Ermənistanın Azərbaycana qarşı təxribatı ABŞ mediasında işıqlandırılıb

10:14 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə əlaqədar Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ABŞ-ın aparıcı media orqanlarında pres reliz yayıb.

Səfirlikdən hafta.az-a verilən məlumata görə, həmin press reliz "Yahoo Finance" ("Armenia kills Azerbaijani civilians, initiates another military escalation") və digər nüfuzlu xəbər portallarında "Ermənistan Azərbaycan mülki əhalisini öldürür, hərbi eskalasiyaya səbəb olur" başlığı ilə dərc edilib.

Məqalədə deyilir: "27 sentyabr 2020-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini bir daha açıq şəkildə pozmuş və mülki əhalinin məskunlaşdığı yerlərin, həmçinin təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrinə qarşı kütləvi artilleriya atəşinə başlamışdır.

Azərbaycan kəndlərinin bombalanması nəticəsində bir sıra mülki şəxs həlak olmuş, bir çoxu yaralanmışdır. Yaşayış yerlərinə və mülki infrastruktura ciddi ziyan dəymişdir. İndiyə qədər 19 mülki şəxs yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Azərbaycanın Naftalan rayonunda yalnız bir evin atəşə tutulması nəticəsində uşaqlar da daxil olmaqla bir ailənin bütün üzvləri Ermənistan qüvvələri tərəfindən qətlə yetirilmişdir.

Ermənistanın sonuncu təxribatları 12-14 iyul tarixlərində beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində Azərbaycana qarşı törədilmiş və Azərbaycan tərəfinin general mayorumu və 76 yaşlı mülki vətəndaşını itirdiyi hücumların davamıdır.

BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi. Rusiyadan silahların kütləvi şəkildə Ermənistana daşınmasının son aylarda intensivləşməsi açıq müharibə hazırlığının göstəricisi idi. Bununla yanaşı, cari sülh prosesini açıq şəkildə rədd edən və daha çox ərazilərin işğalına səsləyən Ermənistan baş naziri Paşinyanın və müdafiə naziri Tonoyanın müharibəyə çağıran bəyanatları Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi danışıqlar prosesinə ciddi zərbə vurmuşdur. Bu xüsusda Prezident Əliyevin Ermənistanın davamlı hərbi təxribatları barədə BMT-dəki xəbərdarlığı Ermənistanın az sonra mülki azərbaycanlılara qarşı hücumu etməsi ilə öz təsdiqini tapmışdır.

Döyüşlərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın beynəlxalq suveren ərazilərində aparılmasının dərk edilməsi olduqca vacibdir. Prezident Əliyev tərəfindən qeyd edildiyi kimi, iyulda sərhəd boyunca hücuma keçən Ermənistandan fərqli olaraq, Azərbaycanın Ermənistan Respublikasının ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan hər zaman hər iki ölkənin firavan gələcəyi naminə müfəssəl və nəticələrə yönəlmiş danışıqları dəstəkləmişdir.

Biz dünya ictimaiyyətini Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilə bilinməyəcəyini və qəbuledilməzliyini Ermənistana izah etməyə çağırırıq.

Ümid edirik ki, regionumzda davamlı sülh qalib gələcək".

Oxunma sayı 549