Ermənistanda Amulsar böhranı: xalqla hakimiyyət üz-üzə və ya sonda kim udacaq?

14:13 11.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ermənistandakı Amulsar qızıl mədəni ətrafında siyasi xaos davam edir. Bir sözlə, qızıl mədəni mövzusunda ara qarışıb, məzhəb itib. Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub.

Hafta.az erməni mediasına istinadla bildirir ki, siyasi hakimiyyət Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir.  Müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri bununla razılaşmır. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir.  Yəni, Amulsar qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir.

Bu arada onu da qeyd edək ki, “Global Justice Now and War on Want” təşkilatının məlumatına əsasən, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı Lydian International şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkət lehinə qərar alması ilə nəticələnmişdi. Sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində Amulsar qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır.

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında, Paşinyan hökumətinin Lydian şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun, ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirmişdi.

Hələ avqustun ortasında Ermənistanın İstintaq Komitəsi yatağın işlənməsinin ətraf mühitə ziyan vurmadığı haqda ekspertiza rəyini dərc etmişdi. Baş nazir o zaman bir saatdan çox çıxış edərək Amulsar  yatağının Ermənistan üçün misilsiz ekoloji standartlara əsasən istismar ediləcəyini vəd etmişdi.

Amma ekoloqlar və yaxınlıqdakı qəsəbələrin sakinlərimədənin istismarının qadağan edilməsi uğrunda mübarizəni dayandırmayıblar. İş orasındadır ki, qızıl hasil etmək üçün ildə təxminən 100 ton natrium sianid istifadə olunacaq. Mədənin işlənməsinin əleyhinə olanlar hesab edirlər ki, məsələnin aşkar siyasi konteksti var. Onlar ehtimal edirlər ki, hökumət yatağın işlənməsi üçün lisenziya əldə edən şirkətlə məhkəmə çəkişmələrindən canını qurtarmaq üçün ekoloji problemlərə göz yumur.

Sentyabrın 9-da baş nazir Ermənistanın bu regionunun sakinlərini təmkinə dəvət edib. Paşinyan onların hamısından, xüsusən də Cermuk kurort şəhərinin sakinlərindən xahiş edib ki, Amulsara gedən yolu açsınlar. O öz mövqeyini belə izah edib: mədənin istismarı üçün lisenziya əldə edən “Lidian” şirkəti inşaat işlərini 2020-ci ilin aprelindən tez bərpa edə bilməyəcək.  Odur ki, yatağın yerləşdiyi əraziyə gedib-gəlişə mane olmaq üçün səbəb yoxdur. Yatağın istismarına gəlincə, bu sahədə işlər 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində başlaya bilər.

Bununla yanaşı, “Lidian” şirkətinə mədənin istismarı üçün lisenziya verməklə ölkə öz üzərinə öhdəliklər götürüb və indi öz nüfuzuna xələl gətirmədən onları yerinə yetirməkdən boyun qaçıra bilməz. Nikol Paşinyan deyib ki, o, həm ölkənin narahat sakinlərinin, həm də ölkənin beynəlxalq iqtisadi təşkilatlarda müsbət imicinin qorunmasının vacibliyindən danışan iqtisadçıların fikri ilə eyni dərəcədə hesablaşır.

 

Bundan başqa baş nazir bildirir ki, insanların etiraz etməsinə lüzum yoxdur, çünki onun hökuməti heç bir korrupsiya sözvdələşməsinə getmir, ölkənin və sakinlərin gələcəyindən narahatdır. Onun əsas fikri ondan ibarət idi ki, hökumət Amulsar mədəninin işlənməsini qadağan edə bilməz: “Amma bununla yanaşı, biz cəmiyyətin narahatlığını da nəzərə almaya bilmərik”.

Bununla əlaqədar olaraq, baş nazirin sözlərinə görə, Ermənistan hökuməti mütəmadi şəkildə Amulsar yatağının ərazisində aparılan bütün işlərin monitorinqini aparacağını vəd edir. Bunun üçün Ətraf Mühit Nazirliyi 2020-ci ilin mayına doğru mədənin istismarı zamanı bütün pozuntuları üzə çıxarmağa imkan verəcək müvafiq avadanlıq almaq niyyətindədir. “Lidian” şirkəti də həmin vaxta qədər mədən ərazisində işləri davam etdirməyəcək deyə, hökumətin tələsməyi üçün səbəb yoxdur.

Paşinyan nə təkilf edir?

Ermənistanın baş naziri yaranmış vəziyyəti nə cürsə həll etmək üçün bir sıra təkliflər səsləndirib. İlkin olaraq o, Cermuk sakinlərindən xahiş edib ki, Amulsara gedən yolları açsınlar. Onlar 2018-ci il inqilabından sonra bu yolu ölkənin yeni hökumətinin onları dəstəkləyəcəyi və yatağın işlənməsini qadağan edəcəyi ümidi ilə kəsiblər:  “Mən rəsmi şəkildə Cermuk sakinlərindən xahiş edirəm ki, mədənə gedən yolları açsınlar. Təkrar edirəm. Xahiş edirəm, yolu açın. Yeni istintaq qrupu yaradılıb, nəinki mövcud faktlar yoxlanılacaq, həmçinin yenilər də araşdırılacaq”.

