“Ermənistanda azərbaycanlılara qarşı açıq nifrət aşılanır” - Prezidentin köməkçisi

14:53 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Strategiyanı oxuduqca Ermənistanda azərbaycanafobiya aydın sezilir. Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır”.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bildirib.

Prezidentin köməkçisi deyib ki, strategiyada Azərbaycan tərəfindən guya ermənilərə qarşı həyata keçirilmiş uydurma qırğınlardan danışılır.

“Sənəddə Gəncə Qandzak adlandırılır. Azərbaycanlılara qarşı soyqırımı və vəhşiliklər törətmiş, Ermənistanda və işğal edilmiş ərazilərdə Azərbaycan irsini məhv edən və toponimlərini dəyişdirən bir ölkənin bu iddiaları əsl riyakarlıqdır.

Sənəddə deyilir ki, Ermənistan cəmiyyətində zorakılıq və ksenofobiyaya yer yoxdur. Əslində isə Ermənistan öz ərazisindən, eləcə də işğal etdiyi torpaqlardan 1 milyondan çox azərbaycanlını zorakılıqla qovmuşdur. Ermənistan məscidləri, tarixi abidələri, qəbirləri dağıdan bir ölkədir. Ksenofobiyanın həddi o səviyyədədir ki, Yerevandakı Göy məscid, Şuşadakı Yuxarı Gövhər ağa məscidlərinin arxitektur xüsusiyyətləri və mahiyyəti dəyişdirilir və İran abidələri kimi qələmə verilir. Ermənistanda böyük Azərbaycan şairi aşıq Ələsgərin qəbri dağıdılmışdır. Ermənistanın keçmiş prezidenti 2003-cü ildə Avropanın mərkəzində qeyd etmişdir ki, “ermənilərlə azərbaycanlılar etnik cəhətdən uyğunsuzdur.

Sənəddə qeyd olunur ki, ermənilər 20-ci əsrin ilk “soyqırımı”nın qurbanlarıdır və Ermənistan beynəlxalq səviyyədə soyqırımının qarşısının alınması mövzusuna xüsusi diqqət verir. Bu da növbəti bir yalandır. Ermənistan özü 20-ci əsrin sonunda Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmişdir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Oxunma sayı 977