Ermənistanın yeni sahibi - Soros və ondan tapşırıq alan küçə siyasətçisi Paşinyan - TƏHLİL

18:58 02.08.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı Ermənistanın indiki hakimiyyəti barədə səsləndirdiyi fikirlər hələ də istər işğalçı ölkənin siyasi dairələri, istərsə də Paşinyan rejiminin antirusiya fəaliyyətindən ciddi şəkildə narahat olan Moskvada geniş müzakirə edilməkdədir. Dövlət başçısı çıxışı zamanı bildirmişdi ki, heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub:

«Aydın məsələdir ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistan qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi.

Bir də ki, Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çıxış!”, haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti!

Əlbəttə, indi müxtəlif riyakar addımlarla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur».

Azərbaycan Prezidentinin bu çıxışının ardından Rusiyada yaşayan erməni əsilli jurnalist Marqarita Simonyan özünün Telegram kanalında Paşinyan hökumətini Rusiyaya xəyanətdə, bəzi Qərb QHT-ləri vasitəsi ilə rusfobiyanın genişlənməsində ittiham etdi. Qeyd edək ki, bu ittihamlar Paşinyan hökuməti tərəfindən çox ağrılı qarşılandı. Nəticədə isə, Paşinyana xidmət edən KİV-lər erməni əsilli jurnalistə qarşı hücuma keçdilər. Paşinyan Ermənistanda Soros Fondu və digər rəngli inqilabların müəllifləri olan QHT-lərin fəaliyyətinə ondan əvvəl icazə verildiyini əsas gətirərək məsuliyyətdən və ittihamlardan yayınmaq istəsə də, bu o dərəcədə effektli alınmadı. Çünki məhz həmin QHT-lərin dəstəyi və təbliğatı ilə küçə siyasətçisi baş nazir postuna yiyələnib. Məhz son iki ildə Ermənistan hökumətində Soros Fondunun yetirmələri ən mühüm postları tutaraq iqtisadiyyat, maliyyə, ədliyyə, xarici siyasət və dövlət təhlükəsizliyinə nəzarət edirlər.

Rusiya mətbuatında da Paşinyanın məhz Sorosun təsiri ilə Moskvaya qarşı siyasət yürütməsi barədə açıq danışırlar. Bildirilir ki, Rusiyanın özündə də bəzi qərbyönlü QHT-lər fəaliyyət göstərir. Lakin Soros və onun əlaltıları bu ölkədən çoxdan qovulub. Paşinyanın rəhbərlik etdyi Ermənistanda isə nə bu istiqamətdə bir qanun qəbul edilib, nə də həmin QHT-lərə qarşı hansısa addım atılır. Nəticədə isə Sorosa Ermənistan hökumətinin rıçaqlarını əlində tutmağa heç kim mane ola bilmir. 

Hazırkı Ermənistan hökumətində Rusiyaya simpatiya ilə yanaşan heç kim qalmayıb. Parlamentdə rusiyayönümlüyü ilə seçilən «Çiçəklənən Ermənistan» fraksiyasının rəhbəri Qaqik Sarukyana qarşı isə iyun ayında cinayət işi açılıb və deputat toxunulmazlığı ləğv edilib.

Paşinyanın Soros Fondu tərəfindən açıq şəkildə dəstəkləndiyini Ermənistandakı həmin QHT-lərin təmsilçiləri də bəyan edirlər. Bu ilin yanvarında keçirilən mətbuat konfransında «Açıq Cəmiyyət - Ermənistan» Fondunun rəhbəri Larisa Minasyan bildirmişdi ki, onlara qarşı aparılan təbliğatın yalnız bir məqsədi var. Dəstək verdikləri inqilabın hüsrana uğraması və qisas alınması:

«Lakin Soros Fondu Paşinyan hökumətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bizə qarşı çıxış edənlər Sorosa böhtan atır, onun təmiz adını, bizim işimizin başlıca məqsədini ləkələməyə çalışırlar».

Bu məqamda Corc Sorosun böyük səs-küy yaradan, onun əsl mənəviyyatını ortaya qoyan, lakin nədənsə «unudulmuş müsahibəsi»ni xatırlatmaq yerinə düşər. Bu görüntülərdə çıxışı zamanı Sorosun mənəviyyatsızlığı, müharibə vaxtı yəhudilərin mal-mülkünü əllərindən alınmasında fəal iştirakını günah saymaması onun necə qeyri-insani xüsusiyyətlərə malik olduğunu bir daha nümayiş etdirir. Corc Sorosun "Unudulmuş müsahibə"sindən bəzi məqamları sizə təqdim edirik:

- Son iki ildə sizi İndoneziya, Malayziya, Tailand və Yaponiyada baş verən maliyyə böhranlarında ittiham edirlər..
- Və Rusiyada...

- Yuxarıda adlarını çəkdiyimiz ölkələrdə sizin nə qədər təsir imkanlarınız var?
- Məni nədə ittiham etmirlər? Əslində mən pul qazanıram. Mən bunun nəticələrinə baxmıram və baxmayacağam. Mən səhvsiz addım atmaq istəyirəm, ancaq bəzən mənim addımlarımın, Rusiyada olduğu kimi, neqativ nəticələri də olur. Mən bazarın oyunçusu kimi rəqabət aparmalıyam ki, qələbə qazanım. Mən insan olaraq yaşadığım cəmiyyət üçün çox narahatam.

- Mən indi hansı Corc Sorosla söhbət edirəm, mənəviyyatlı, yoxsa mənəviyyatsız?
- Mənəviyyatsız addımlar atıram və bəzən mənəviyyatlı da oluram. Bunu mən də etsəm, başqası da etsə nəticə eynidir. Mən özümü günahkar saymıram, çünki mən özündə heç bir günahı hiss etməyən mənəviyyatsız olmağa məhkum olunmuşam.