Ekoloqlar necə reaksiya verib?

Paşinyanın arqumentləri yenə də ekoloqları və SaveAmulsar hərəkatının fəallarını inandırmayıb. Ekoloq Şirak Buniatyan Amulsar mədəninin istismarı ehtimalı ilə bağlı baş nazir Nikol Paşinyana artıq cavab verib. Facebook sosial şəbəkəsindəki səhifəsində o, yazıb ki, Amulsara gedən yol yalnız iki halda açıla bilər: “Ya hökumət erməni xalqının bir il əvvəl verdiyi sarsılmaz qərarı qəbul edəcək, ya da hakimiyyət öz sələflərinin metodlarını tətbiq edəcək. Amma əvvəlkilərin bu qüsurlu təcrübəsinə əl atılsa, inqilabın reytinqi qətl ediləcək. Amulsar bizim vətənimizdir, nöqtə”.

Hökumət nümayəndələrinin reaksiyası

Paşinyanın bəyanatına ı ilk reaksiya verənlərdən biri də Ermənistanın ən varlı şəxslərindən biri, Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan olub. Onun sözlərinə görə, Amulsar yatağının taleyini xalq həll etməlidir. Üstəlik o, özü şəxsən mədənin istismarına qarşı etiraz aksiyalarına çıxaraq, insanlara qoşulmağa hazırdır: “Xalqı eşitmək lazımdır. Əgər onun razılığı olsa, mədəni açmaq olar. Əgər bu razılıq olmasa, qoy işlədilməsin. Xalq orada yaşayır və yaşayacaq. Onun fikrini necə nəzərə almamaq olar?”

Sosial şəbəkələrdə nə yazırlar?

Amulsar mədəninin işlənməsi məsələsi Facebook-un Ermənistan seqmentində artıq uzun müddətdir ki, ən çox müzakirə olunan mövzudur. Sosial şəbəkə istifadəçiləri iki lagerə bölünüb: biri Amulsarın işlənməsinin tam əleyhinədir, digəri isə tamamilə Paşinyanın fikrinə etimad edir və hesab edir ki, “o bilən məsləhətdir”.

Bəzi şərhləri təqdim edirik:

“Öz manipulyasiyanıza son qoyun! Turizm sahəsi bizə Lidiandan əldə ediləcək 10 faizdən daha çox pul gətirə bilər!”

“Əhalinin böyük hissəsi bunun əleyhinədir!”

“Biz inqilabın ikinci mərhələsinə belə keçirik?”

 

 Bir az da Amulsar mədəni haqda

Amulsar mədəni Ermənistanın böyüklüyünə görə ikinci qızıl mədənidir. Bu mədən Cermuk kurort şəhərinin 13 kilometrliyində, Arpa və Vototan çayları arasında yerləşir.yataq 31 ton filiz və 40 ton təmiz qızıldan ibarətdir. “Lydian Armenia” qızıl mədənini 2005-ci ildə kəşf edib. 2012-ci ilə qədər şirkət investor axtarıb və mədənin işlənməsi proqramını hazırlayıb. O cümlədən də 2012-ci ildə “Lydian Armenia” və Ermənistan hökuməti yatağın işlənməsi haqda saziş imzalayıblar, şirkət mədənin istismarı hüququnu alıb. Mədənin işllənməsinə qarşı etirazlar 2011-ci ildə başlayıb. Bu etirazlarda ətraf yaşayış məntəqələrinin sakinləri və ekoloqlar iştirak edib. Onlar hesab edirlər ki, qızıl hasilatı Cermuk şəhərinin, Sevan gölünün və bəzi çayların vəziyyətinə mənfi təsir göstərə bilər. O zaman həmçinin “Cermuk mədən olmayacaq” təşəbbüsü də olmuşdu. Təşəbbüsdə deyilirdi: “Cermuk və Cermuk gənclərinin gələcəyini korlamağa imkan verməyəcəyik”.

2012-ci ildə mədənin işlənməsinə qarşı imza toplanmağa başlayıb. Fəallar dəfələrlə yatağa gedən yolları kəsib, ağır texnikanın işinə mane olublar. 2018-ci ildə isə onlar qızıl hasilatının dayandırılmasına nail olublar.

Amulsar yatağı niyə belə vacibdir?

Amulsar yatağının istismar hüququnu “Lydian” şirkəti alıb. O, işğalçı Ermənistan tarixində ən böyük investisiya paketinə malikdir. Atruktur 325 milyon dollarlıq rəqəm açıqlayıb. Ehtimal olunurdu ki, ilkin mərhələdə, yəni inşaat işlərinə 1300 nəfər cəlb olunacaq, istismar müddətində isə 770 nəfər işlə təmin ediləcək. “Lydian” şirkəti dövlət büdcəsinə 50 milyon dollar ödəmə ilə Ermənistanın ən iri beş vergi ödəyicisi sırasına daxil olmağı nəzərdə tutub. İxrac göstəriciləri isə ilkin hesablamalara görə, ildə 286 milyon dollara çata bilər.

Siyasət rubrikasından digər xəbərlər