“Ermənistan-Azərbaycan münaqişəsinin ara-sıra alovlanması Rusiyaya sərf edir” – Türkiyəli politoloq

10:05 15.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın növbəti dəfə azərbaycan torpaqlarında təxribat törətməsi, insan ölümü ilə nəticələnən hücum həyata keçirməklə ölkəmizin sərhədlərini pozmağa cəzarət etməsi Qafqazda bütün dünyada müzakirə mövzusu olub. Amma çox təəssüf ki, bir neçə dost ölkə istisna olmaqla, hələ də dünya ictimaiyyəti, hətta bu münaqişənin həlli məsuliyyətini uzun illərdir öz üzərində daşıyan ATƏT-in Mİnsk Qrupu təcavüzkarı öz adı ilə çağırmır. Çünki o təcavüzkarın – Ermənistanın Azərbaycana, bəlkə də xristianların müsəlmanlara hücumunu elə Minsk Qrupunda təmsil olunan ölkələr – Rusiya, Fransa, ABŞ və daha neçə belə Qərb dövlətləri istəyirlər.  Hər halda, mövzudan uzaqlaşmayaraq, Ermənistanın son günlər Tovuz rayonu istiqamətində Azərbaycan torpaqlarına xain təxribatını türkiyəli politoloq, Siyasi, İqtiasdi və İctimai Araşdırmalar Vəqfinin (SETA) xarici siyasət üzrə uzmanı Məhmət Çağatay Gülərlə müzakirə edib, nəticəyə gəlməyə çalışdıq.

"Tovuz bölgəsinin seçilməsi həm coğrafi, həm də siyasi səbəblərlə bağlıdır. Coğrafi səbəbərə baxdıqda, ərazi dağlıq-təpəlik relyefə malikdir və hərbi mənada bu yaşayış məntəqələrini vurmağa əlverişli imkan yaradır. Özü də bu ərazidə baş verən ilk toqquşma deyil, hələ 2014-cü ildə burada yaşanan atışma nəticəsində çox sayda mülki şəxs yaralanmışdı. Ermənistan bu bölgəni Dağlıq Qarabağa alternativ - ikinci cəbhə olaraq görür. Digər yandan, bu bölgə strateji mövqe hesab olunur. Neft və qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də Azərbaycanı Gürcüstanla birləşdirən bütün komunikasiya xətləri məhz buradan keçməkdədir” deyən politoloq əlavə edir ki, hücum üçün Tovuzun seçilməsinin siyasi məqsədləri, rəsmi Bakının da qeyd etdiyi kimi, beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ münaqişəsindən ayırıb insanları çaşdırmaqdır.

Müsahibimiz bu fikirdədir ki, bütün deyilənləri nəzərə alaraq Ermənistanın Tovuz bölgəsində atəşkəsi pozması faktı təxribat olaraq qiymətləndirilməlidir. Çünki bu ərazinin nə coğrafi, nə də siyasi mənada Qarabağ bölgəsi ilə heç bir bağlılığı yoxdur.

Ermənistanın mütəmadi olaraq atəşkəsi pozamasını şərh edən cənab Gülər deyir ki, xüsusilə də Tovuzda baş verənlər Ermənistan hakimiyyətinin daxili siyasətdə başqatmaq niyyəti güddüyünü göstərir: " COVID-19 pandemiyası səbəbilə yaşadığı tibbi-iqtisadi çətinliklər rəsmi İrəvanın işini ağırlaşdırıb. Məhz Tovuz hadisələri kimi qarşıdurmalar yaratmaqla Ermənistan hakimiyyəti xalqın diqqətini dağıtmağa çalışır. Əlbəttə ki, Ermənistan hakimiyyəti bu addımı atarkən də Azərbaycanın erməni xalqının düşməni olduğunu, istənilən vaxt Azərbaycandan təhlükə gələ biləcəyini bildirməklə əhalini inandırır və guya qabaqlayıcı addımlar atmaqla bu təhlükəni sovuşdurduğunu deməklə özlərinin qəhrəman imicini yaratmağa çalışırlar. Bir sözlə, Ermənistan iqtidarı özlərinə sərf edən vaxtlarda Ermənistan xalqının millətçilik ruhuna arxalanır”.

