Mən özüm əslən Şimali Kiprdənəm, 1980-ci il yanvar ayının 20-də bu ölkədə doğulmuşam, orta təhsilimi Gözəlyurdda tamamlayıb, Doğu Akdaniz Universitetində bakalavr dərəcəsini almışam. Təhsilə böyük marağım olmasına baxmayaraq, hələ orta məktəbdə oxuyanda sənətə, musiqiyə böyük marağım vardı. Bunu görən valideynlərim musiqi təhsili almağım üçün mənə dəstək verdilər. Beləliklə, 3 il gitara çalmağı və musiqi nəzəriyyəsini öyrəndim. Artıq 1995-ci ildə Gözəlyurd sənət dərnəyində həm orkestrdə, həm də hem xorda iştirak etməyə başladım.
- Hər bir sənətçinin onu sənətə həvəsləndirən bir pərəstiş mənbəyi olur, sizin səhnəyə gəlməyinizə kim kömək göstərib?
- Hə, əlbəttə, Kamal Dürüst kimi bir ustadım, sevimli müəllimim olub. Hansı ki, o, bu gün Şimali Kiprin təhsil, gənclik və idman naziri vəzifəsində oturub.
- Sənətdə daha çox hansı uğurlarınızla fəxr edirsiniz?
- 2003-cü il yaddaşıma qızıl hərflərlə həkk olunub. Mən məhz həmin il “Türkovizion“ mahnı yarışmasında Şimali Kipri təmsil etmişəm. Yeri gəlmişkən, onu da deyim ki, Türkiyəyə Şimali Kipr sənətçilərini o qədər də çox dəvət etmirlər.
- Eliz, indi müğənnilərin toylarda mahnı oxuyub, pul qazanmaları dəb halını alıb. Necə baxırsınız belə vəziyyətə?
- Şəxsən mən neçə ildir səhnədəyəm, bir dəfə də olsun toyda oxumamışam. Bacardığım qədər uzaq dayanmışam belə məclislərdən, amma ara-sıra xüsusi tədbirlərdə mahnılar ifa etmişəm.
- Amma etiraf edin ki, sənətini pul qazanmağa həsr edən barmaqarası müğənnilər hər ölkədə olduğu kimi, Şimali Kiprdə də var...
- Əlbəttə, var. Bilirsiniz, məncə sənətçi və müğənni məfhumları tamam fərqlidir. Bir çoxları əgər toylarda oxuyub, pul qazanmağa üstünlük verirlərsə, hətta buna görə özlərini öyürlərsə, onlar sadəcə müğənnidirlər, sənətçi yox, ona görə də bu halı normal qarşılamaq lazımdır. Sənətçilər isə istehsal edir və yaratdıqları, istehsal etdikləri məhsulla çıxır insanların qarşısına. Şəxsən mənə gəlincə, mən özümü müğənni yox, sənətçi hesab edirəm. Çünki ən azından 3 albom çıxarmışam. Allah qoysa dördüncüsünü də qış aylarında satışa çıxarmaq niyyətindəyəm. Artıq bu işə başlamışam, yəqin ki, bir neçə aya başa çatdıracağam.
- Uşaq yaşlarınızdan hansı böyük sənətçinin vurğunu olmusunuz?
- Selda Bağcanın...
- Onun ifasından çox sevdiyiniz bir mahnının bir neçə misrasını zümzümə edərsinizmi bizim üçün? Siz sözlərini yazın, biz onu musiqi kimi qəbul edərik...
- Onun bütün mahnılarını oxumaq istərdim:

Bəni, bəni unutma, bəni bəni unutma
Bir gün gəlir də unutulmuş insan
Ən sevdiği hatıraları bilə.
Barı sən hər gecə yorğun səsinlə...

- Seriallara çəkilmirsiniz? İndi bu bir növ dəbə düşüb, müğənnilər serial ulduzlarına çevriliblər...
- Təklif almamışam. Sonra da ki, seriala çəkilməyə oynayacağım rolun mahiyyətinə baxıb razılıq verərdim. Ola bilsin ki, gəncliyə dair bir serial çəkmək istəsələr, məmnuniyyətlə razılıq verərdim.
- Bir az əvvəl 3 albom çıxardığınızı, dördüncüsünün üzərində isə işlədiyinizi dediniz. Daha çox hansı janrda mahnılar yazdırırsınız? Repertuarınızda xarici mahnılara necə, yer verirsiniz?
- Mən pop-musiqisinin ifaçısıyam, nə yerli, nəinki xarici mahnıları oxumuram, heç yerli bəstəkarların yazdıqlarını da ifa etmirəm. Özüm bəstəkaram, yazıram və oxuyuram. Şükür olsun ki, mahnılarımdan narazılıq eşitməmişəm.
- Bu bəstəkar-müğənni üçün böyük uğurdur...
- Doğrudur. Qürurla deyə bilərəm ki, mən Şimali Kiprdə ən çox mahnı satan bəstəkarlardan biriyəm. Hətta radiolar mütəmadi olaraq mənim mahnılarımı səsləndirirlər.
- Maraqlıdır, Azərbaycan müğənnilərindən tanıdıqlarınız var?
- İradə İbrahimovanı yaxşı tanıyıram, onunla 2003-cü ildə “Türkovizion“da bir yerdə olmuşuq.
- Hə, deməli, İradə İbrahimovanı tanıdığınız üçün ən azından onun repertuarından bir azəri mahnısını söyləyə bilərsiniz...
- Konkret olaraq İradə xanımın mahnılarını bilmirəm, amma Azərbaycan musiqisindən xəbərsiz deyiləm. “Ayrılıq“ və “Arzu qızım“ mahnılarını sevə-sevə ifa edirəm.
- Niyə “Ayrılıq“, bu barədə danışmaq çox tez deyilmi?
- Ən əsası odur ki, mahnı olduqca gözəldir.
- Yeri gəlmişkən, hazırda İradə İbrahimova ilə əlaqəniz var?
- Çox təəssüf ki, yox, o vaxtdan bir dəfə də görməmişəm. Bu neçə ildə Azərbaycana səfər də etmədim ki, onunla görüşə bilim.
- Gələcək planlarınızdan nə deyərdiniz?
- Yaxın gələcəkdə Türkiyədə CD çıxarmaq kimi layihəm var. Özünüz bilirsiniz də indiki vaxtda yaxşı sponsor tapmadan belə layihəni reallaşdırmaq çətindir. İnşallah, sponsor tapsam, bu arzumu yerinə yetirəcəyəm.
- Gələcək albomlarınıza “Ayrılıq“, “Arzu qızım“ və sair azəri mahnılarını da salmaq fikriniz var?
-Hələ bu barədə konkret düşünməmişəm, amma prodüserim razılıq versə, niyə də olmasın?
- Eliz, bu qədər söhbətləşdik, amma şəxsi həyatınızdan heç nə soruşmadım...
- Ailə qurmamışam. Şəxsi həyatımı sənətə qurban verdiyimi fikirləşə bilərsiniz...
Vüsal Tağıbəyli