Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir

15:20 15.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir. 

Hafta.az azertac-a istinadla xəbər verir ki, avqustun 15-də Amulsar qızıl mədənində aparılan işlərin ətraf mühitə zərərli təsirinə etiraz edən ölkə vətəndaşları Yerevandakı hökumət binasının qarşısına toplaşıblar. Nazirlər Kabinetinin iclasının davam etdiyi bir vaxtda onlar öz nümayəndələrinin içəri buraxılmasını tələb ediblər. Əraziyə cəlb olunan polislərlə aksiya iştirakçıları arasında gərginlik meydana gəlib.

Etirazçılar bəyan ediblər ki, hökumətin guya Livan şirkətinin ekspertləri tərəfindən bu qızıl yataqlarının ekoloji cəhətdən zərərsiz olması barədə bəyanatı tamamilə yalandır və ictimai rəyin manipulyasiya olunmasına yönəldilib. Onların sözlərinə görə, Ermənistanın İstintaq Komitəsi ekspert rəyindən yalnız özü üçün sərfəli olan maddələri açıqlayıb. Ekoloq Anna Şahnazaryan bildirib ki, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərtib olunmayıb və qızıl yataqların işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. O, müstəqil ekspertlər tərəfindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb.

Polis hökumət binasına zorla daxil olmaq istəyən aksiya iştirakçılarının qarşısını alıb və bildirib ki, bu ərazi xüsusi mühafizə olunan obyektdir. Hazırda qanun keşikçiləri ilə etirazçılar arasında qarşıdurmanın davam etdiyi bildirilir.