Politoloq qeyd edir ki, toqquşmaların zaman-zaman təkrarlanmasının bir səbəbkarı daa məhz Rusiyadır. Çünki istər Ermənistan, istərsə də Azərbaycan Rusiya üçün strateji məna kəsb edir. Rusiya hər iki ölkəyə silah satır. Məsələn, bu gün Azərbaycan silah idxalının yarıdan çoxunu Rusiyadan almaqdadır. Bakının cəbbəxanasında kı Rusiya istehsallı silah-sursat – tanklar, zirehli döyüş maşınları və sair Moskvanın iqtisadi gücünə güc qatmaqla yanaşı, həm də siyasi üstünlük verir.

“Vəziyyət Ermənistan üçün də eynidir. Bu gün Rusiyanın Ermənistanda - paytaxt İrəvandan bir az aralıda – Gümrüdə iki hərbi bazası mövcuddur. Hazırda Ermənistanda Rusiyanın üç mindən çox hərbçisi var. Moskvada hesab edirlər ki, Ermənistandakı hərbi bazalar Rusiyanı Qafqazda və Yaxın Şərqdə əsas söz sahiblərindən birinə çevirir. Ermənistan isə Rusiya bazalarını Türkiyə və Azərbaycana qarşı təhlükəsizlik vasitəsi, eləcə də bundan istifadə edərək daha ucuz silah alma şansı olaraq görür. Ona görə də, Ermənistanın bölgədə tez-tez toqquşmalara yol açması hər iki ölkənin maraqlarına xidmət edir. Rusiya bu faktor əsasında bölgədə olduğunu açıq dillə xatırladır və əlindəki silah-sursatı satmaq üçün şans qazanır və sair”, - deyir politoloq Gülər.

Hə, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olması ilə, Rusiya həm də Qərbin Qafqaza girişini əngəlləyir. Müsahibimiz xatırladır ki, SSRİ dağılandan sonra NATO Azərbaycan və Ermənistan da daxil bir çox müstəqilliyini yenicə qazanan respublikalarla əlaqə qurmaq üşün Şimali Atlantika Əməkdaşlıq Şurası yaradıb və Rusiya bunu öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. NATO-nun ardıyla Avropa İttifaqının bölgə ölkələri ilə Avropa Qonşuluq Siyasəti adı altında strategiya hazırlaması da Rusiyanı qıcıqlandırıb və bütün bunlar münaqişənin uzun müddət davam etməsi ilə nəticələnib.