- Siz macarıstanlı yəhudisiniz və özünüzü xristian kimi qələmə verib Xolokost qırğınından qaçmısınız.
- Düzdür.

- O da düzdür ki, sizin xristian olduğunuzu hər kəsə and içərək bəyan edən himayəçinizlə birlidə yəhudilərin mülkünün ələ keçirilməsində işrirak etmisiniz?
- Elədir ki, var

- Bu, çətin deyildi ki?
- Yox, əsla yox.

- Heç bir günahkarlıq hissi yox idi?
- Yox. İronik səslənsə də, bu da bazar kimi bir şey idi. Mən orada olmasa idim belə, bu hadisələr baş verəcəkdi. Vacib deyil ki, mən orada idim, ya yox. Yəhudilərin mal-mülkünün müsadirə olunmasında birbaşa iştirak etdiyim üçün günah işlətdiyimi də düşünmürəm.

Bəli, pul qazanmağı, hətta öz xalqına divan tutulmasında iştirakdan utanmayan Sorosun budur əsl mənəviyyatı. Buna görə də bu gün Sororun Ermənistana təyin etdirdiyi hakimiyyətin də mənəviyyatsız, vandal və vəhşi davranışında təəccüblü nə isə axtarmaq əbəsdir.

Yenidən qayıdaq Paşinyanın Rusiya ilə bağlı mövqeyinə.

Soros Fondunun təsiri ilə Paşinyanın Rusiya əleyhinə atdığı addımlar ictimai rəydə də özünü büruzə verməkdədir.

"Qafqaz barometri - 2019" araşdırma mərkəzinin aparığı rəy sorğusunun nəticələrinə görə, Ermənistan əhalisi arasında Rusiyaya dost ölkə statusu qismində baxanların sayı durmadan azalmaqdadır. Rəy sorğusunun nəticələrinə əsasən, 57 faiz Ermənistan vətəndaşı Rusiyanı ölkəsinin dostu hesab edir. Göstərici yüksək olsa da, əvvəlki illərlə müqayisədə çox aşağı düşüb. Əgər 2013-cü ildə bu rəqəm 83 faiz idisə, 2017-ci ildə 63 faizə qədər geriləyib. Rəy sorğusu 21 fevral-15 mart tarixləri arasında 1491 respondent arasında aparılıb.

Rusiyalı politoloq İqor Korotçenkonun sözlərinə görə, Ermənistan baş naziri məhdud şəkildə variantlarla Rusiyaya təzyiq imkanları axtarıb tapmağa çalışır. Onlardan biri də Rusiya ilə bağlılığı olan Ermənistan vətəndaşlarını təqib etməkdir. O, Tovuz döyüşləri ərəfəsində Paşinyanın KTMT-yə müraciətinə də toxunub. Bildirib ki, Paşinyan hakimiyyətə gələn kimi təşkilatın baş katibi erməni olan Yuri Xaçaturova qarşı cinayət işi açdı. Bu addım Moskva ilə heç bir müzakirə aparılmadan atıldı. Baş katibə qarşı cinayət işinin açılması həm təşkilatın nüfuzuna, həm də Rusiya ilə KTMT-nin avtoritetinə endirilən zərbə idi: «Paşinyanın Rusiya ilə heç bir bağlılığı yoxdur. O, Qərbin layihəsidir. Onun fəaliyyəti sonda Ermənistanda siyasi böhranla nəticələnəcək. Artıq ölkədə 1937-ci ilin ruhuna uyğun olaraq baş nazirə qarşı müxaliət yaratmağa çalışan bütün siyasi fiqurların ovlanması və təqibi həyata keçirilir. Cəbhədə təxribatlar isə əhalinin diqqətini baş nazirin qeyri-effektiv idarəetmə metodlarından yayındırmaq üçün yaxşı fürsətdir. Xalq onu devirməyə hazırlaşanda Paşinyan yenidən əsas narazılığı xarici düşmənə doğru istiqamətləndirməyə çalışacaq. Bu texnologiya hələ üçüncü Reyxin zamanında çox yaxşı işlənib hazırlanıb».

Bəli, Paşinyanın yarıtmaz siyasəti nəticəsində Ermənistan əhalisi düşdüyü acınacaqlı durumdan çıxa bilmir. Baş nazirə qarşı artan narazılıqların fonunda cəbhədə təxribatların törədilməsi Ermənistanın iqtisadi inkişafının yalnız Dağlıq Qarabağ münaqişəsinin konstruktiv həllindən asılı olduğunu çox yaxşı anlayan Nikol Paşinyan üçün erməni xalqının üzləşdiyi çətinliklərin heç bir əhəmiyyət daşımadığını ortaya qoydu. Əslində yuxarıda qeyd etdiyimiz kim burada təəccüblü bir şey yoxdur. Çünki Paşinyan vaxtilə öz xalqını talayan Sorosun layihəsidir. Ağasının cızdığı yolla irəliləyir.   

Mövcud vəziyyət isə Azərbaycanın lehinə işləyir. Belə bir durumda əsas fikirləşməli olan qüvvələr KTMT və Rusiyadır. Tovuzdakı təxribatlarla onları oyuna gətirməyə çalışan və birbaşa Sorosdan tapşırıq alan Paşinyana qarşı hansı mövqeni nümayiş etdirəcəklərini isə zaman göstərəcək.

Oxunma sayı 5215
Siyasət rubrikasından digər xəbərlər