Ermənistan ekoloji terroru davam etdirir  

19:44 02.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Kür və Araz çayları respublikamızın əsas su arteriyası olub, ölkənin su ilə təchizatında mühüm yer tutur: "Respublikanın ərazisinin 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın transsərhəd çirklənməsi ekoloji gərginlik yaradır".

M.Əbdülhəsənov əlavə edib ki, Ermənistanın mədən sənayesi müəssisələrinin və böyük şəhərlərinin tullantı suları təmizlənmədən birbaşa çaylara axıdılır və transsərhəd çirklənmə nəticəsində su hövzələri çirklənməyə məruz qalır. Aparılan müşahidələr zamanı çirklənmə nəticəsində bu çayların suyunda mis, molibden, sink, fenol, qurğuşun, manqan və s. maddələrin qatılığı yol verilən normadan 10 dəfəyə qədər çox müşahidə olunur: "Hesab edirik ki, bu ölkədə mədən sənayesi üzrə layihələrin gələcəkdə də davam etdirilməsi region ölkələri olan İran və Azərbaycanın çaylarını daha da çox çirkləndirməklə yanaşı, ümumilikdə regionda ətraf mühitin vəziyyətinə ciddi təhdidlər yaradacaq. Ermənistan tərəfindən transsərhəd çayların çirkləndirilməsi vəziyyətini öyrənmək üçün Araz çayı üzərində müasir avadanlıqlarla təchiz edilmiş analitik laboratoriya fəaliyyət göstərir və vəziyyət müvafiq qurumların daimi nəzarətində saxlanılır".

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki konvesiyasını ratifikasiya edib. Lakin Ermənistanın bu konvensiyaya qoşulmaması qeyd olunan məsələlərin regional və çoxtərəfli formatda həllini mümkünsüz edir. Eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılması su ehtiyatlarından istifadədə problemlər yaradır.

M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik su obyektləri böyük antropogen təsirlərə məruz qalır: "Bu ərazilərdə irili-xırdalı şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb. Ermənilərin işğal altında saxladığı torpaqlarda 10 su anbarı, o cümlədən su tutumu 560 milyon kubmetr olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir. İşğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarından ekoloji təzyiq vasitəsi kimi istifadə edilir. Məhz bütün bunları nəzərə alaraq, 2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) faktaraşdırıcı missiyası ölkəmizdə olub və Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı AŞ PA tərəfindən 2016-cı ilin 26 yanvar tarixində 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə yaranmış vacib humanitar problemi nəzərə alaraq, Assambleya Ermənistan hakimiyyətini bu ölkənin silahli qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi və su ehtiyatlarının siyasi təsir və ya təzyiq aləti kimi münaqişənin yalnız bir tərəfinin xeyrinə istifadə edilməsinin dayandırılmasına çağırıb".

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. Mütəxəssislər tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə ətraf mühitə və təbii sərvətlərə

vurulmuş ziyanın miqdarı təqribən 265,3 milyard dollar həcmindədir. Məsələn,

ölkənin ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərində qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yer alan məlumata görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilmişdi. Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 40,4 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3 /gün yeraltı şirin su, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3 /gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar olunmuşdu.

Bundan başqa, işğal olunmuş ərazilərdə təkcə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, hazırda praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırki vəziyyəti barədə məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı erməni işğalçılarının tapdağı altındadır.

Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağ ərazisində yerləşən Sərsəng su anbarından təzyiq vasitəsi kimi də istifadə edir. 560 milyon m3 tutumu olan bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə və yaşayış məntəqələrinə buraxılır və nəticədə isti yay mövsümündə bu ərazidə kəskin su qıtlığı yaranır. Yaşayış məntəqələri, kənd təsərrüffati sahələri və kommunikasiya xətləri qışda su altında qalır. Yayda isə insanlar su qıtlığına məruz qalır və səhralaşma nəticəsində torpağın deqradasiyası müşahidə olunur.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, bu problemin yeganə həlli torpaqlarımızın erməni işğalçılarından azad edilməsindədir: "Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək lazımdır ki, bu məsələyə birdəfəlik son qoyulsun. Bu məsələ ilə bağlı beynəlxalq və Avropa məhkəmələrinə müraciət də olunsa, yenə Ermənistan qazanacaq. Qərar çıxarılacaq ki, onların tullantını atmağa yeri yoxdu. Ona görə də çaya tullayırlar. Çünki onlar digər konvensiyalara qoşulmayıblar. Elə o səbəbdən də istədiklərini edirlər. Azərbaycan da Ermənistanla bağlı heç yerə şikayət edə bilmir. Yeganə yol Ermənistanı darmadağın edib torpaqlarımızı azad etməkdir”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.