Ermənistan Njdenin heyfini Qriboyedovla çıxır - TƏHLİL

12:41 03.12.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edilib. “RİA Novosti” xəbər verir ki, Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan abidənin üzərinə qırmızı rəng töküb.

Bu barədə Şaqen Arutunyan özünün “Facebook”dakı səhifəsində yazıb və orada şəkil yerləşdirib: “Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”. Ermənistanın hüquq-mühafizə orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyib. Qeyd edək ki, Şaqen Arutunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladırıq ki, daha əvvəl Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində faşist cəlladı, Njde kimi tanınan Garegin Ter-Harutyunyana qoyulmuş xatirə lövhəsi sökülmüşdü.

Qeyd edək ki, bir neçə aydan sonra Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi təntənəli şəkildə qeyd olunacaq. Artıq bununla bağlı keçmiş Sovet İttifaqı ölkələrində ciddi hazırlıq işlərinə start verilib. Belə bir ərəfədə keçmiş ittifaq dövlətlərindən olan Ermənistanda faşizm ideologiyasına simpatiyanın təzahürü sayılan Qaregin Njdeyə qarşı dövlət səviyyəsində loyal münasibət heç də birmənalı qarşılanmır. Başda Rusiya və Azərbaycan olmaqla Urmənistan hökuməti faşizm, radikal millətçilik ideologiyasına dövlət səviyyəsində dəstək verildiyinə görə, Ermənistan hökumətini açıq şəkildə sərt tənqid edir.

Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı zamanı bu məsələni xüsusilə qabartdı:  

"Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur".

Azərbaycan Prezidentinin Ermənistan hakimyyətinin iç üzünü açan məlum çıxışından sonra Rusiyada da Njdenin "şərəfinə" qoyulmuş xatirə lövhəsinin götürülməsi üçün geniş hərəkat başladıldı.

Nəticədə Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi söküldü. Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Nasist havadarının xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşdə qanını tökmüş insanların xatirəsinin təhqir olunması kimi qəbul edilirdi. Njde müharibə zamanı həm də arxa cəbhədə strateji obyektlərdə, o cümlədən dəmir yollarında partlayışlar törətməyə qadir diversantların hazırlanması ilə məşğul idi. Bir sözlə, müasir beynəlxalq hüquq dilində desək, o, beynəlxalq terrorçu olub. Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı.

Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

Bu məsələ Rusiya mətbuatında hələ də geniş müzakirə edilməkdədir. Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin üzvü, deputat Leonid Kalaşnikovun sözlərinə görə, Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı Rusiyanın Baş Prokurorluğu və yerli orqanlara müraciət etmişdi:

"Bilirəm ki, bu məsələnin həlli ilə bağlı yerli fəallar və deputatlar aktiv iş görübər. Onların əksəriyyəti gənclərdir. Njde cinayətkardır. O öz dövlətinə və xalqına qarşı faşist xüsusi xidmət orqanlarının yardımı ilə mübarizə aparıb. Biz Rusiya ərazisində belə bir adama qoyulmuş xatirə lövhəsinin sökülməsinə nail olduq. Qeyd etməliyəm ki, Dövlət Dumasında bu məsələ ilə bağlı məni hamı dəstəklədi. Mənim üçün bu lövhənin götürülməsinə nail olmaq şərəf məsələsi idi. Biz tezliklə Böyük Vətən Müharibəsində qələbənin 75 illiyini qeyd edəcəyik. Azərbaycanın bu qələbəyə töhfəsini qiymətləndirmək çox çətindir. Bakı nefti olmadan biz qalib gələ bilməzdik".

Armavirdə faşist ideoloquna qoyulmuş xatirə lövhəsi sökülsə də, Ermənistanda Njdenin abidəsi hələ də qalmaqdadır. İrəvandakı siyasi dairələrin bu məsələdəki mövqeyi bir daha onların hansı siyasi ideologiyaya və xəttə xidmət etdiyini göstərir. Qriboyedovun heykəlinə qarşı münasibət isə artıq şərhə yer qoymur.

Oxunma sayı 70
Siyasət rubrikasından digər xəbərlər