“Ermənistanın mövqeyinin tarixən düşmənçiliyə dayanan səbəbi də var. Münaqişə əslində 19-ci əsrdə Çar Rusiyasının Qarabağda həyata keçirdiyi siyasətdən qaynaqlanır. Ruslar məhz o zaman Qafqazda idarə ediləbilən cəmiyyət yaratmaq üçün erməniləri Qarabağda məskunlaşdırır. Bununla da 19-ci əsrin sonunda bölgədə yaşayan ermənilərin faizi 35-dən 50-yə yüksəlir. Yeri gəlmişkən, Rusiya eyni siyasəti günümüzdə də bir çox bölgədə həyata keçirməkdədir. Buna baxmayaraq biz deyirik ki, Qarabağ hər zaman türk torpağı olub və gələcəkdə də olacaq. Qeyd edim ki, Qarabağ SSRİ zamanında muxtar vahid olub, Sovet İttifaqı dağılmağa başlayanda isə bu bölgə daha geniş status tələb edib. Münaqişə də bu dövrdə başlayıb: Qarabağ erməniləri rəsmən Ermənistana birləşə bilmədiklərini görüb müstəqilliklərini elan ediblər. Səbəb isə bu olub ki, yüz ildən artıq davam edən etnik tərkib dəyişdirmə siyasəti nəticəsində, ermənilər Qarabağ əhalisinin dörddən üçünü təşkil ediblər. Bunu görən Ermənistan durmadan Qarabağ üzərində haqlarının olduğunu bildirməyə başlayıb və nəhayət 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq hüquqa zidd, Azərbaycanın torpaq bütünlüyünün pozulması yolu ilə iki il davam edən müharibə sonda – 1994-cü ildə atəşkəsin imzalanması ilə başa çatır. Ermənistan bu anadək həyata keçirdiyi etnik təmizləmə və qətliamlar yolu ilə 1 milyondan çox Azərbaycan türkünü ev-eşiyindən didərgin salır, minlərlə günahsız insanı qətlə yetirir və sair" deyən politoloq əlavə edir ki, rəsmi İrəvan ilk gündən zor gücünü, müharibəni əsas götürdüyü üçün bu gün dinc danışıqlar yolunu seçməsi mümkün deyil.

Cənab Gülər deyir ki, Ermənistan siyasi çözümü yaxın buraxmayaraq əldə etdiyi qazancları qoruma və bölgədəki varlığını sürdürməyə çalışır. Hesab edir ki, ancaq bu yolla “Böyük Ermənistan” xəyallarına doğri addımlaya bilər. Digər tərəfdən, onları siyasi çözümə məcbur edən şərtlər də mövcud deyil. Beynəlxalq ictimaiyyət bi problemi görmək istəmir və ona görə də Ermənistana heç bir lazımi embarqo tətbiq eləmir.

“Türkiyənin və türk millətinin mövqeyi belədir ki, Azərbaycanın torpaq bütünlüyü bərpa edilməlidir. Yalnız bu halda bölgədə sülh yarana və Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan əlaqələri normallaşa bilər. Bundan sonra isə ev-eşiyindən qovulmuş insanlar təkrar mülklərinə geri dönməli, xalqlar arasında bir-birinə etimad yaranmalıdır. Əks halda bölgədə qalıcı sabitlikdən danışmağa dəyməz” deyən Gülərə görə, Rusiya və Türkiyədən başqa digər ölkələr üçüncü tərəf olaraq bu məsələyə müdaxilə etməməlidirlər. Əslində münaqişənin ara-sıra alovlanması Rusiyaya sərf edir. Buna görə də zamanzaman Ermənistan və Azərbaycan arasında vasitəçi kimi görünür Moskva. Türkiyə isə bu məsələdə Azərbaycanın yanındadır və Ermənistanla münaqişə həll olunmadan heç bir əlaqə qurmayacağı fikrində qətidir. Beynəlxalq təşkilatlara gəlincə, onsuz da ATƏT-in nəzdində Minsk Qrupu deyilən bir format maraqlanır bu münaqişə ilə. Onlar da ki, Tovuzda baş verən hallar kimi qarşıdurmalar olduqda sadəcə tərfləri təmkinli olmağa çağırmaqla kifayətlənir və heç vaxt təcavüzkarı adı ilə çağırmır” deyir müsahibimiz.

Cənab Gülər deyir ki, Tovuzda baş verən toqquşmaları gələcəkdə çox görəcəyik: “Tovuzdakı məlum gərginlik azalsa da, iki ölkə arasında düşmənçilik, Dağlıq Qarabağdakı ixtilaf çözülmədiyi, xüsusilə də Azərbaycanın torpaq bütünlüyü bərpa olunmadığı müddətdə davam edəcək. Yəni Qarabağ “dondurulmuş münaqişə” xüsusiyyətini, Rusiya isə bölgədə maraqlarını maksimum qorumağa çalışacaq".

Oxunma sayı 4715